“ŞƏHİDLƏRİMİZƏ HEYKƏLLƏR UCALDACAĞIQ”
Heykəltəraşlıq daşdan, mərmərdən incəsənət nümunəsinin ortaya çıxarıldığı sənətdir.
Azərbaycanda və xaricdə qoyulan heykəlləri ilə tanınan Azərbaycanın xalq rəssamı, professor, heykəltəraş Natiq Əliyev heykəltəraşlığın sirlərini Bakupost.az -a bölüşüb.
Tanıtım:
1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub, "Fərqlənmə diplomu" ilə bitirib. V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbi.(1978-1983 Fərqlənmə diplomu). 1980—1983-cü illərdə Lenin təqaüdçüsü olmuşdur.
Hal-hazırda Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşıyır.
Mükafatları:
* Respublika Gənclər Mükafatının laureatı — 1989
* Azərbaycan Rəssamlar İttifaqının "Soltan Məhəmməd" mükafatı — 2000
* "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 28 dekabr 2005
* Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə" mükafatı — 2008
* Avstriyanın I dərəcəli "Cəngavər Ordeni"(Qızıl) — 2015
* "Şöhrət" ordeni — 9 avqust 2018
Abidələri:
* Böyük Vətən müharibəsində həlak olmuş həkim və tələbələrə həsr olunmuş abidə. Leninqrad. (Sankt-Peterburq) (memar RSFSR-nın əməkdar memarı Y.N.Lukin).(1985)
* Əliağa Vahidin abidəsi (Rahib Həsənovla birlikdə) (Bakı, 1990)
* Heydər Əliyevin abidəsi (memar Vladimir Skulski. Kiyev, 2004)
* Rumın bəstəkari Corc Eneskunun abidəsi (Bakı, 2006)
* Heydər Əliyevin abidəsi (Tiflis, 2007)
* Norveç səyyahı Tur Heyerdalın abidəsi (Şəki, Kiş kəndi)
* Bəxtiyar Vahabzadənin abidəsi (Şəki, 2010)
* Heydər Əliyevin abidəsi (Həştərxan, 2010)
* Memar Zivərbəy Əhmədbəyovun abidəsi (Bakı, 2011)
* Motsartın abidəsi (Bakı, 2011)
* Serb yazıçısı Milorad Paviçin abidəsi(Belqrad, 2011)
* Heydər Əliyevin abidəsi (Belqrad, 2011)
* Üzeyir Hacıbəylinin abidəsi (Serbiya. Novi-Sad şəhəri, 2011)
* Xocalı soyqırımı abidəsi (Sarayevo, 2012)
* Xocalı soyqırımı abidəsi (Mexiko, 2012)
* Hüseyn Cavidin abidəsi (Montoneqro. Podqoriça, 2013)
* Knyaz Vladimirin abidəsi (Həştərxan, 2013)
* Xocalı soyqırımı abidəsi (Ankara, 2013)
* Dostluq Abidəsi ("Bakı-Həştərxan", 2013)
* Xocalı soyqırımı abidəsi (Qızılca-Hamam. Türkiyə, 2014)
* Amaliya Pənahovanın qəbirüstü abidəsi (2019)
Memorial lövhələr:
* Məmməd Səid Ordubadi (1987)
* Abdulla Şaiq (1988)
* Xurşudbanu Natavan (1989)
* Cəlil Məmmədquluzadə (1992)
* General-Leytenant Hüseyn Rəsulbəyov (1993)
* Afiyəddin Cəlilov (1994)
* Akademik Lətif İmanov (1995)
* Şövkət Ələkbərova (1996)
* İlyas Əfəndiyev (1997)
* Mirvarid Dilbazi (2004)
* Əli Tudə (2005)
* Cabir Novruz (2006)
* Nəsrulla Nəsrullayev (2006)
* Zeynal Cabbarzadə (2007)
- Natiq müəllim, çox məşhur monumental abidələrin müəllifisiniz. Monumental heykəltəraşlıq nədir?
- Heykəltəraşlıq sənətinin 3 sahəsindən biri də Monumental heykəltəraşlıqdır. Mən V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində Monumental heykəltəraşlığı bitirmişəm. Hər bir heykəlin, yəni plastikanın memarlıqla əlaqəsi varsa, onun qanunlarına tabe olursa, ölçüsündən asılı olmayaraq, bu monumental sayılır.
- Memorial abidələr üzərində də işləyirsiniz. Bəs memorial heykəltəraşlıq nədir?
- Memorial qəbirüstü abidələrdir. Əksərən müharibə şəhidlərinə, görkəmli şəxsiyyətlərə, tarixi hadisələrə aid olur. Memorial abidələr yaxın məsafədən baxılmağa hesablanıb. Bunun əksinə şəhərdə qoyulan, yəni monumental abidələr isə uzaqdan baxmaq üçün uyğundur. Memorial heykəltəraşlıq nümunələri əsasən Fəxri Xiyabandadır. Orada Azərbaycanın görkəmli heykəltəraşları işləyib. Xiyabana girən insan özünü parkdaymış kimi hiss edir. Orada qoyulan abidələrin aurası buna zəmin yaradır.
- Ümumiyyətlə, heykəlin, abidənin yeri necə müəyyənləşdirilməlidir?
- Heykəlin qoyulması və onun yerinin təyin olunması dövlət tərəfindən nəzərdə tutulur. Məsələn, qərar verilir ki, bir şəxsə abidə ucaldılmalıdır. İlk olaraq müsabiqə elan olunur. Sonra müsabiqədə həmin abidənin yeri iştirakçılara təqdim olunur. Təqdim edilən istənilən yerə abidə ucaltmaq olur. Amma təbii ki, memar, heykəltəraş yeri görməlidir. Onlar heykəlin hansı tərəfə baxacağını, hansı hündürlükdə olacağını, hansı materialda hazırlanacağını nəzərə almazsa, nə qədər gözəl əsər olursa olsun, yerinə uyğun gəlməyə bilər. Ona görə də, müsabiqədə yer mütləq göstərilir.
- Sizin yaradıcılığınızla bağlı sənədli film çəkilib. "Daşın içindəki həyat" Sənədli filmi ilə bağlı təəssüratlarınız necədir?
- Film maraqlı alınıb. Müəlliflər ortaya gözəl iş çıxarıblar. Çox diapazonlu filmdir. Orada həm mənim dəzgah, həm monumental, həm daş üzərindəki işlərim göstərilib. Həmçinin tələbəlik illərimlə bağlı sujetlərə də yer verilib. Amma yaradıcılığımı tam əhatə edə bilməzdi. Hər dəfə yeni işlər ortaya çıxır axı. Hər dəfə "gərək bu işi də oraya əlavə edərdilər" deyə düşünürəm. Elə 60 illiyimlə bağlı kitab hazırlamaq istəyirdim. Hər dəfə yeni iş ortaya çıxdığı üçün indiyə qədər hazırlaya bilməmişəm. Sənədli filmin digər dillərdə tərcüməsini də hazırlamaq istəyirik. Başqa film də çəkilə bilər. Bu dəfə dəzgah heykəltəraşlığına üstünlük veriləcək.
- Heykəllərinizin hər birinin sizə övladınız qədər əziz olduğunu bilirəm. Amma elə biri var mı ki, digərlərindən daha əzizdir?
- Mən heç vaxt əl işlərim arasında fərq qoymuram. Prosesim əzizdir. Hər heykələ müasibətim eynidir. Hər zaman çalışıram ki, öz səviyyəmi saxlayım. Hətta bacardığımdan daha yaxşısını etməyi hədəfləyirəm. Amma düzünü desək, ən əziz ilk heykəlimdir. Sankt-Peterburqda Böyük Vətən müharibəsində həlak olmuş həkim və tələbələrə həsr olunmuş abidəm mənim üçün dəyərlidir. Çünki təhsil aldığım şəhərdə qoyulub. Orada yüksək səviyyəli heykəllər var. Mənim üçün həmin şəhərdə heykəl ucaltmaq böyük şərəfdir. Özdə həmin vaxtı 22 yaşım vardı.
- Hazırlayanda çətinlik çəkdiyiniz abidə olub mu?
- Hamısı çətindir. Hər dəfə özümü birinci kursda oxuyurammış kimi hiss edirəm. Eyni obrazı ikinci dəfə işləyəndə belə, sıfırdan başlayıram. Asan əmələ gələni yoxdur. Asanlıqla əmələ gəlsə, məndə şübhə əmələ gələr ki, harada yanlış etdim.
- Heykəldə nəyi canlandırmaq, insanlara çatdırmaq çətindir?
- Dəzgah heykəltəraşlığı fərdi işdir. Bunu istəsən, sərgiləyə, ya da kiməsə hədiyyə verə bilərsən. Amma memorial və monumental abidələrdə isə yanaşma başqa cürdür. Şəhərdə qoyulan abidələr cəmiyyət üçündür. Heykəl həm professional, həm də cəmiyyətin qəbul etdiyi səviyyədə olmalıdır. Bənzətmə məsələsi də önəm kəsb edir. Gördüyümüz kimi deyil, olduğu kimi bənzətmək gərəkdir.
- Əliyev Natiq ən çox hansı heykəlinə görə tanınır?
- Mənim abidələrimin əksər hissəsi Azərbaycandan kənardadır. Amma ölkəmizdə əsasən şəhərdə qoyulan abidələr əsasında tanınıram. Zivər bəy Əhmədbəyov, Corc Enesko kimi heykəllərimin adını daha çox çəkirlər.
- Dünya heykəltəraşlığı ilə Azərbaycan heykəltəraşlığı müqayisədə hansı səviyyədədir?
- Bizim əsərlərimizin əksəriyyəti heç də geri qalmır. Hətta elələri var ki, xaricdəkilərdən üstündür. Məsələn, Füzuli heykəli SSRİ Rəssamlıq Akademiyasının gümüş medalını layiq görülüb. F.Əbdürrəhmənovun Düşənbədəki əsəri akademiyanın qızıl medalını alıb.
- Torpaqlarımız işğaldan azad edildi. Qarabağımızda abidələrin bərpasında, yenilərinin qoyulmasında iştirak edəcəksiniz?
- Öz töhfəmizi vermək borcumuzdur. Biz torpaqlarımızın işğaldan azad edilməsini illərlə gözləmişik. Orada abidələrin qoyulmasında böyük həvəslə işləyərik. Amma təbii ki, birinci növbədə oradakı abidələr bərpa edilməlidir. Sonra qələbə abidəsi, döyüşdə iştirak etmiş qəhrəmanlarımızın, orada yaşamış mütəfəkkirlərin abidəsi olmalıdır.
- Bir heykəlin hazırlanmasına nə qədər xərc gedir?
- Heykəli hazırlamaq üçün birinci mühit hazırlanmalıdır. İlk olaraq, park ya meydan hazırlanmalıdır. Orada memarlıq, mühəndislik işləri görülməlidir. Daha sonra heykəlin işlənməsinə başlanılmalıdır. Heykəl orada üzüyün bir qaşıdır. Bu səbədən dəqiq rəqəm demək çətindir.
- Heykəllər siyasi, sosial, ictimai mesaj ötürməlidir?
- İstənilən incəsənət əsəri, ədəbiyyat, musiqi, rəngkarlıq, heykəltəraşlıq özündə bir fikri daşımlaıdır. İnsanlara istiqamət də, mesaj da verməlidir. Boş-boşuna yaradılması heç kimə lazım deyil. Bu incəsənətin bütün növlərində var.
- Heykəltəraşlıqda heykəlin yanında məlumat lövhəsinin olması nə qədər vacibdir?
- Birinci növbədə heykəlin özü danışmalıdır. Həmçinin mütləq müəyyən bir lövhə də olmalıdır. O lövhədə şəxs, ya hadisə haqqında məlumat verilməlidir. Hətta harada geniş məlumatın əldə ediləcəyi də yazıla bilər. Yanında xarici dildə də tərcüməsi olsa, lap yaxşı olar. Bizdən sonrakı nəsil, ölkəyə gələn qonaqlar nəzərə alınmalıdır. Fəxri xiyabanda bəzi heykəllərin yanında müəyyən məlumat lövhələri var. Əliağa Vahidin abidəsində də belə bir lövhə qoyulub. Müəlliflərin adları yazılıb, heykəl haqqında məlumat verilib.
- Kimə heykəl yoxdur ki, ona qoyulmağını istərdiniz?
- Demək olar ki, əksəriyyətinə qoyulub. qoyulmayanlar da dövlətin planında var. Yavaş-yavaş həyata keçiriləcək. O qədər görkəmli şəxslərimiz var ki.
- Müasir texnologiyaların heykəltəraşlıqdakı rolundan danışaq. Mexaniki alətlər işinizi yüngülləşdirirmi?
İndi müasir texnologiyalardan istifadə olunur. Amma 500-600 il bundan qabaq heykəllər necə yonulurdusa, yenə də elə yonulur. Bəzi alətlər mexaniki olub. Lakin eyni çətinliklər qalıb.
- Heykəltəraşlıqda rəngin önəmi nədir?
- Mərmər heykəllərə baxanda hamısının eyni rəngdə olduğunu görürük. Sonradan araşdırmalar nəticəsində məlum olub ki, onların əksəriyyəti rəngli olub. İstər Misir, istər yunan heykəllərində rənglər olub. Lakin zamanla rənglər solaraq indiki hala düşüblər. Hazırda alimlər tarixi abidələrin modelləri üzərində yenidən rəngləri bərpa edərək hansı rəngdə olduqlarını göstərirlər. İndi də rənglərdən istifadə olunur. Əgər heykəltəraşın yaradıcılığına uyğundursa, heykəli rəngləyir.
- Bir heykəli hazırlamaq nə qədər vaxt aparır?
- Əgər heykəl ictimai işdirsə, ona müəyyən vaxt təyin olunur. Bu vaxta qədər abidə hazır olmalıdır. Təqribən 1 il və ya bir neçə il ola bilər. Ümumiyyətlə, əsəri bitirmək olmur. Onu yalnız saxlamaq olar. Heykəltəraşa lazım olandan daha çox vaxt verilsə, daha çox axtaracaq, işləyəcək. Bunun nəticəsində də proses uzanacaq. Amma dəqiq vaxt təyin ediləndə həmin vaxta qədər bitirməyə çalışacaq. Vaxtı təyin edənlər də kifayət qədər vaxt verir.
- Hazırda hansı abidələr üzərində işləyirsiniz?
- İki memorial abidəni bitirirəm. Fikrət Qocanın və Musa Yaqubun abidələridir. Musa Yaqubun abidəsi İsmayıllının Buynuz kəndində qoyulacaq.
- Pandemiya bütün sahələrə zərər vurdu. Heykəltəraşlıq da zərər gördü?
- Heykəltəraşlıq individual sənətdir. Ona görə elə zərər görmədi. Heykəltəraş qapanır öz emalatxanasına və orada işləyir. Onun küçələri gəzməsinə ehtiyac yoxdur ki (gülür).
- Tələbələr pandemiyada onlayn təhsilə keçdilər. Onlayn heykəltəraşlığın gələcəyi var?
- Bizdə yalnız kompozisiya hissəsi onlayn oldu. Əməli dərsləri onlayn keçmək mümkün deyil. Müəllim tələbələrə necə yapılmalı olduğunu göstərməlidir axı. Onlaynda ona necə başa salaq ki, gili barmağıyla belə etməlidir? Heç hamının emalatxanası da yoxdu. Bundan əlavə gil, natura olmalıdır.
-Materialın xarici, ya yerli olmasının fərqi var?
- Azərbaycanda hazırlanan materiallar keyfiyyətlidir. Mən öz materiallarımızla işləyirəm. Əsas qol həmin qol olsun, qılıncın fərqi yoxdur (gülür).
- Akademiyanın gənclərinin işini necə qiymətləndirirsiniz?
- Akademiyada kifayət qədər bacarıqlı gənclər var. Onlar bitirən kimi işləri ilə öz sözlərini deməyə başlayırlar. Elə uşaqlar var ki, tələbəlikdən sonra baxırlar ki, bacarıqlıdır, müəllim kimi saxlayırlar.
- Abidələrin təhlükəsizliyi necə təmin edilməlidir?
- Əvvəla qeyd edim ki, mərmərdən hazırlanmış abidəni qırmaq olur, bürüncdən hazırlanmışı qırmaq olmur. Vandallıq isə həmişə olub. Məsələn, elə Mikelancelonun iki ən məşhur əsərlərini götürək. Biri David heykəlidir, Florensiyada yerləşir. Digəri də Pyeta abidəsidir, Vatikanda kilsənin içərisindədir. Florensiyada müəyyən dəyişikliklər olanda Davidin heykəlinin qolunu qırmışdılar. Mikelancelonun tələbəsi Vazari qolu birləşdirib. Bir də Pyetaya qarşı vandallıq olmuşdu. Burnu və barmağını qırmışdılar. O vaxtı Davidin heykəlinə daş da atırmışlar. Mikelancelo gəlib şikayət edirmiş. Daş atanları tutub soruşurlar ki, niyə daş atırlar? Onlar da çılpaq olduğu üçün xoşlarına gəlmədiyini bildiriblər. Hamıya xoş gələn heykəl yaratmaq çox çətindir.
- Bəzi heykəllərin təmizliyinə diqqət edilmədiyini görürük…
- Bu məsələni bir neçə yerdə qaldırmışam. Heykəllərin təmizliyinə riayət edilməlidir. Yuyulmalıdır, həmçinin mum örtüyü çəkilməlidir. Mum örtüyü onu müəyyən vaxta qədər atmosferin təsirindən qoruya bilir.
- Həyatınızda, yaradıcılığınızda rol oynayan müəlliminiz kim olub?
- Yaradıcılığımda xüsusi rola malik müəllimim Anatoli Qordyeviç Dyoma olub. O Rusiyanın Xalq rəssamıdır. Bir neçə il bundan qabaq dünyasını dəyişib. O şəxsə mən ona görə borcluyam ki, inam yaratmaq bacarığı vardı. Çox pozitiv insan idi. O, məni ilhamlandırırdı. Onunla söhbət edəndə istəyirsən ki, nəsə heykəl işləyəsən.
- İlham demişkən, əsasən nədən ilham alırsınız?
- Məni ilhamlandıran kiminsə öz sahəsində qazandığı nailiyyətidir. Hansısa bəstəkar, aktyor, alim - istənilən şəxs elə gözəl işlər ortaya qoyur ki, məni də həvəsə gətirir. Mən də düşünürəm ki, öz sahəmdə balaca da olsa, bir şey edim ki, insanlar baxanda başlarını çevirməsinlər. Ondan müəyyən qədər zövq ala bilsinlər. Elə özüm də baxanda zövq ala bilim. Məni ilhamlandıran insanların yaradıcılığıdır.
- Nə vaxt yorulursunuz?
- İş alınmayanda yoruluram. Amma bu çox az çəkir. Daha sonra işim yaxşı gedir və mən xoşbəxt oluram. Xoşbəxtlik də çox uzun olmur. Maksimum 15-20 dəqiqədir.
- Gənc heykəltəraşlara məsləhətiniz nədir?
- Yaradıcılıqlarında həqiqi olsunlar. Həmçinin emalatxanaya girərkən bütün problemləri qapının arxasında qoysunlar. Beyinlərində yalnız böyük həvəslə model üzərində işləmək olsun.
- Bakıdakı heykəllər şəhərə uyğundur mu?
- Bakıda çox gözəl heykəllər var. Şəhərimizdə Ömər Eldarov, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tokay Məmmədov kimi görkəmli heykəltəraşlar işləyiblər. Şəhərdəki heykəllərin hamısı memarlıqla sıx əlaqədə olan heykəllərdir. Gözəl də yerlərini tapıblar. Bakıda təsadüfi heykəllər demək olar ki, yoxdur. Ölkəmizə gələn mütəxəssis qonaqlar da çox bəyənirlər.
- Necə oldu ki, Tur Heyerdala abidə qoymaq qərarına gəldiniz?
- Bir dəfə mən Şəkidə olanda məndən Kiş kəndində Tur Heyerdalın abidəsini ucaltmağımı istədilər. Mən də razılaşdım və Kiş kəndinə getdim. Heykəl oradakı Kilsənin yaxınlığında olacaqdı. Təklif etdim ki, onun balaca bir büstünü hazırlayaq. Onun büstünü hazırladım. Kilsənin içərisində qoyulmağını gözləyirdim, amma onu qabağa qoyublar. Əgər bunu bilsəydim, ölçüsünü bir az böyük edərdim. Onun mərmərdən də büstünü hazırladım. İndi həmin büst Laurisdə Kon-tiki muzeyində saxlanılır.
- Akademiyada vəziyyət necədir?
- Rəssamlıq, heykəltəraşlıq dövlətə nisbətən sərfiyyatı olan peşələrdir. Digər Ali məktəblərdə bir otaqda 25 nəfər oturursa, bizdə bir otaqda 4 tələbə dərs keçir. Həmin otaq mütləq şəkildə qızdırılır, işıqlandırılır. Soyuqda natura dayana bilməz axı. Həmçinin tələbələrə dəzgah, gil, natura verilir. Onlara böyük qayğı göstərilir. Tələbələrimə deyirəm ki, bu şəraitdən istifadə edin. Akademiyada çox gözəl şərait yaradılıb.
Xanlar Əlibəy
Baku Post