Ru
10:27 / 23 Oktyabr 2024

Xadimə, pişik, deputat.. - Şərif Ağayarın yazısı

Xadimə, pişik, deputat.. - Şərif Ağayarın yazısı
8842

Şərif Ağayar


Rasim Qaracanın gözəl bir şeiri var, deyir:

İlahi, bir səbəb sal

dodağı qaçsın
mətbəxdə qab yuyan qadının...

Bayaq işə gələndə gördüm bizim xadimə qaş-qabaqlı mətbəxdə su doldurur. Bu misraları xatırladım. İstədim zarafatlaşıb könlünü açım.

Dedim, bizim bu pişik var a, dünən gəlib iclasa çıxmışdı, səhnədə elə fırlanırdı, elə bil prezident sığalladığı pişikdir.

Qadın partlamazmı!

Sən demə bizim ərköyün pişik səhər pilləkənləri zibilləyibmiş, xadimə buna görə dilxormuş.

Danışdı-hirsləndi, hirsləndi-danışdı, hikkəsindən az qala ağladı, axırda da dedi:

– Xəstəlik tapacam bu çərdəymişin əlindən!

Əlim üzümdə qaldı. Özüm özümə dedim: “Allah kəssin sənin ürək açmağını!”

Amma yenə həyasızlığımdan qalmadım, zarafatı davam etdirib vəziyyəti heç olmasa başlanğıca qaytarmaq istədim:

– Söz verirəm, gələn həftə iclasda o pişiyin məsələsini qaldıracam!

Qadın ah çəkdi, dedi, iclaslarda da yatırsınız, danışırsınız ki!

Dedim, anam, siz dediyiniz parlamentdir, bizim iclaslarda...

Sözümü kəsdi, "Nə fərqiniz var!" – deyib vedrəni götürdü və getdi.

Xanımın kefini açmaq cəhənnəm, özüm dilxor oldum, götürüb deputat dostuma zəng vurdum, dedim, nə qədər sizə görə üzümüzə söz gələcək, özünüzü yığışdırın də?

Dedi, müəllim, səhər-səhər nə olub?

Dedim, nə olacaq, parlamentdə yatırsınız, dannanan da biz oluruq.

Dedi, a kişi, mən son seçkilərdən bəri yuxusuzluqdan əziyyət çəkirəm, nəinki gündüz parlamentdə, heç gecə evdə də yata bilmirəm.

Və şaqqanaq çəkib ləzzətlə güldü.

Beləcə, bütün söhbət siyasiləşdi və ara yerdə dodağı qaçanın dodağı qaçdı.

Gərək həyatda elə mövqe tutasan ki, hər şeydən xoşbəxt ola biləsən.

Pişiyin pilləkəni batırmasından belə...


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar