Ru
16:11 / 03 Mart 2025

Zəhərlənmə halları niyə artıb? - ARAŞDIRMA

Zəhərlənmə halları niyə artıb? - ARAŞDIRMA
Eye

Son zamanlar həm paytaxtda, həm də bölgələrdə zəhərlənmə halları xeyli artıb. Hətta zəhərlənmədən ölənlərin sayında da artım var. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, fevral ayında Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 91 nəfər müraciət edib. Şöbəyə qəbul edilən xəstələrdən 36 nəfər dərmandan, 22 nəfər sirkə turşusundan, 9-u spirtli içkidən, 3-ü botulizmdən zəhərlənən şəxslərdir. Həmçinin onlardan 11 nəfər dəm qazından, 4 nəfər fosfor üzvi birləşmələrdən, 4 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5 nəfər (4 kişi cinsli, 1 qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla Bakupost.az -a deyib ki, qida zəhərlənmələrindən qorunmağın birinci yolu, düzgün qidalanmadır:


“Adətən, zəhərlənmə qidaların düzgün saxlanılmaması və istifadə olunmamasından, konservləşdirmə prosesinin qaydalara uyğun aparılmamasından baş verir. İnsanlar çox vaxt konservləşdirilmiş qidalardan zəhərlənir. Burada əsasən, ev şəraitində hazırlanmış qidalardan söhbət gedir. Ev şəraitində hazırlanmış yeməklər, şorabalar əgər öz rəngini, möhtəviyyatını dəyişirbsə, suyu bulanıbsa, köpüklənibsə, qapağı şişibsə, bu o deməkdir ki, orada müəyyən dəyişikliklər baş verib və artıq ondan qida üçün istifadə etmək olmaz. Təəssüflər olsun ki, bu cür qidalardan istifadə olunur və ailəlikcə zəhərlənmə halları qeydə alınır. Balıq məhsullarından istifadə zamanı əgər onlar düzgün saxlanılmayıbsa, zəhərlənmə halları ola bilər. Göbələklərdən, balıqdan, şorabalardan, boyat qidalardan istifadə edərkən diqqətli olmaq lazımdır. İnsanlar bu məsələlərə həssas yanaşsa, zəhərlənmə hallarının da sayı azalar”.

Dərmandan zəhərlənmə hallarına gəlincə, Adil Qeybulla qeyd edib ki, xəstə müalicə məqsədi ilə dərman qəbul edib və zəhərlənibsə, bu dərman vasitəsinin yan təsirindən qaynaqlanır. Dərmandan zəhərlənmə halı varsa, bu, mütləq şəkildə araşdırılmalıdır:

"Dərmandan zəhərlənmə zamanı öncə xəstənin onu hansı dozada və nə vaxt qəbul etdiyi müəyyənləşdirilməlidir. Bu informasiya toksikoloq üçün çox əhəmiyyətlidir. Əfsuslar olsun ki, bəzən bunların fərqində olmuruq. Dərman zəhərlənmələri bilmədən və ya bilərəkdən doza həddini aşan zaman baş verir. Bu, ölümlə nəticələnə bilər. Dərman zəhərlənməsi qida zəhərlənməsindən daha ağır olduğu üçün ev şəraitində müalicəsi mümkünsüzdür. Buna görə də, həkim resepti olmadan bilmədiyiniz dərmanları qəbul etmək olmaz. Əgər dərmandan zəhərlənmə halı baş veribsə, xəstə öncə qusdurulmalı, vəziyyətinin ağır, yaxud yüngül olmasından asılı olmayaraq xəstəxanaya aparılmalıdır. Dərhal həkim müdaxiləsi vacibdir".

Sağlam qida təbliğatçısı Asim Vəliyev deyir ki, zəhərlənmələrə səbəb olan ən geniş yayılmış bakteriyalar e-koli, salmonella və stafilakokdur:


“E-koli ən çox ət, pomidor və kahıda mövcud olur. İshal kimi əlamətlər 12-20 saat sonra ortaya çıxır. Salmonella ən çox bişmiş yumurta, toyuq, qırmızı ət, süd məhsulları, kremli biskvitlər və dondurmada olur. Əlamətləri qarın ağrısı, qızdırma və ishaldır. Stafilokok isə əsasən öskürmə, asqırma və toxunma yolu ilə qidalara keçir. Kremli tortlar, dondurma, mayonez kimi qidaların üzərində olan bakteriyalar xəstəliyə səbəb olan zəhər əmələ gətirir”.

Asim Vəliyevin sözlərinə görə, qida zəhərlənməsindən qorunmaq üçün ümumi qida təhlükəsizliyi qaydalarına riayət etmək, yumurta, ət, toyuq, balıq kimi dəniz məhsulları, süd və süd məhsulları kimi tez xarab olan qidaların bişirilmə və saxlanılma şəraitinə diqqət yetirilməlidir. Tez xarab olmağa meyilli qırmızı ət, toyuq və balıq kimi qidaları bişdikdən sonra otaq temperaturunda bir neçə saatdan çox saxlamaq olmaz: “Ət yeməyi bişən kimi ya yeyilməli, ya da soyuducuda saxlanmalıdır. Yeməklər otaq temperaturunda çox qaldıqda, mikroorqanizmlər çoxlamağa başlayır ki, bu da qida zəhərlənməsinə səbəb ola bilir”.

Qida texnoloqu Ağa Salamovun sözlərinə görə, qida təhlükəsizliyinə əməl edilmədiyi zaman riskli qidalar zəhərlənmə verə bilir. Qidaların hazırlanması, saxlanması, daşınması və təqdimatında buraxılan kobud səhvlər qida zəhərlənməsinə səbəb olur. Məsələn, ət, balıq, toyuq, yumurta, mayonez kimi məhsullardan hazırlanan qidalar hamısı risk qrupuna daxildir. Pomidor, xiyar kimi tərəvəzlər isə torpaqda yetişdiyi üçün düzgün yuyulub, təmizlənmədiyi zaman botulizm və digər zəhərlənmə təhlükəsi ola bilər. Nəinki torpaqda yetişən məhsullar, ümumiyyətlə, qida məhsulları çox təmiz yuyulmalı, emal prosesi düzgün aparılmalıdır. Yaxşı təmizlənməmiş tərəvəzlərdən şorabalar qoyulduğu zaman risk qaçılmaz ola bilir:



“Tərəvəzlər yetişdirilərkən müəyyən dərmanlama prosesindən keçir. Onlar pestisidlərdən təmizlənməsə, kimyəvi zəhərlənmə ortaya çıxa bilə. Ona görə də tək konservləşdirilən yox, təzə yeyilən qidalar da təmiz yuyulmalıdır. Meyvə-tərəvəzi yuyan zamanı sirkəli sudan istifadə etmək olmaz. Çünki sirkəli su pestisidlərlə reaksiyaya girdikdə daha güclü zəhərlənmə ola bilər. Meyvə-tərəvəz çay sodası ilə yuyulmalıdr. Ən azı 10 dəqiqə çay sodası qarışdırılan suda qaldıqdan sonra durulanıb istifadə olunsa, təmizlənmiş olar”.

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar