Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə
Bakupost.az -a FHN Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 2 nəfər sağ çıxarılaraq xilas edilib.
Novxanıda partlayış baş verən evdə xəsarət alanlar mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.
***
Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə bu gün saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
TƏBİB-dən Bakupost/az-a verilən xəbərə görə, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.
Hadisə nəticəsində 1-i qadın, 1-i kişi olmaqla xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.