Xəbər verdiyimiz kimi, mərhum şahmatçı Vüqar Həşimovun atası, polkovnik Qasım Həşimov dəfn olunub. Onun II Fəxri Xiyabanda torpağa tapşırılması ilə bağlı xəbər sosial şəbəkələrdə geniş müzakirə və mübahisələrə səbəb olub. Bəzi istifadəçilər qeyd ediblər ki, Fəxri Xiyabanda adi adamlar deyil, tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, şəhidlər və b. dəfn edilir.
Bəs, Vüqar Həşimovun atası doğrudanmı II Fəxri Xiyabanda dəfn edilib? Əgər belədirsə, o zaman bu barədə qərar hansı mülahizə ilə qəbul olunub?
Məsələ ilə bağlı Bakı şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti ilə əlaqə saxladıq. Qurubdan BTV-yə bildirildi ki, Qasım Həşimov İkinci Fəxri Xiyabanda deyil, 2-ci ümumşəhər qəbirstanlığında dəfn olunub.
Qeyd edək ki, Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. O, yanvarın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.