“Bakıya yağan aramsız yağış səbəbindən şəhərin bir çox ərazilərində problemlər ortaya çıxdı. Paytaxtın küçə və prospektlərini su basdı, nəqliyyat iflic oldu, insanlar gedəcəkləri ünvana qurşağa qədər suyun içinə bataraq getməyə məcbur qaldılar. Bağırov körpüsü və Sabunçu tuneli yenə su ilə doldu. Bu, təkcə yol təsərrüfatı ilə bağlı məsələ deyil. Çünki burada su-kanalizasiya sisteminin düzgün qurulmaması, şəhərsalma mövzusu, infrastruktura laqeyd yanaşma, yeyintilər və s. kimi kompleks məsələlərdən danışmaq lazım gəlir. Heydər Əliyev prospektinin ətrafında yeni yaşayış binaları, şirkətlər tikilir. Lakin bu tikintilər zamanı bir sıra prosedurları yerinə yetirmək unudulur. Bu şirkətləri tikənlər məmur-oliqarxlar, başqa-başqa imkanlı şəxslərdir. Belə binalar tikilməzdən əvvəl mütləq şəkildə şəhərsalma qaydalarına uyğun ərazi seçilməlidir. Su-kanalizasiya sistemi qurulmalı, işıq, qaz və digər kommunal məsələlər həll edilməlidir, daha sonra bina tikilməlidir. Amma bizdə əksinə, bina tikildikdən sonra digər məsələlərə baxılır. Onda da məlum olur ki, ərazinin mövcud kanalizasiya sistemi əlavə tikintinin gücünü götürmür”.
Bunu
Bakupost.az -a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı yağış sularından sonra paytaxtın iflic vəziyyətə düşməsinin səbəbləri haqqında danışarkən deyib.
O qeyd edib ki, tikinti maqnatları Qaradağ, Sabunçu, Suraxanı, Səbail, Binəqədi kimi rayonlarda şəhərsalma qaydalarına riayət etmədən binalar tikiblər. Onların rüşvət, korrupsiya yolu ilə tikdikləri sistem indi çökməyə başlayıb:
“Dəllala layihə, tikinti qaydaları lazım deyil, pul lazımdır ki, ondan icra hakimiyyətinə, digərlərinə rüşvət verib işini görsün. Ona görə də dəllal yol, kanalizasiya qurmaq haqqında fikirləşmir. Beş yüz nəfərin yaşaya biləcəyi məhəlləyə min beş yüz nəfəri yerləşdirəndə axırı belə olur. Hacıbala Abutalıbovun dövründə çox təəssüflər olsun ki, bir çox yollar təmir olundu, kaş heç olunmayaydı. Bu gün də onun bəlasını çəkirik. Demək olar ki, onun dövründə təmir olunan bütün yollar bərbad vəziyyətdədir və çökmək üzrədir. Niyə? Çünki adam bütün yağış barmaqlıqlarını söküb atırdı. Heç yanda yağış barmaqlıqları yoxdur. Bu adam özündən proqnoz verib ki, küçə üzü aşağıdırsa, su da axıb gedər. Bu, qeyri-peşəkar yanaşmadır”.
Ekspert gələcəkdə belə halların təkrar yaşanmaması üçün bir sıra tədbirlərin görülməli olduğunu diqqətə çatdırıb:
“Dövlət tərəfindən bu işə xüsusi yanaşma nümayiş etdirilməlidir. Yol və kanalizasiya sisteminin idarə olunması ilə bağlı vahid bir standart olmalıdır. Buna uyğun işlər görülməlidir. Bu sistemi pozanlar və əks gedənlər birmənalı şəkildə cəzalanmalıdır. Su-kanalizasiya sisteminin üzərində ev, obyekt, villa tikməyin qarşısı alınmalıdır. İki il bundan öncə də belə bir problem yaşanmışdı və prezidentin göstərişi ilə Nazirlər Kabinetinın üzvlərindən ibarət hökumət komissiyası yaradıldı. Amma bu iki il ərzində onlar nə işlə məşğul oldular, bilinmir. Odur ki, çox ciddi nəzarət tədbirləri olmalıdır. Səhvə yol verənlər də ağır şəkildə cəzalanmalıdır. Bu şəhər bizimdir. Bunu qorumaq da hər kəsin borcudur”.
Sevinc,
BakuPost