Ru
14:46 / 24 Sentyabr 2024

Xoşbəxtlik haqqında gülünc məsləhətlər...

892

Cəlil Cavanşir


Hər şeyin əlçatan göründüyü, hər şeyi bacara biləcəyimizi düşündüyümüz qəribə bir dövrdə yaşayırıq. Sosial şəbəkələr, motivasiya vidioları, özünüinkişaf kitabları, kouçlar, psixoloqlar cəmiyyəti kobud desək "zibilə salıb". Bizi inandırmağa çalışırlar ki, eyni zamanda idman edə, əzələli və möhkəm bədənə sahib ola, marafon qaça, çoxuşaqlı ailəyə baxa, 12 saat işləyə bilərik.

Sosial şəbəkələrdəki videoları yadınıza salın: şıq geyimli bir nəfər sizə necə yaşayacağınızı izah edir. Erkən qalx, idman elə, dietanı unutma, dərinə qulluğu və saçlarını daramağı yaddan çıxarma. Üzündə daima təbəssüm, əlində bir termos şəkərsiz amerikano olsun. Gileylənmə, deyinmə, problemlərdən danışma... Sonra 9 saat işlə və qazandığın "sərvətlə" romantik münasibətlərinə də vaxt ayır. Xeyirdən-şərdən qalma. Kinoya, operaya, teatra, sirkə get, səfərə çıx.

Reallıq isə səni daim əzir: 9 saat iş, gündə minimum 2 saat tıxac. Ev təmizlə, paltar yu, əlavə işlər üçün çabalala, revmatizmayla, bipolyarla, panik atakla, savaş. Dieta əvəzinə gününü ayaqüstü atışdırmalıqlarla yola ver...

Dörd tərəfimiz "mükəmməl" insanlarla doludur. Hamının uğur hekayəsi var. Hamı dərs keçir, hamı nümunəvidir. Sanki hamı Barak Obamanın seçki şüarını hayqırır: Yes We Can.

Sosial şəbəkələr doludur uğurlu adamlarla.

Bəs mən niyə bacarmıram? Əminəm ki, bu sualı tez-tez özünüzə verirsiniz.

Bu sualı özünüzə verirsinizsə, siz medalyonun digər üzüsünüz. Daim narahat, gərgin, yorğun, qaça-qaçda. Bu aydan digər aya sürünürsünüz. Həyatınızda hər şey alt-üstdür. Borclar, kreditlər, ipotekalar və daha nələr...

Ən yaxşı halda telefonda film izləyib, yaxınlıqdakı parka səyahət edirsiniz. Tıxaclarda xoşbəxtlik haqqında xəyallar qurursunuz. Dost-tanışdan borc istəməkdən üzünüzün suyu gedib...

Hə...Reallıq budur, əzizlərim.

Motivasiya kitablarının, “necə xoşbəxt olmaq olar” mövzulu videoların faydasızlığının empirik sübutları var. Bu kitablardakı və videolardakı vədlərin kiçik bir hissəsi belə həyata keçmiş olsaydı, bu gün dünya ucsuz-bucaqsız xoşbəxtliyə qərq olardı. Bunun mümkün olmadığını bilirik və görürük. Deməli, dünya xoşbəxtlik haqqında yazılmış saysız-hesabsız faydasız kitablarla, xoşbəxtliyin yolunu göstərməyə çalışan məzmunsuz və mahiyyətsiz videolarla, fırıldaqçı motivator, kouç və psixoloqlarla doludur.

Xoşbəxt olmağın yollarını bilmək, xoşbəxtlik axtarışında əsla işə yaramır. Xoşbəxt olmaq üçün bu biliklərə ehtiyacımız yoxdur.

Xoşbəxtlik axtarışında olan bir insan üçün: “Səhərlər yüksək əhval-ruhiyyə, pozitiv enerji ilə yuxudan qalxın. Üzünüzdə təbəssüm olsun” məsləhətindən gülünc nə ola bilər?

Guya bu məsləhət olmasa biz yuxudan göz yaşı, panik-atak, depressiya və ya şiddətli revmatizma ağrıları ilə oyanmağı düşünürük?

Şübhəsiz ki, bu cür məsləhətlər bizə xoşbəxt olmaqla bağlı heç bir informasiya vermir. Etməli olduğumuz işləri bilməyimiz, bu bilgilərimizin faydalı olması mənasına gəlmir. Siqaretin və alkaqolun ziyanını bilən on minlərlə siqaret və içki aludəçisi var. Siqaret və alkaqolun ziyanını bilmək məni asılılıqdan xilas etmir. Gündə iki qutu siqaretimi çəkirəm və mütəmadi olaraq sərxoş olmaq üçün içirəm.

Mən qəbul etmişəm ki, xoşbəxtliyə çatmaq üçün birbaşa yollar mövcud deyil.

Hər insana xoşbəxtliyə çatmaq üçün münasib bələdçilər lazımdır. İnanın ki, xoşbəxtliyə gedən cığır dardır və hətta bir insana kifayət edəcək qədər rahat deyil. Biz bir-birimizdən o qədər çox fərqlənirik ki, Arizonada bir həftəlik tətildən narazı qalmağımız, Antalya sahillərindən əhvalımız pozulmuş halda qayıtmağımız mümkündür.

Deməli, başqalarını xoşbəxt edə biləcək detallar, bizim ovqatımızı korlaya, kefimizi poza bilər. Hamı eyni şeylərlə, eyni yolla xoşbəxt ola bilmədiyi üçün, ümumi yazılmış kitablar, hamıya xitab edən videolar faydasızdır. Bəzən başqalarına məsləhət verəndə bunu nəzərə almırıq.

Məsələn mən xoşbəxtlik haqqında düşünmürəm. Xoşbəxt olmaq üçün çabalamıram. Daha ciddi qayğılarım var. Nümunəvi olmağa, sağlam yaşamağa çalışmıram. Psixaloji və fiziki xəstəliklərim var və bunlar məni narahat etmir. Ziyanlı vərdişlərim var və qəfil xərçəngə, QİÇS-ə, hepatitə tutulacağım umrumda deyil.

Daim sağlam, mükəmməl, uğurlu, qüvvətli olmağa məcbur deyiləm.

Xoşbəxt olmağa məcbur deyiləm.

Siz də məcbur deyilsiniz. Ona görə də xoşbəxt görünən insanları dinləməyə, izləməyə, onların formulları ilə yaşamağa özünüzü məcbur etməyin.

Xoşbəxtliyə gedən yol birbaşa deyil, ona milyonlarla kiçik cığırlar, izlər birləşir.

Hər kəs öz yolunda yürüsə gözəl olmazmı?

Yəni, xoşbəxt olmaq üçün özümüzü yormağa dəyməz. Kimə lazımdırsa özü bilər..

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar