Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:21 / 09 Noyabr 2024

Zəfərə gedən yolun fəlsəfəsi və yeni tarixi dövr - TƏHLİL

3858

Şölət Zeynalov,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi

Azərbaycan tarixinin müasir səhifələrinə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfərinin dördüncü ili tamam olur. Tariximizin yeni özülünü yaradan bu möhtəşəm hadisə indi hər kəsin qürur mənbəyinə çevrilmişdir. Tariximizdə baş vermiş bu qələbənin tarixi, mənəvi, sosial, siyasi, iqtisadi, milli, bəşəri, etik-əxlaqi əhəmiyyəti və fəlsəfəsi o qədər möhtəşəmdir ki, onun yaratdığı reallıqlardan bəhs etmək bir tərəfdən ciddi məsuliyyət tələb edir, digər tərəfdən qürur mənbəyimiz hesab olunan bu möhtəşəm yeni tarixi reallıqdan - Zəfərdən elə ürəyində Vətən sevgisi olan hər kəsin bəhs etməsində müstəsna haqqı vardır. Təbii ki, Zəfərin fəlsəfi özülü son dərəcə dərindir və onun geniş anlamda mahiyyətinin fəlsəfi, mədəni, ekzistensial, milli, sosial və s. tarixi dərkinə bu baxımdan uzun zaman lazım olacaqdır.

Tarixdən bəllidir ki, son iki əsrin yaratdığı təlatümlər nəticəsində, həqiqətən də, Azərbaycan xalqına qarşı ən ciddi şəkildə müxtəlif repressiyalar aparılmış, erməni faşist ideologiyasının bilavasitə fəaliyyəti və onlara havadarlıq edənlərin dəstəyi ilə Azərbaycan xalqının həyatında ciddi bir tarixi “qırılma zonası” və soyqırımları baş vermişdir. Son 30 ildə isə eyni zamanda bu problemlərin nəticəsi olaraq Azərbaycan Respublikası erməni təcavüzü nəticəsində torpaqlarının 20 faizini itirməklə yanaşı, həm də 90-cı illərdən başlayaraq beynəlxalq miqyaslı təşkilatların təzyiqləri ilə üzləşməli oldu. Beləliklə, ictimai-siyasi proseslərdən, hətta səthi xəbərləri olan, ən sadə həyat yaşayan insanlar da bilir ki, bu illər ərzində bir növ ölkəmizi həmin təşkilat və dövlətlər təslimçiliklə barışdırmaq üçün genişmiqyaslı işlər aparırdılar. Onlar ərazilərimizin işğaldan azad edilməsi prosesini əslində əngəlləyir, münaqişəyə “dondurulmuş münaqişə” statusu qazandırmağa çalışır, bununla da öz “sülhyaratma” missiyalarını bitmiş hesab edirdilər. Lakin tarixdə belə bir deyim var: Qərb müəlliflərinin özlərinin də qeyd etdiyi kimi “tarixdə bir dəfə qoyulmuş qurucu əsas mütləq bir daha baş verəcəkdir”. Bu onunla bağlıdır ki, tarixən müxtəlif zamanlarda tarixi zəmində yeni dahi şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri tarixin axarında baş vermiş ziddiyyətlərin dəf edilməsi istiqamətində son dərəcə yüksək siyasət və strategiya irəli sürərək öz xalqlarını inkişafa aparır və yeni tarixi mərhələnin əsasını qoyurlar. Səmimi etiraf etmək lazımdır ki, tarixin bu formada dərki və fəlsəfi duyumu əksər məqamda geniş insan kütlələri tərəfindən anlaşılmaz qarşılansa da, o məhz elə yeni keçid dövrünün, mehvər dövrünün əsası kimi tarixə düşür. Yəni tarixdə proses, mərhələ, “hərəkət radikal olduğu dərəcədə həqiqətin açılan layları da daha dərin olur. Ona görə ən böyük mənəvi əsərlər, yaradıqlar keçid dövrlərində, müxtəlif dövrlərin sərhədində yaranır”. Bu fikir bir daha onu təsdiq edir ki, 8 Noyabr Zəfəri həm də bizim Yeni dövrə, yeni mərhələyə keçidimizi, növbəti tarixi mərhələyə “atılışımızı”, mənəvi əsaslarımızı təşkil edir.

Tarix nəzəriyyəçiləri əslində bu kimi yeni atılışları tarixin fenomenliyi və şəxsiyyət amilinin tarixdə müstəsnalığı ilə bağlayırlar. Bu anlamda mübaliğəsiz qeyd edək ki, Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, məhz onun taleyində dahi şəxsiyyət Heydər Əliyev kimi böyük bir düha və siyasi Lider bütövlükdə bu əsasın – quruculuq əsasının fəlsəfəsini tarixi prosesə tətbiq edə, tariximizin “qırılma nöqtəsini” qurulma, yeni mehvərin yaradılma mərhələsinə yönəldə bildi. Məhz həmin qlobal siyasətdən doğan strategiyanın davamı olaraq Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu Zəfərə imza atdı. Bu Zəfərin nəticəsidir ki, Qarabağ və Şərqi Zəngəzur bötövlükdə böyük tikinti meydançasına çevrilmişdir və bir əlində silah, digər əlində isə quruculuq və mədəniyyət faktoru ilə böyük Azərbaycan xalqı indi Zəfərin gətirdiyi müqəddəs təntənənin yaratdığı yeni quruculuq əsaslarını həyata keçirir. Azərbaycanın inkişafından, qələbənin əldə olunmasından, Zəfərin qazanılmasından söhbət gedərkən məhz Heydər Əliyev dühasının fəlsəfəsi hər şeydən önə çıxır və bu strategiyanın Zəfərdə bir daha əvəzsizliyi özünü təsdiq etmiş olur. Bu barədə Zəfərin memarı və Suverenliyin bərpasının müəllifi Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında həmişə xüsusilə qeyd edir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

Lakin bir həqiqəti də qeyd etmək vacibdir: Bu qələbə XXI əsrin dahi sərkərdəsi tariximizin yeni mehvərini yaradan, humanizm prinsiplərini, dövlətçilik və milli maraqların qorunması strategiyasını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm də şəxsi şücaəti, siyasi manevrləri, həyata keçirdiyi çoxvektorlu siyasəti ilə bağlıdır və əslində sözün birbaşa mənasında məhz bu tarixi missiyanın müasir mərhələsini o yaratmışdır. Bu Zəfərin, bu möhtəşəm qələbənin memarı, strateqi və bilavasitə rəhbəri odur və bu baxımdan bundan sonrakı tarixi proseslərdə yüz illər ötməsinə baxmayaraq bu qələbə həm Ali Baş Komandan kimi, həm siyasi xadim və Prezident kimi, həm də Ulu Öndərin özü qədər inandığı siyasi varisi və onun vəsiyyətlərini həyata keçirən misilsiz xarizmatik siyasi xadim kimi tariximizin qızıl səhifəsində əbədi olaraq qalacaqdır. Ona görə də burada xüsusi qeyd etmək lazımdır ki, məsələ yalnız yuxarıda qeyd edilənlərlə də bitmir və tarixin fəlsəfi interpretasiyası sübut edir ki, belə nadir şəxsiyyətlər və Liderlər yalnız öz xalqları, öz dövlətləri, cəmiyyətləri uğrunda mübarizə aparmırlar. Onlar həm də bəşəriyyətin gələcəyində öz məsuliyyətlərini hiss etdikləri üçün hətta müharibə və münaqişələr zamanı da heç zaman ümumbəşəri dəyərləri, beynəlxalq hüquq və birgəyaşayışı unutmurlar, əksinə bütün həyat fəaliyyət və siyasi karyeralarında mənəvi dəyərləri, səmimiyyəti, birgəyaşayış və ləyaqətli varoluşu tərənnüm edirlər.

Bir daha qeyd etmək istərdik ki, Zəfərin fəlsəfi tarixi siyasi dərki bütün insanlarda eyni anda dərk oluna bilməsə də, həm bizim, həm də dünya ictimaiyyəti üçün bir məsələ yəqindir. Bu Zəfər ədalətli qarşılıqlı münasibətlər, humanizm və beynəlxalq hüququn bərpa olunması istiqamətində region və dünya xalqları üçün yeni bir mehvər yaratmışdır. Bu mehvərin mahiyyəti ondadır ki, müharibələr, münaqişələr mütləq başa çatmalı, insanlar xalqlar arasında əmin-amanlıq hökm sürməli, təcavüzkar ideologiyalar gec-tez ram olunmalıdır. Əks təqdirdə, bəşəriyyətin gələcəyi sual altına düşə bilər. Əbədi olaraq müharibə istəyi, təcavüzkar ideologiya ilə heç bir xalq xoşbəxt ola, yaşaya bilməz, necə ki, terrorçu erməni ordusu ilə birlikdə ideologiyası da məhz 44 günlük Vətən müharibəsi zamanı tam iflasa uğradı. Zəfərin dərki həm də hər kəsə onu sübut edir ki, indi Azərbaycan ordusu və Azərbaycan dövlətçiliyi özünün elə bir mərhələsini yaşayır ki, o regionda ən yüksək şəkildə sülh paradiqması ətrafında münasibətlərini qurmaqda israrlıdır. Bu bəşəri strategiyanın mahiyyəti onunla bağlıdır ki, təcavüzkar ideologiyalar aradan qalxsın, həm regionda, həm də dünyada yaşamaq üçün, sülh və əmin-amanlıq üçün ortaq bir məxrəc tapılsın. Hər halda, indi bütövlükdə, Azərbaycan dövlətçiliyinin, Zəfərin memarı Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyanın fəlsəfəsi bununla bağlıdır: həm regionda, həm də dünyada sülh və əmin-amanlıq yaratmaq üçün böyük əsaslar tapılmalıdır, hər bir cəmiyyət və dövlətlər bu paradiqmanın reallaşdırılmasında iştirak etməlidirlər. Məhz Azərbaycanda hazırda COP-29 kimi qlobal miqyaslı tədbirlərin həyata keçirilməsi də bu strategiyanın tərkib hissəsidir. Aydındır ki, bu strategiyanın həyata keçirilməsi elə də asan məsələ deyildir, ancaq şübhəsiz bu strategiya qədər dünyada hazırda ikinci bir hərəkat, paradiqma yoxdur ki, onu üstələyə bilsin.

Yuxarıda qeyd olunduğu kimi Azərbaycan indi qalib dövlət olmasına baxmayaraq yenə də sülh tərəfdarıdır və o dünyanın bütün ölkələri ilə qurucu əsaslarla əməkdaşlıqları həyata keçirir. Bütün bunların əsasları Ulu öndər Heydər Əliyev strategiyasından gəlir. Sonda bir daha qeyd etməyi vacib hesab edirik ki, tarixdən bəllidir ki, Azərbaycanın həyata keçirdiyi quruculuq və dialoq strategiyasında müharibə ehtirası, qan-qada, ətraf ölkələr və xalqlara qarşı təcavüzkarlıq siyasəti Ermənistan siyasəti və ideologiyasından fərqli olaraq heç zaman olmamışdır, əksinə, onun siyasətinin əsası dialoq fəlsəfi üzərində qurulmuşdur. Problem ondadır ki, Zəfərdən sonra da hazırda bir çox Qərb ölkələri, eyni zamanda adını beynəlxalq təsisatlar qoyan təşkilatlar Azərbaycana qarşı çox qərəzli kampaniyalar həyata keçirməyə çalışırlar. Lakin dünya xalqlarının sülhü, mədəniyyəti, birgə yaşayışı təmsil edən nümayəndələri də gözəl bilir ki, Azərbaycanın həyata keçirdiyi bütün beynəlxalq tədbirlərin mahiyyəti onunla bağlıdır ki, dünyada hər hansı bir zorakılıq baş verməsin, məhz bu siyasətin nəticəsidir ki, hazırda ölkəmizin qlobal anlamda imici daima yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu birmənalı şəkildə həm də onunla bağlıdır ki, cənab Prezident İlham Əliyevin dəfələrlə siyasi kuluarlarda və yüksək tribunalarda qeyd etdiyi kimi “Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıbdır” və onun bütövlükdə həyata keçirdiyi siyasi paradiqma bilavasitə, sülh və birgəyaşayışla bağlıdır. Ona görə də inamımıza görə bu Zəfərin fəlsəfəsi həm də onunla bağlıdır ki, qərb müdriklərinin qeyd etdiyi kimi “xalqlar arasında əsl bağlantı – qohumluq, təbii yox, ruhidir. Əsl ruhi həyat isə insanın qarşısında “sonuncu suallar” qoyan absurd situasiyalar qarşısında yaranır; yalnız burada insanların ünsiyyəti ekzistensial səviyyəyə çıxır”. Bu baxımdan biz ümid edirik ki, nəhayət, Qərbin ədaləti, hüququ, mənəvi dəyərləri ekspansiyadan və məkrli oyunlardan üstün tutan insan və təsisatları bu həqiqəti müdafiə edəcəkdir – Azərbaycan bu Zəfəri terrorizm və şər qüvvələrin ram edilməsi üzərində qazanmışdır. Zəfərə gedən yolun fəlsəfəsinin nəzəri və praktiki analizləri sübut edir ki, Azərbaycanın həyata keçirdiyi siyasətin əsasları dialoq fəlsəfəsindən gəlir və o yalnız cəmiyyətin qarşısında “sonuncu suallar” qoyan absurd situasiyalar qarşısında son anda ədalətin bərpası üçün güc faktoruna müraciət edə bilər. Bu anlamda 8 Noyabr Zəfərinin yaratdığı yeni tarixi dövrün məntiqi sübut edir ki, dialoq, sülh və yaşıl dünya naminə insanlar, xalqlar yalnız mənəvi, ruhi əsaslar ətrafında konsensusa gələ bilərlər.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar