Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:04 / 20 Oktyabr 2023

Xərçəng, infarkt, cinsi problemlər... - Elektron siqaretlər qadağan olunacaq? - Araşdırma

23507
Son zamanlar ölkədə elektron siqaretdən istifadə edənlərin sayı xeyli artıb. Xüsusən də bu siqaretlərdən istifadə edənlər arasında xanımlar və yeniyetmələr üstünlük təşkil edir. Tələbata uyğun olaraq sözügedən siqaretlərin satış nöqtələrində də artım müşahidə edilir. Köşklərlə yanaşı, iri ticarət mərkəzlərində, mollarda elektron siqaret satışına rast gəlinir. Həmçinin bu vasitələrin sosial şəbəkələrdə də təbliği və satışı həyata keçirilir.


Bəziləri elə düşünürlər ki, elektron siqaretlər ənənəvi siqaretlər qədər zərərli deyil. Bunu hətta siqareti tərgitməyin ən səmərəli üsulu kimi qəbul edənlər də var. Elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onun tərkibinə mütləq nikotin daxil edir və nəticədə elektron siqaretlər də sağlamlıq üçün eyni dərəcədə təhlükəli olur.





Amerikalı alimlər müəyyən ediblər ki, elektron siqaretlərə əlavə edilən nanə və mentol insan orqanizmində ciddi xəstəliklərə səbəb olur. Müşahidələrə görə, elektron siqaretlərdə olan pulegon kimyəvi maddəsi insanda xərçəng yaradır. Bu maddənin tərkibində nanədən alınan yağ var. Həmin yağ əvvəllər konfet və saqqıza əlavə edilirdi. Amma bir il əvvəl ABŞ Qida məhsullarına və dərman vasitələrinə sanitar nəzarət idarəsi tərəfindən onun istifadəsi qadağan edilib. Maddənin qadağan edilməsinə səbəb isə tərkibində orqanizm üçün xərçəng riski yaradan vasitə olmasıdır.
Kopenhagen Universitetinin alimləri də elektron siqaretin orqanizmə zərərli təsirini sübut ediblər. Araşdırmalar göstərib ki, bu siqaretlər ağciyər xəstəliklərini artırır, damarlarda tromb yaradaraq, ürək-damar xəstəliklərinə, cinsi problemlərə, həmçinin ürək tutması, insult, stenokardiyaya səbəb olur.






Həkim terapevt Gülzar Məmmədovanın sözlərinə görə, elektron siqaretin buxarı tənəffüs yollarını və ağciyərlərin selikli qişasını sıradan çıxarır:


“Elektron siqaret çəkmək o demək deyil ki, sağlamlığa zərər dəymir. Elektron siqaretin zərərli tərəfləri heç də adi siqaretdən az deyil. Siqaretin insan orqanizmi üçün ən təhlükəli tərəfi onun tərkibindəki minlərlə kimyəvi maddənin, ən təhlükəli isə qətranın olmasıdır. Həkimlər də ən əsas buna görə insanlara siqaretdən imtina etməyi məsləhət görür. Siqaret aludəçiləri isə çıxış yolunu elektron siqaretdən istifadədə görürlər. Amma yanılırlar, siqaretin tərkibində olanlar demək olar ki, elektron siqretdə də mövcuddur, buxar halına gətirilən nikotin, xüsusi bitki yağları, toksik maddələr və.s. Bunlar insan sağlamlığı üçün birbaşa təhlükədir. Adi siqaretdən fərqli olaraq elektron siqaretdə nikotin maye şəklində olur. Elektron siqaret içindəki spiral batareyanın köməyi ilə isinir. İstifadə zamanı onu çəkən insan tütün tüstüsü ilə deyil, tütün buxarı ilə nəfəs alır. Nəticədə nikotin insan orqanizminə daha tez sorulur və müxtəlif xəstəliklərə gətirib çıxarır. Elektron siqaretlərin mayelərinin içərisində olan konsertləndirilmiş maddələr tənəffüs sisteminə ciddi təsir edir”.


Həkim bildirib ki, elektron siqaretlər heç də düşünüldüyü kimi siqareti tərgitməyə kömək etmir. Bu, sadəcə əvəzedicidir və siqaret şirkətlərinin reklam siyasəti üçün vasitədir:

“Siqaretdən imtina edə bilnəyənlər sağlamlığa daha az zərər verəcək alternativ axtarırlar. Elektron siqaret məhz həmin insanları əldə etmək üçün kəşf olunub. Onun tərkibindəki nikotin siqareti əvəz edir, amma asılılığı aradan qaldırmır. Asılı adam yenə də çəkməyə davam edir və atdığı zaman eyni hissləri yaşayır. Tütün çəkənlərdə asılılıq yaradan maddə nikotindir. Nikotin elektron siqaretdə də var. Şirkətlər deyirlər ki, elektron siqaretdə istifadə olunan və sıfırla işarələnən mayenin içərisində nikotin yoxdur. Ancaq sıfır nömrəli elektron siqaret üçün nəzərdə tutulan mayenin də içərisində nikotin var. Siqaret çəkməyi dayandırıb elektron siqaretə keçənlər artıq tütün məhsullarına ehtiyac olmadığını bildirirlər. Ona görə ki, həmin o asılılıq yaradan tütünün içərisində olan nikotini elektron siqaretdə də qəbul edir və düşünürlər ki, artıq siqaret asılılıqları keçib”.




Gülzar Məmmədovanın dediyinə görə, elektron siqaretin tənəffüs yollarına zərbə vurduğu mütəxəssislər tərəfindən təsdiq olunub. Yağ qızdıqda meydana gələn zərərli maddələr tənəffüs yollarının divarlarına daha da pis təsir edir:


“Ənənəvi siqaret barədə illərdir ki, araşdırmalar gedir. Onun hansı xəstəliklər yaratdığı təsdiq olunub. Elektron siqaretlər yeni dövriyyəyə çıxdığı üçün onun orqanizmə vurduğu zərərlər barədə məlumatlar bir qədər azdır. Mütəxəssislər bildirirlər ki, insanların elektron siqareti zərərsiz hesab etməsi çox yanlışdır. Ondan istifadə ürəyə ciddi təsir edir. Ürək döyüntülərini artırır, hətta infarkta səbəb olur. Elektron siqaretlərin onkoloji xəstəliklər yaratmaq riski də var. Diş ətinə və dişə təsiri adi siqaretdən az deyil. Elektron siqaret tənəffüs sistemini qıcıqlandırır, ağciyərlərə təhlükə törədir. Ona görə də ondan mümkün olduğu qədər uzaq durmaq lazımdır .Unutmaq olmaz ki, istənilən yad cismin, ağciyərin tanış olmadığı zərərli tüstünün tənəffüs yollarına getməsi zamanla patologiyalara gətirib çıxarır. Bəzi insanlar elektron siqaretdən istifadə edib düşünürlər ki, daha az zərər görəcəklər. Amma, təəssüf ki, belə deyil. İstər adi siqaret, istərsə də elektron siqaret təsirini dərhal göstərmir. Zamanla zərərləri və orqanizmə vurduğu fəsadlar ortaya çıxır. Elektron siqaretin istifadə tarixi artdıqca, onların həqiqətən də ciddi əlavə təsirlərinin olması artıq üzə çıxmağa başlayır”.





Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, əsasən, gənc və orta nəslin maraq göstərdiyi elektron siqaretlərin kanserogen effekti adi siqaretdən geri qalmır:

“Bəzi insanlar elektron siqaretlərin zərərsiz olduğunu bəhanə edərək, ondan istifadə edirlər. Əslində isə bu, bəzilərinin uydurduğu yalandır. Çünki bu siqaretin tərkibindəki süni, aromatik maddələr həm birbaşa, həm də buxar şəklində nəfəs yoluna daxil olur. Bu da insan sağlamlığı üçün çox ziyandır. Bu səbəbdən elektron siqaretlərin istifadəsindən çəkinmək lazımdır. Təəssüflər olsun ki, son vaxtlar elektron siqaretlər bəzi insanların əlində biznesə çevrildi. Hesab edirəm ki, biz genofondu qorumaq istiqamətində işlər görməliyik. Ümumdünya Səhiyyə Təşkilatı onun ziyanını sübuta yetiribsə və bununla bağlı rəylər ortadadırsa, biz də bəzi ölkələr kimi ondan imtina etməliyik. Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı tövsiyələrinə qulaq asmalıyıq. Ölkədə elektron siqaretlərin ziyanlı olması ilə bağlı təbliğat işləri aparılmalı və onun ölkəyə gətirilməsi qadağan olunmalıdır. Bu zərərli vərdişdən insanlar əl çəkməlidirlər”.


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də elektron siqaretin insan orqanizmi üçün zərəri ilə bağlı xəbərdarlıq edib. Onun tütün məhsulu kimi insan orqanizminə zərərli olduğu bildirilib:

“Elektron siqaretdən istifadə zamanı qəbul edilən nikotin ürək-damar sistemi, ağciyər xəstəlikləri və digər problemlərin yaranmasına səbəb olur. Bu, eləcə də ağız boşluğunda bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır. Yeniyetmə və gənclərdə beynin inkişafına mənfi təsir göstərir. Orqanizmdə maddələr mübadiləsinin pozulmasına zəmin yaradır. Sağlamlığınızı qorumaq üçün tütün məhsullarından və elektron siqaretlərdən uzaq durun”.






Qeyd edək ki, dünyanın bir sıra ölkələrində - Rusiya, Litva, Ukrayna, Qazaxıstan, Meksika, Avstraliyada elektron siqaretdən istifadə qadağan olunub. Bu siqaretlər üçün nəzərdə tutulan tərkibində kofein və ya taurin, enerji və impuls ilə əlaqəli stimullaşdırıcı birləşmələr olan mayeli katriclərin idxalı da qadağandır.


Bəs Azərbaycanda necə, insan sağlamlığı üçün ciddi təhlükə yaradan elektron siqaretlərin gətirilməsi və satışı qadağan oluna bilər?





Millət vəkili Rüfət Quliyev hesab edir ki, elektron siqaretdən istifadə etmək ən azı adi siqaret qədər təhlükəlidir:


“Elektron siqaretin ziyanını təbii ki, bilirik, lakin qadağalar qoymaq problemin həlli deyil. Qadağan olunan hər şey daim insanlara maraqlı olub. Bu, təbiətin qanunudur. Düşünürəm ki, belə məsələlərdə maarifləndirmə işləri aparılmalıdır. Bizim bunun üçün kifayət qədər imkanlarımız var. Televiziya və saytlar təşviqat aparmaq üçün çox gözəl məkanlardır. Bu informasiya mənbələrindən lazımlı qaydada istifadə etməliyik”.

Millət vəkilinin sözlərinə görə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi tütün istehsalına qarşı yönəlimiş bir tədbir deyil:

“Bu, sadəcə tütün istehlakçılarının sağlamlığının qorunmasına xidmət edən bir qanun layihəsidir. Tütün istehsalı dünya iqtisadiyyatının ayrılmaz bir hissəsidir. Ancaq istehlakçıları da qorumaq lazımdır. Biz əsasən, təbliğatla məşğul olmalıyıq ki, tütündən istifadə edənlərin sayı azalsın”.


Rüfət Quliyev qeyd edib ki, "Tütün məmulatları haqqında" qanunun 15.5-ci maddəsinə əsasən, təhsil, tərbiyə, səhiyyə müəssisələrinin, mədəniyyət obyektlərinin yaxınlığında tütün məmulatlarının satışına icazə verilmir.


"Reklam haqqında" qanunda isə bu daha sərt formadadır. Təhsil və mədəniyyət obyektlərinin 100-metrədək yaxınlığında heç bir tütün məhsulunun reklamına icazə vermir. Buna qarşı İnzibati Xətalar Məcəlləsinin 36.2 maddəsi ilə cərimə də nəzərdə tutulub. Göründüyü kimi, qanunda buna qarşı qəti qadağa və cərimələr də var. Əgər qanunun müvafiq tələblərinə əməl edilmirsə, qanunu pozanlar cəzalandırılmalıdır. Çünki, qanun alidir. Hər kəs qanunun tələbinə əməl etməlidir".





Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, rəhbəri olduğu birlik elektron siqaretlər çıxandan bəri birmənalı şəkildə bunun əleyhinə olub. İlk dəfə Yaponiyada istehsal edilən və dünya ölkələrinə ixrac olunan, son olaraq Çində, ABŞ-da istehsalı davam etdirilən bu siqaretlər çox təhlükəlidir. Elektron siqaretlərin təhlükəsi heç də tütündən az deyil. Çünki, bu siqaretlərdə istifadə edilən yağların mənşəyi və tərkibi bəlli deyil. Elektron siqaretlər hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də sertifikatlaşdırılmayıb. Ümumiyyətlə, siqaret ərzaq malı hesab olunur. Elektron siqaretlər isə nə siqaret deyil, nə də elektron mal. Əgər siqaret olsaydı, ona aksiz markası şamil olunardı və dövlət qurumları tərəfindən nəzarət edilərdi. Tütün məmulatlarının reklamı qadağan olduğu halda, bu siqaretlərin satışı ilə məşğul olan şirkətlər külli miqdarda bukletlər yayırlar, sosial şəbəkələrdə və saytlarda özlərinin reklamı ilə məşğul olurlar. Çünki tütün məmulatı deyil:


“Çox təəssüf ki, müvafiq qurumlar bunlarla mübarizə aparmırlar. Biz AİB olaraq əhaliyə bu siqaretlərdən uzaq durmaları barədə çağırış edirik. Çünki, elektron siqaretlər heç də əsl siqaretlərdən az zərərli deyil”.


E.Hüseynov vurğulayıb ki, bu yolla siqaret asılılığından qurtulmaq mümkün deyil:


"Siqaret çəkmək məişət narkomaniyasıdır. Ondan qurtulmaq üçün isə sadəcə olaraq, iradə lazımdır. Elektron cihazın istifadəsi, ilk növbədə, psixoloji faktora dayanır. Bununla da vərdişin xəyali ziyansızlığını dərk edərək insanlar bir çox hallarda ondan adi papirosa nisbətən daha çox istifadə etməyə başlayır. Orqanizmin, demək olar ki, fasiləsiz olaraq nikotin və daşıyıcının tərkibinə daxil olan digər maddələrlə təmin olunması ona ciddi ziyan vurur. Nəticədə qan dövranı, sinir sistemi, damarlar, böyrək, qara ciyər əziyyət çəkir. İnsan orqanizminin elektron siqaretə reaksiyası adi siqaretə olduğu kimidir və ondan istifadə zamanı nəfəsə oksidativ stress və xərçəng yaradan birləşmələr gedir. Həmin birləşmələr adi siqaretlərdə olandan az olsa da, xəstəliyi yaratmağa yetərlidir”.

Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar