Ru
14:47 / 19 Mart 2025

Yəhudilərdən Azərbaycanla bağlı kritik addım – Sensasion plan açılır

Yəhudilərdən Azərbaycanla bağlı kritik addım – Sensasion plan açılır
Eye

Xəbər verdiyimiz kimi, ABŞ yəhudi icmasının 50-dən çox ravvini “Avraam müqaviləsi”nin (İbrahim sazişləri – red.) genişləndirilməsi ilə bağlı Prezident Donald Trampa müraciət ediblər. Burada həmçinin Azərbaycana qarşı 907-ci düzəlişin ləğv edilməsinin zəruriliyi də qeyd olunub.

Bu, ravvinlərin öz təşəbbüsüdür, yoxsa böyük qlobal prosesin tərkib hissəsi kimi düşünülmüş addımdır? Tramp ravvinlərin müraciətinə necə cavab verəcək?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsi Tramp administrasiyasının diqqətindədir:

“İsrailin baş nazirinin ofisi martın 5-də Vaşinqtonla üçtərəfli danışıqların fəal olduğunu bəyan edib. Bildirilib ki, Azərbaycan təhlükəsizlik, ticarət, texnologiya və enerji sektorlarında əməkdaşlığı əhatə edən əlaqələri ilə Qafqaz regionunda İsrailin mühüm strateji müttəfiqidir. Ardınca ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfərindən sonra Bakıya eniş etdi. Bu, İsrail, ABŞ və Azərbaycan arasında yaxşı əlaqələndirilmiş diplomatik addım kimi görünür. Versiyama görə, İsrail əməkdaşlıqda Rusiyanın da rolunu sınamaqda maraqlıdır. Proseslər ABŞ-ın da regional strateji mənfəətlərinin təminində rol oynayır. Ehtimal ki, Vaşinqton və Təl-Əvivin Azərbaycan-ABŞ-İsraildən ibarət təhlükəsizlik üçbucağının yaradılması niyyəti İranın təsirlərinə qarşı genişlənmiş tərəfdaşlıq məqsədi daşıyır. Belə addım Tehranı kənarda saxlamaq üçün yaxşı vasitə ola bilər”.

Aqşin Kərimov

Analitik deyib ki, Azərbaycan İranla münasibətlərin gərginləşməsindən uzaqdır:

“Bizə əlavə geosiyasi ziddiyyətlər lazım deyil. Ümumiyyətlə, Ağ Ev və İsrailin İranla əlaqədar planlarına Bakının müdaxiləsi çətindir. Onsuz da İranın regional təsir rıçaqları zəifləyib. Bununla belə, onun resurs və potensiallarını yenidən Azərbaycana qarşı cəmləyəcəyi istisna deyil. Bu cür ssenari Tehrana xeyir verməyəcək. Çünki İran ölkəmizə qarşı istifadə etdiyi vasitələrdən – proksi müharibə və Ermənistana dəstəkdən məhrum edilir. Üstəlik, Azərbaycanın müttəfiqi Türkiyə ilə bərabər digər tərəfdaşlıq əlaqələrindəki diapazonu diqqətdə saxlamaq Tehran üçün məqsədəuyğun olardı”.

A.Kərimov bildirib ki, ABŞ və İsrail nəşrləri Azərbaycanın “İbrahim sazişlərinə” inteqrasiyası təşəbbüslərini müzakirə edirlər:

“Lakin Azərbaycan həmin müqavilənin tərəfi deyil. İnteqrasiya prosesi texniki olaraq çətinliklər yaratsa da, geosiyasi aspektdən mümkündür. Bu təşəbbüs ABŞ və İsrailin Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya kontekstindəki qiymətləndirmələrinə əsaslanır. Məqsəd ABŞ və İsrailin dəstəyi ilə çoxtərəfli regional əməkdaşlıq üçün yeni rəsmi platformanın yaradılmasıdır. Azərbaycanın bu razılaşmada iştirakı ona Mərkəzi Asiya, Yaxın Şərqə genişlənmək imkanlarını tanıyır. Bu, həm Qafqazı, həm Yaxın Şərqi, həm də Mərkəzi Asiyanı yüksəksəviyyəli diplomatik foruma daxil edəcək. Ehtimalla bu kontekstdə Bakının “İbrahim Sazişləri” konfransına ev sahibliyi etməsi təklif olunur”.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar