Ru
12:20 / 25 May 2024

Xatirə Fərəclinin yeni kitabı təqdim olundu - FOTO

9464
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda AYB-də multikultural məsələlər üzrə məsul şəxs, tanınmış şair Xatirə Fərəclinin ingilis dilində yeni nəşr olunan “ PAIN AND JOY OF MY SOUL” (“Ruhumun ağrısı və sevinci”) adlı kitab-almanaxının təqdimatı keçirilib.

Bakupost.az xəbər verir ki, Xatirə Fərəcli kitab haqqında iştirakçılara geniş məlumat verib. O, bildiriB ki, “Mədəni İnkişafın Təbliği” İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Dünyada biz” layihəsi çərçivəsində beynəlxalq aləmdə Azərbaycanımızın, mədəniyyətimizin, ədəbiyyatımızın, irsimizin tanıdılması məqsədi ilə işıq üzü görən 111 səhifəlik kitab-almanaxda 100-dən artıq şeiri toplanıb.

Kitabın rəssamı Zahir Məlikli, tərcüməçilər İan Pert, Kamran Nəzirli, Ülviyyə Şaqavatova, redaktoru isə Samira Şaqavatovadır.

Layihə əsasında ingilis dilinə tərcümə olunan bu ilk kitab-almanax yaxın vaxtlarda davamlı olaraq başqa müəlliflərin də kitablarının tərcüməsinə bir cığır açacaq.

Tərcüməçilərdən İan Pert çıxışında qeyd ediB ki, könülləri oxşayan şeirləri tərcümə edərkən Azərbaycanın təbiətinə və insanlarına sevgisi daha da artıb. Şeirlərdə bədii ifadələrlə təsvir olunan təbiətin gözəllikləri, insanların sevgisi üstünlük təşkil edir. Azərbaycan və Belarus Yazıçılar Birliyinin üzvü, yazıçı-tərcüməçi Kamran Nəzirli və tərcüməçi Ülviyyə Şaqavatova istedadlı şair Xatirə Fərəclinin qələmə aldığı şeirlərdə dərin poetik düşüncələrin gözəlliyinə məftunluqdan, heyranlıqdan danışaraq onu poeziya dünyasının sakini adlandırdı.

Çıxış edənlərdən AYB-nin kadrlar şöbəsinin rəisi Arifə Əliyeva, Azərbaycan Milli Konservatoriyasında Humanitar fənnlər kafedrasının müdiri Firudin Qurbansoy, pedaqogika üzrə fəlsəfə doktoru Mehriban Həsənova - Abdullayeva, şair və yazıçılardan Yusif Nəğməkar, Hikmət Məlikzadə, Xəqani Abbasəli, Giya Paçxataşvili, Fəxrəddin Teyyub, Yaqoob Üsuli, Arzu Nehrəmli, Pəri Muradova, Esmira Günəş, Əzizə Ağahüseynqızı, Elza Gülməmmədova, Zərəngiz Mansurova, Lalə Muxtarova, tanınmış jurnalistlərdən Aygün Hacıyeva, “Dövlət və Qanun” qəzetinin redaktoru Yasəmən Möhübbətqızı, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva, bədii qiraətçi Cəbrayıl Qənbər müəllifi təbrik edərək kitab-almanaxın böyük maraqla qarşılandığını söyləyiblər. Kitabın ingilisdilli insanlar arasında sevilə-sevilə oxunacağını və ədəbiyyatımızla daha yaxından tanışlığa vasitə olacağını ifadə ediblər.

Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyi sədrinin baş müşaviri Rauf Aslanov, Yəhudi Media Mərkəzinin direktoru, Yəhudi Dini İcmasının həmtəsisçisi Nəsimi Əbilov, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov, şairlərdən İbrahim Yusifzadə, Sədi Yaradanqulu, Bayram Aşıqlı və başqaları iştirak ediblər.

Çağdaş Azərbaycan ədəbiyyatında yeniliyə imza atan və ingilisdilli oxucular üçün nəzərdə tutulan Xatirə Fərəclinin seçilmiş seirlərindən ibarət olan kitab-almanax kitabxanalara da paylanılacaq.

Azərbaycanın Müstəqillik günü ərəfəsində Xatirə Fərəclinin ingilis dilində “ PAIN AND JOY OF MY SOUL” (“Ruhumun ağrısı və sevinci”) adlı kitab – almanaxın təqdimatından sonra xatirə şəkilləri çəkilib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar