Ru
13:48 / 07 Oktyabr 2024

Yox olmaq, yoxsa böyümək? - Media seçim qarşısında

679

Elçin Zahiroğlu

Jurnalist



Əvvəlcə rayonlardakı mədəniyyət və təhsil şöbələri ləğv edilərək regional idarələr yaradıldı. Daha sonra iqtisadi rayonlar formalaşdırılmağa başladı və bu proses davam edir. İndi isə bələdiyyələr birləşdirilir. Bu ilin dekabrında keçiriləcək seçkilərdə əhali sayı az olan kəndlərin bələdiyyələri birləşdiriləcək. Uşaq sayı az olan siniflər də birləşdirilir, şagirdi az olan məktəblər isə bağlanır və qonşu məktəblərə köçürülür.



Bu islahatların keyfiyyət göstəricilərinin əsaslı şəkildə yaxşılaşdırılmasına, peşəkarlığın artırılmasına, vətəndaşların hüquq və qanuni mənafelərinin təmin edilməsinə xidmət etdiyi bildirilir.


Belə görünür ki, bu dalğa tezliklə xəbər saytlarına da çatacaq. Oxucu sayını sürətlə itirən saytlar bu barədə indidən düşünməli, qəzetlərin aqibətini yaşamamaq üçün resurslarını birləşdirmək və konsolidasiya təşəbbüsü ilə çıxış etməlidirlər. Onsuz da əvvəl-axır tirajı az olan, bir-iki nəfərlik saytlar ya maliyyə yardımlarından məhrum olacaq, ya da himayədarları tərəfindən tərk ediləcək.


Əlbəttə, mətbuat orqanlarının çoxluğu söz azadlığı və dövlətin imici baxımından müsbət haldır, amma gərək bu çoxluq özünü doğrultsun. Təəssüf ki, dövlətin yardımları belə, saytların mövqeyini möhkəmlədə, qəddini düzəldə bilmir. Çünki getdikcə xərclər və oxucu tələbləri artır. Əvvəllər bir redaktor, iki-üç jurnalist və iki nəfərlik adminlə redaksiya formalaşdırmaq mümkün idi. İndi isə yaradıcı heyətlə yanaşı, sosial şəbəkə hesablarını idarə edən mütəxəssislər, video kontent hazırlayan komanda və süni intellektlə düzgün işləmək bacarığı olan əməkdaşlar da tələb olunur. Üstəlik, hazırda qurumlar PR xidmətlərini tender yolu ilə alır. Sənin tenderlərdə iştirak edən, bu işləri bacaran mühasiblərin olmalıdır.


Bu proses inkişaf etmiş ölkələrdə də müşahidə edilir.




Məsələn, ABŞ-da yerli xəbər saytlarının və qəzetlərin sayı son illərdə əhəmiyyətli dərəcədə azalıb. “Pew Research Center”in məlumatına görə, son onillikdə ölkədə təxminən 2 000 qəzet bağlanıb və ya birləşdirilib.
Böyük Britaniyada regional qəzetlər və media şirkətləri maliyyə çətinlikləri ilə üzləşir. Nəticədə, onlar böyük media holdinqlər tərəfindən alınır və birləşdirilir.

Fransada da medianın konsolidasiyası artmaqdadır. Regional qəzetlərin çoxu ya bağlanır, ya da birləşərək fəaliyyətlərini davam etdirir.

İspaniyada bölgə qəzetləri və yerli xəbər saytları böyük media şirkətləri tərəfindən birləşdirilir.

Almaniyada bir çox kiçik və regional qəzetlər rəqəmsal texnologiyaların təzyiqi altında ya bağlanır, ya da resurslarını birləşdirir.

İtaliyada media müxtəlif siyasi qüvvələr tərəfindən dəstəklənir və siyasi təzyiqlərlə üzləşir. Bununla belə, ölkədə müstəqil medianın bir hissəsi güclü olaraq qalır, amma burada da media konsolidasiyası müşahidə edilir.

Eyni hal İsveç, Norveç və Danimarka kimi ölkələrdə də müşahidə edilir. Bu ölkələrdə bir çox kiçik xəbər orqanları böyük media şirkətləri tərəfindən alınır və mərkəzləşdirilir. Bu, mətbuatın müstəqilliyi ilə bağlı narahatlıqlar yaratsa da, iqtisadi səbəblərdən birləşmələr qaçılmaz görünür.

Ümumilikdə, Avropanın media bazarı ciddi dəyişikliklər yaşayır. Ənənəvi media qurumları rəqəmsal texnologiyaların və sosial medianın təzyiqi altında ya birləşmək, ya da rəqəmsal formatlara keçmək məcburiyyətindədir.

Dünya informasiya sistemində gedən bu proseslərin təbii şəkildə baş verdiyini və ya söz azadlığını məhdudlaşdırmaq istəyən qüvvələr tərəfindən idarə edildiyini ayırd etmək çətindir. Real mənzərə budur ki, iqtisadiyyatda olduğu kimi təhsil, mədəniyyət və informasiya sahəsində də kiçiklər rahat yaşaya bilmir, böyüklər tərəfindən udulur…


Yəni, məcburiyyət mərhələsinə çatmadan, optimal yolu seçməliyik.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar