Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Baku TV-nin sualını cavablandırarkən guya təmsil etdiyi qurumun adından göndərilmiş və AZAL aviaşirkətinin təyyarəsi ilə bağlı faciəyə aid saxta sənədlərin internetdə yayılmasına münasibət bildirib.
Bakupost.az məlumatına görə, M.Zaxarova bu cür həssas məsələlərdə belə dezinformasiyanın yayılmasını qətiyyətlə pisləyib.
"Feyklər bu günün bəlasıdır. Biz praktiki işimizdə buna qarşı mübarizə aparırıq. Ölkəmizə qarşı feyklər açıq şəkildə istifadə olunur - bu artıq hansısa bot fermaları deyil, bu açıq dezinformasiyadır", - deyə Zaxarova bildirib.
O, Almaniya Kansleri Olaf Şoltsun Rusiya qazının Moskvanın qərarı ilə Almaniyaya çatdırılmadığı barədə son bəyanatını misal gətirib:
"Halbuki, əslində, "Şimal axını" qaz kəmərlərində partlayışlar baş verib və məhz Almaniya bu layihənin həyata keçirilməsindən imtina edib".
AZAL təyyarəsinin qəzası ilə bağlı saxta məktubların arxasında kimin dura biləcəyi sualına cavab olaraq isə Zaxarova Rusiya ilə Azərbaycanın, Moskva ilə Bakının normal münasibətlərinin olmasını istəməyənlərin, bunu həzm edə bilməyənlərin olduğunu deyib.
"Xalqlarımız bu qədər il ərzində sülh və hörmət içində yaşayıb, mövcud olub, ümid edirəm ki, bir o qədər il də yaşayacaqlar", - deyə o bildirib.
Rusiya XİN-in nümayəndəsi, həmçinin qeyd edib ki, Qərb ölkələri, ilk növbədə anqlosaksonlar postsovet məkanındakı dövlətləri bir-birinə qarşı qoymaq istəyirlər:
"Onlar hətta bunun üçün milyardlarla pul xərclədiklərini gizlətmirlər, təki bizim nəhəng Avrasiya məkanı daim təzyiq və təxribatlara məruz qalsın".
Zaxarova azərbaycanlı həmkarlarını hər belə hal üzrə konkret məlumat verməyə və buna açıq şəkildə reaksiya göstərməyə çağırıb.
O, həmçinin Bakıdakı "Rus evi"nin casusluq fəaliyyəti ilə məşğul olması barədə Baku TV-nin reportajını xatırladıb, belə ittihamları əsassız adlandırıb və telekanalın jurnalistlərini "Rus evi"nə dəvət edib ki, həmvətənlərlə ünsiyyət qurub, bu müəssisənin real işi ilə tanış olsunlar.