Xəbər verdiyimiz kimi, son aylarda yağların qiymətində artım müşahidə olunur. İstər kərə, istərsə də duru yağların qiymətində bahalaşma qeydə alınıb. Bir-iki ay əvvəl 19 manat 30 qəpiyə təklif edilən 1 kiloqramlıq kərə yağı hazırda 22 manat 90 qəpikdir. Satıcıların sözlərinə görə, təkcə yanvar ayı ərzində qiymətlər 5-6% artıb.
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli
Bakupost.az -a açıqlamasında bildirib ki, dünya bazarında baş verən proseslər yerli bazara da təsirsiz ötüşməyib. Onun sözlərinə görə, BMT Dünya Ərzaq Təşkilatının ərzaq qiymətləri indeksinə əsasən, 2024-cü il ərzində süd və ağartı məhsullarının qiymətində davamlı artım qeydə alınıb:
“İl ərzində 17 faiz yüksəlmə müşahidə olunub. Bu indeksin ən çox yüksəlməsinə səbəb isə yağ qiymətləri olub. Yağ qiymətlərinə baxanda isə ötən ilin dekabrı istisna olmaqla, ardıcıl 14 ay ərzində bahalaşma qeydə alınıb. Bu, həm MDB məkanı, həm də Qərbi Avropa həm də Azərbaycan bazarında mühüm rol oynayan Okeaniya, Yeni Zelandiya və Avstraliyada qiymətlərin bahalaşması fonunda baş verib. Əsas səbəb yağ məhsuluna olan tələbatın artması ilə əlaqədar birjalarda qiymətlərin yüksəlməsi olub”.
X.Kərimlinin sözlərinə görə, Azərbaycan bazarında qiymətlərin formalaşmasında idxal mühüm rol oynayır:
“Hətta yerli yağ istehsalçıları üçün də əsas inqrediyentlər xaricdən idxal olunur. Azərbaycanın yağ bazarında qiymətlər əsasən, MDB məkanından, xüsusilə Rusiya və Belarusdan, həmçinin Qərbi Avropa ölkələrindən və Okeaniya zonasından idxal edilən kənd təsərrüfatı məhsullarının hesabına formalaşır.”
Ekspert bildirir ki, dünya bazarında qiymətlərin artması daxili bazarda da yağ məhsullarının qiymətinin yüksəlməsinə kəskin təsir göstərib:
“Hazırda bazarda ən azı 20-25 faizlik qiymət artımı müşahidə olunur. Ötən ilin dekabrında isə yağ bazarında qiymət artımı dayanıb. İndiki rəqəmlər göstərir ki, dünya bazarında yağ qiymətlərinin artmasında iki mərhələdə fasilə yaranıb. Təbii ki, bu, müəyyən korreksiyalardan sonra bizim bazarda da qiymət artımının dayanacağını gözləməyə əsas verir. Bu baxımdan, yağ bazarında tədricən stabilləşmə müşahidə edəcəyik”.
Lalə, BakuPost