“Təhsil naziri bu fikirləri nələrəsə əsaslanaraq bildirir. Mən onun fikirləri ilə razıyam. Çünki bir neçə müddət bundan öncəyə qədər elmlər doktoru adını satırdılar. Bizdə tədqiqat işindən xəbəri olmayan, onun mahiyyəti, predmetinin nədən ibarət olduğunu bilməyən onlarla elmlər doktoru var. Tədqiqat işini kiməsə yazdırırlar. Belə hallar bir neçə il bundan öncəyə qədər mövcud idi. Artıq nazir də dilə gəlib ki, fəlsəfə doktoru olmaq o demək deyil ki, siz alimsiniz”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi Elm və Təhsil naziri Emin Əmrullayevin alimlərlə bağlı son açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, son dövrlərə qədər istisna hallarda həqiqətən də alim adına layiq olan şəxslər elmi dərəcə alırdılar:
"Belələrinin sayı çox azdır. Amma əksəriyyəti apardığı tədqiqat işinin mahiyyətindən xəbərsizdir. Nazir də təbii ki, bunu bilir və açıq-aşkar bu fikirləri deməkdən çəkinmir. Ancaq əlbəttə, biz təkcə bu fikirləri səsləndirməklə kifayətlənməməliyik. Çalışmalıyıq ki, gənc alimlərimizə, o cümlədən orta yaşlı elmi tədqiqat işləri aparan namizədlərə müvafiq dəstək göstərək. Yəni maliyyə imkanlarını yaxşılaşdıraq ki, onlar da rahatlıqla elmi-tədqiqat işlərini apara bilsinlər, gələcəkdə biz gerçək alimlərimizi görə bilək. Hansı ki, onlar həqiqi alimlərdir və onların müvafiq elmi-tədqiqat işləri var. Bu tədqiqat işləri dövlətin və cəmiyyətin rifahı üçün vacibdir”.
Sevinc,
BakuPost