Ru
17:32 / 28 Fevral 2025

Yeni ayrılığın adı: Niyazi Mehdi

Yeni ayrılığın adı: Niyazi Mehdi
Eye 1033


Bahəddin Həzinin yazısı

"Ağrı gedənlərin deyil, qalanların hekayəsidir. Və hekayələr qalanlara məxsusdur". Bunu Stefan Svayq demişdi.


Professor Niyazi Mehdi bizə qalan sakit-səssiz, dərin məzmunlu, ağrılı-acılı bir hekayədir artıq. Biz filosof Niyazi Mehdini itirsək də, hekayəsi bizə qaldı. Bu hekayəni oxumaq istəyənlər heç nə itirməz, əksinə çox şey qazanar.

Üzülmək, qüssələnmək, heyfslənmək... Bunlar təbiidir. Ancaq bizim Niyazi Mehdiyə verəcəyimiz ən böyük dəyər onun hekayəsini oxumaq, dinləmək, öyrənmək, anlamaq olar. Yoxsa bir cümlə yazıb, rəhmət diləməyə nə var ki?!

Bu hekayə isə onun həyat yolu, elmi irsi, fəlsəfəsi, yazıları, kitablarıdır. Tale elə gətirib ki, mən bu insanı yaxından tanımışam, ondan çox şey oxumuşam, çox şey öyrənmişəm.

Professor Niyazi Mehdi, yazıçı Aqşin Yeniseyin bu gün yazdığı kimi, öyrənməyi öyrədən adam idi. Yəni əsl müəllimdir. Niyazi Mehdi ilə uzun illər iş yoldaşı olmuşuq; bu insan ayaqüstə gəzən Universitet idi.

Niyazi Mehdi haqqında deməyə çox sözüm var. Ancaq mən "Göyün cazibə qüvvəsi" adlı yeni essemdən bir hissəni Niyazi Mehdinin ruhuna hədiyyə edirəm və ona Allahdan sonsuz rəhmət diləyirəm.

Beləliklə, "Göyün cazibə qüvvəsi"ndən bir parçanı oxucularla bölüşürəm:

"Təkcə olmaq ayrıdır, yalnız olmaq ayrı. Tək olanda, deməli, səndən yoxdur. Tənha olanda isə səninlə kimsə yoxdur.

Hərçənd tənhalığın da ayrıcalıqları, çeşidli formaları - şəkillənmələri var. Keçici tənhalıq var, ömürlük tənhalıq var. Təkliyə çəkilib tənhalaşmaq var, çoxluğun içində tənhalaşmaq var. Sevib yalnızlaşmaq var, ölüb yalqızlaşmaq var. Özünlə yalnız qalmaq da var, özgələşən yaxınların arasında yalnız qalmaq da. O qədər olur: uşaq bəzən ən isti qucaqda belə yalnızlıq hiss edir. Böyüklərin bəzən ən doğma ocaqda yalnız qaldığı kimi.

Bəlkə də ayrılıqlar elə bu üzdən - daha sağlam birlikdəlik üçün var. Hər halda Qərb cəmiyyətlərində bunu çoxdan sınaqdan keçiriblər.

Ayrılıq - birlikdəliyin çatlarına, yəni birlikdə olan insanların arasına sızan zamanın adıdır.

Doğrudur, Zaman bizi bəzən elə ayırır ki, qayıdıb birləşmək də zaman alır. Bəzən də zaman qırılıb yolda qalır (ölüm insanın həmişəlik ayrılıq ehtiyacıdır).

Yaşayırsansa, ara-sıra fiziki və ruhsal sıxıntılar da qaçılmazdır. Cəmiyyətdən yorulanda gedib təbiətdə durulub qayıdırsan. Elə də olur, nə cəmiyyətə sığa bilirsən, nə təbiətə sığına bilirsən: cisminlə ruhunun arasında - bu dərin və uzun aralıqda sovrulub gedirsən.

İngilis yazıçısı və filosof Aldous Huxley də zamanında şübhəsini açıb demişdi: "Bəlkə də bu dünya başqa bir Planetin cəhənnəmidir".

Bəlkə də yox!
Başqa planetlərdəki həyatlarda da, şübhəsiz, hərənin öz çətinlikləri var.
Amma özün olmaq, özünlə qalmaq həmişə, hər yerdə və hər şeydən çətindir.

Mən çölün ortasında bitən tək ağaca nədənsə həsəd aparıram. Meşədə - çoxlu ağacların arasında ağac olmağa nə var! Gəl, səhranın ortasında bit, küləyin səni yıxmaq həvəsinə, sonsuz qumsalın isti nəfəsinə, o qəddar qum tufanlarına, qəfil toz dumanlarına, hava burulğanlarına döz, görüm, necə dözürsən. Hələ kökünlə dərinlərdə gəz, yumşaq süxurlarda dolaş, yeraltı çayları tap, ordan su çək. Kölgənə sığınan o yorğun yolçunun bulanıq baxışlarına öz dibindən qaynayan bulağın gözündəki duruluqdan pay tut...

Bəlkə o çöldə bitən ağacın tənha bədbəxtliyinin içində gizlənən xoşbəxtlik də elə budur! Yolu səhranın ortasından keçən qəribin təşnə ürəyini sən öz tənhalığının buz nəfəsi ilə soyudursan! Bundan daha böyük xoşbəxtlik varmı?! Yox!

Bu nöqtədən baxsaq, o çölün düzündə bitmiş tək ağacın xoşbəxtliyi meşədəki darıxdırıcı çoxluqdan ayrı düşməyində gizliymiş!

İnsan da yeriyən, danışan, düşünən ağacdır: insanın da zaman-zaman ayrılığa olan ehtiyacı qabarır, çəkilir.

Ayrılığı öz həyatından ayıra bilməzsən ki!

İnsan vaxtını böləndə ayrılığa da vaxt ayırmağa məcbur qalır. Əgər hər yeni ayrılıq yenidən birləşməyin səbəbidirsə, bundan təbii nə var?

Ayrılıq, zaman, birləşmək demişkən. Məşhur filosof, yazıçı Jan Pol Sartr deyir: "Zaman bizi birləşdirən ayrılıqdır".

Çox dərin məzmundur; ha baxırsan "dibi" görünmür.

Özlüyümdə düşündüm: doğrudan da, hər ayrılıq mütləq bir görüşü tələsdirir.

Ayrı düşdünsə, qovuşmanın ləzzətini anlayacaqsan. Əlində olanın qiymətini bilmək üçün ara-sıra həsrətini çəkəcəksən, o qədər! Uzun vədəli tənhalıq, tərki-dünyalıq sənlik deyil, onu dərk edəcəksən..."

Beləliklə, Huxleyin dediyi sözlərə istinad etsək, dünyasını dəyişən əziz insan bu Planetin cənnətindədir. Adı "Niyazi Mehdi" olan bu yeni ayrılığın məkanı həmişəlik cənnət olsun!

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar