Bakupost.az -ın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin məhkəməyə verdiyi şair İlham Qəhrəman Musavat.com-a məhkəmənin ilk iclasından danışıb.
O bildirib ki, məhkəmədə vəkilsiz təmsil olunub:
“Aprelin 10-da ilk məhkəməmiz oldu. Yazıçı Anarı orada vəkili təmsil edirdi, mənim isə vəkilim yox idi, özüm çıxış edirdim. Hakim həmin vəkilə dedi ki, iddianda gah “mən” deyirsən, gah da Azərbaycan Yazıçılar Birliyinin adından çıxış edirsən. “Mən” deyərkən kimi nəzərdə tutursunuz? O da bildirdi ki, Anarı nəzərdə tutur.
Daha sonra mənə söz verildi, fikirlərimi dedim. Kitablarımı göstərdim, dedim, bu qədər iş görmüşəm, Anarın gözündə bir qəpiyə dəymədi. Amma Bakıda 3 villası olan adama ev verdi. Hakim mənə bildirdi ki, mayın 15-də baş tutacaq növbəti məhkəməyə şahid və sübutla gəlim.
Mən Anarın müşaviri Raufla telefonla danışmışam, mənə deyib ki, evin qiyməti 150 mindir. İndi bu dediklərinin səsini haradan alım?! Yeri gəlmişkən, Raufun dostları zəng edirlər, deyirlər, o deyib ki, məndən 150 min istəməyib, sadəcə bildirib ki, evin qiyməti 150 mindir. Bu yolla dediyini boynuna alır.
Mən hələ vəkillə təmin olunmamışam. İki müraciətim cavabsız qalıb, növbəti müraciətim Sabunçu rayonu üzrə vəkil bürosuna olacaq”.
Xatırladaq ki, fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrıldığını və birliyin mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev isə mətbuata açıqlamasında İlham Qəhrəmanın AYB-yə məxsus mənzillərin satışına dair iddialarının əsassız olduğunu və məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini söyləyib. Yazıçılar üçün mənzil təminatı prosesinin tam ədalətli şəkildə aparıldığını, mənzil ala bilməyənlərin də layiqli yazıçılar olduğunu, lakin məhdud sayda mənzil olduğu üçün hər kəsin təmin edilməsinin mümkün olmadığını qeyd edib.
AYB-nin mətbuat katibi Xəyal Rza deyib ki, Birlik İlham Qəhrəmandan 5 min manat təzminat tələb edir:
“Həmin vəsait isə YAŞAT Fonduna köçürüləcək. Bundan başqa, hansı saytlar onun şər-böhtanını dərc edibsə, o saytlarda da müəllifin üzr istəməsinin yayılması tələb olunacaq”.