“Formalaşmaqda olan yeni dünya nizamının əsas prinsipləri ədalət, qarşılıqlı hörmət və suverenlik olmalıdır. Mövcud dünya sistemi uzun müddət birtərəfli yanaşmalar və hegemon güclərin maraqları ilə idarə olunub. Bu isə beynəlxalq hüququn pozulması, münaqişələrin artması və bir çox ölkələrin haqsız təzyiqlərə məruz qalmasına səbəb olub. Yeni sistemdə isə ikili standartlar və güc siyasətinə yer olmamalıdır. Bütün dövlətlərin suveren hüquqları tanınmalı, onların daxili işlərinə müdaxilə yolverilməz olmalıdır”.
Bunu millət vəkili Azər Kərimli Bakupost.az-a söyləyib.
O bildirib ki, Azərbaycanın unikal coğrafi mövqeyi ölkəni Şərqlə Qərb, Şimalla Cənub arasında təbii bir körpüyə çevirir, bu strateji üstünlük Azərbaycanı regional və qlobal enerji və nəqliyyat dəhlizlərinin əsas oyunçularından biri edib:
“Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynadığını göstərir. Digər tərəfdən, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanı qlobal ticarət axınlarının əsas mərkəzinə çevirib. Bu dəhlizlər vasitəsilə Azərbaycan bölgədə yeni nəqliyyat və logistika xəritəsi formalaşdıraraq, iqtisadi inteqrasiyanı və beynəlxalq əməkdaşlığı gücləndirir”.
Millət vəkilinin dediyinə görə, yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolu ciddi şəkildə artıb: “Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan müstəqil xarici siyasət kursunu qoruyub saxlayaraq qlobal aktorlarla balanslı münasibətlər qurub və öz milli maraqlarını hər zaman ön planda tutub. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın regional gücə çevrilməsi, beynəlxalq müstəvidə isə hörmət edilən və etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub”.
Azər Kərimli vurğulayıb ki, yeni dünya nizamında nəqliyyat və enerji infrastrukturu əsas elementlərdən biridir. Azərbaycanın təşəbbüsü ilə yaradılan enerji və nəqliyyat dəhlizləri yalnız ölkə iqtisadiyyatı üçün deyil, həm də bölgədə sabitlik və sülh üçün mühüm əhəmiyyət daşıyır. Xəzər regionunun enerji resurslarının Avropa bazarlarına çıxarılması, Asiya və Avropa arasında ticarət yollarının genişləndirilməsi Azərbaycanın beynəlxalq sistemdə strateji rolunu artırır: “Azərbaycan gələcəkdə də formalaşmaqda olan bu nizamın əsas iştirakçılarından biri olaraq həm milli maraqlarını qoruyacaq, həm də beynəlxalq hüquq və ədalətin bərqərar olunmasında mühüm rol oynayacaq”.
Sevinc,
BakuPost