“Azərbaycan və Ermənistan arasında sülh prosesində bir sıra əngəllər mövcuddur. Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi önəmlidir ki, sülh müqaviləsi imzalansın. Əsas tələb Azərbaycan və Ermənistan sərhədində üçüncü dövlətlərə, güc mərkəzlərinə aid qüvvələrin geri çəkilməsidir. Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyası yerləşib. Ermənistan missiyanın müddətinin iki il uzadılması haqqında qərar qəbul edib. Brüssel bunu dəstəkləyir. Belə görünür ki, iki il müddətində sülh mümkünsüz olacaq. Yaxud, Avropa İttifaqı missiyasının regionu tərk etməsi halında sülh müqaviləsinin maddəsi razılaşdırılacaq”.
Bu fikirləri
Bakupost.az -a politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, digər tələb ATƏT-in Minsk Qrupunun buraxılmasıdır. Minsk Qrupu artıq öz dövrünü bitirib:
"Minsk Qrupunun buraxılması üçün Bakı və İrəvan ATƏT-in katibliyinə müraciət etməlidir. Ermənistan təəssüflər olsun ki, bu müraciəti həyata keçirmir. Minsk Qrupunu ölü format kimi saxlamağa çalışırlar ki, qarşıdakı illərdə bundan istifadə etsinlər. Sülh müqaviləsinin mətninə gəldikdə deyə bilərik ki, 17 maddəlik sülh müqaviləsinin 15 maddəsi razılaşdırılıb. Açıq qalan iki maddə beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq çəkişmələr müstəvisində dövlətlərin bir-birinə qarşı iddia qaldırmaması ilə bağlıdır. Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan bir-birinə qarşı çoxsaylı iddialar qaldırmışdır. Buna son qoymaq da sülh müqaviləsində yer alır. Bütün bu məsələlərin həll edilməsi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıracaq".
Sevinc,
BakuPost