"Teatr 35 ildir ki, fəaliyyət göstərir. Kollektivin istər vətəndə, istərsə də ondan kənarda yetərincə uğurları var. Biz 9 ildir ki, Kukla Teatrında yerləşmişik. 3 ildir ki, mən bura Baş rejissor təyin edilmişəm. Yuğ Teatrının binası söküləndən sonra dedilər ki, yaxın vaxtlarda sizə bina veriləcək, amma reallıqda bu gün binasızıq"
Bakupost.az xəbər verir ki, bunu Qaynarinfo -ya Yuğ Dövlət Teatrının Baş rejissoru Mikayıl Mikayılov bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda kollektivə ümidli siqnal gəlib, nazirlikdən bildiriblər ki, problem yaxın vaxtlarda həll olunacaq:
"Nazirlikdən gəlib vəziyyətlə tanış oldular. Gördülər ki, bu qədər adam bir otaqda fəaliyyət göstərir, heç geyinməyə də yer yoxdur. Biz də gözəl xəbər gözləyirik. İstər teatrın, istərsə də Vaqif İbrahimoğlunun yubileylərini birlikdə qeyd edəcəyik. Hazırda teatrda bu iki yubileylə bağlı qızğın işlər gedir. Amma hazırlıqlar bitmədiyindən tədbirləri başqa vaxta keçirdik. Bəzi hazırlıqlar var ki, onlar hələ yekunlaşmayıb. Bu ilin sonuna kimi bütün hazırlıqlar yekunlaşacaq. Gələn il hər iki yubileyi öz binamızda qeyd etməyə ümid edirik. Teatrın bir neçə Xalq artisti, əməkdar artisti fəxri adını alan aktyorları var".
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən isə yaxın günlərdə Yuğ Teatrına bina veriləcəyini bildiriblər:
"Bu yaxınlarda Mədəniyyət naziri Adil Kərimli Yuğ Teatrının yaradıcı heyəti ilə görüşüb və orada bütün şəraitlə yaxından tanış olub. Görüşdə Yuğ Teatrının gələcək planları müzakirə olunub. 9 ildən çoxdur ki, Yuğ Teatrının ayrıca binası yoxdur. Bunula bağlı fikir mübadiləsi aparılıb. Şəhərin bir neçə məkanlarında Yuğ Teatrına yer ayrılması arzu ediləndir. Bununla bağlı hazırda uyğun göstərişlər verilib və bu istiqamətdə iş aparılır. Yuğ Teatrı özünün dəsti-xətti olan bir truppadır. Ümid edirik ki, yaxın zamanlarda Yuğ Teatrı özünün səhnəsində tamaşalar göstərəcək və qonaqlarını orada qəbul edəcək”.