Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:29 / 10 May 2024

Zəhərlənmələr artır: AQTA niyə acizdir? - Araşdırma

15604
Son zamanlar həm paytaxtda, həm də bölgələrdə qidadan zəhərlənmə halları xeyli artıb. Hətta zəhərlənmədən ölənlərin sayında da artım var. Mayın 7-də Səbail rayonu ərazisində yerləşən “My Music” hotelində daha bir qidadan zəhərlənmə halı qeydə alınıb. Orada 4 nəfər kişi qidadan zəhərlənib. Onlardan 2-si vəfat edib. Zərərçəkənlərin ailə üzvləri qeyd ediblər ki, onları oteldə verilən göbələk zəhərləyib.




Elə həmin tarixdə Zaqatalada 40 nəfər dönərdən zəhərlənib. Araşdırma nəticəsində müəyyən edilib ki, zəhərlənməyə səbəb dönərlərin hazırlanması zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilib. Nəticədə dönər əti çirklənməyə səbəb olub.


Qida zəhərlənmələrinin qarşısını almaq üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə, xidmət və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində mütəmadi olaraq yoxlama-nəzarət tədbirləri həyata keçirildiyi deyilsə də, hələ ki, bir nəticə gözə dəymir. Yenə də bəzi ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi, mətbəxlərin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, soyuducularda məhsulların saxlanması zamanı mal qonşuluğu qaydalarına və temperatur rejiminə, məhsulların saxlanma qaydalarına əməl olunmaması kimi nöqsanlar mövcuddur. Bunun da nəticəsində qidadan zəhərlənənlərin sayı günü-gündən artır.



Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, istifadə olunan qida məhsullarının, xüsusən də, ətlərin keyfiyyətsiz, ucuz olması, xəstə heyvan ətlərindən istifadə edilməsi, eyni zamanda saxlanılma şəraitinin düzgün olmaması nəticədində bu qidaları qəbul edən insanlar zəhərlənir:


“Ət daha yüksək temperaturda saxlanıldıqda onun tərkibində bakteriya və mikroorqanizmlərin çoxalması üçün uyğun şərait yaranır. Bəzən də bu məhsullar sanitar-gigiyena normalarına əməl edilmədən hazırlanır. İnsanların bu cür qidaları qəbul etmələri həzm sisteminin pozulması, eyni zamanda zəhərlənmə ilə nəticələnir. Xüsusilə, belə qidalarda el arasında “Çin duzu” kimi tanınan sintetik maddə istifadə olunduqda onlar asılılıq yaradır. İnsanlar davamlı onu istehlak etmək istəyirlər. Bu da 20 yaşa qədər orqanizmdə daha çox özünü göstərir. Çünki ağızda ənənəvi dad reseptorları pozulduğu üçün yeniyetmələrə, gənclərə, azyaşlılara bu kimi qidaları verdikdə davamlı olaraq tələbat yaranır. Hər hansı qidalılıq, vitamin və mineral dəyəri olmayan qidaları qəbul etdikdə insanların orqanizmində inkişaf prosesi düzgün getmir. Xüsusilə, dönərin yanında istifadə olunan ketçup və mayonezlərin bəzən istehsal tarixi, son istifadə müddəti bilinmir. Çünki böyük qablarda istifadə edirlər, bunlar dönər bişirlən yerdə isti və açıq şəkildə saxlanılır, tərkibi artıq dəyişikliyə məruz qalır. Bu məhsullar da zəhərlənməyə səbəb ola bilər. İstifadə olunan göyərti və tərəvəzin təmiz yuyulmaması, eyni zamanda işçi heyətin mütəmadi olaraq sanitar- gigiyena qaydalarına əməl etməmələri, tibbi müayinədən keçməmələri müəyyən sağlamlıq problemlərinə gətirib çıxarır”.



Sağlam qida təbliğatçısı Asim Vəliyev deyir ki, zəhərlənmələrinə səbəb olan ən geniş yayılmış bakteriyalar e-koli, salmonella və stafilakokdur:


“E-koli ən çox ət, pomidor və kahıda mövcud olur. İshal kimi əlamətlər 12-20 saat sonra ortaya çıxır.
Salmonella ən çox bişmiş yumurta, toyuq, qırmızı ət, süd məhsulları, kremli biskvitlər və dondurmada olur. Əlamətləri qarın ağrısı, qızdırma və ishaldır. Stafilokok isə əsasən öskürmə, asqırma və toxunma yolu ilə qidalara keçir. Kremli tortlar, dondurma, mayonez kimi qidaların üzərində olan bakteriyalar xəstəliyə səbəb olan zəhər əmələ gətirir”.


Asim Vəliyev bildirib ki, qida zəhərlənməsindən qorunmaq üçün ümumi qida təhlükəsizliyi qaydalarına riayət etmək, yumurta, ət, toyuq, balıq kimi dəniz məhsulları, süd və süd məhsulları kimi tez xarab olan qidaları bişirilmə və saxlanılma şəraitinə diqqət yetirilməlidir. Tez xarab olmağa meyilli qırmızı ət, toyuq və balıq kimi qidaları bişdikdən sonra otaq temperaturunda bir neçə saatdan çox saxlamaq olmaz:


“Ət yeməyi bişən kimi ya yeyilməli, ya da soyuducuda saxlanmalıdır. Yeməklər otaq temperaturunda çox qaldıqda, mikroorqanizmlər çoxlamağa başlayır ki, bu da qida zəhərlənməsinə səbəb ola bilir”.





Qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun söylədiyinə görə, ölkədə zəhərlənmə hallarının artmasına başlıca səbəb ictimai iaşə müəssisələrində və restoranlarda mənşəyi məlum olmayan ərzaq məhsullarından istifadə edilməsi, həmçinin bu obyektlərdə çalışan aşpazların hazırlıq səviyyəsinin aşağı olmasıdır:


“Mənşəyi məlum olmayan ucuz ət məhsulları və onların düzgün şəraitdə saxlanmaması, etiketlənməməsi, qida məsullarının qonşuluq prinsiplərinin pozulması zəhərlənmə hallarının artmasına yol açır. Riskli qidaların bişirilməsi və soyudulması prosesində kobud səhvlərə yol verilməsi də zəhərlənmə hallarına səbəb olur. Belə vəziyyətlə üzləşməmək üçün restoranlar peşəkar mütəxəssislərlə işləməli və orada çalışan aşpazlar üçün zəruri təlimlər keçirilməlidir. Belə təlimlərin keçirilməsinin həm də restoranların büdcəsinə xeyiri var. Bu, həm zəhərlənmə kimi hadisələrin qarşısını almağa, həm də tullantıların azalmasına təsir edəcək”.


Mütəxəssis əlavə edib ki, Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi bir sıra reydlər keçirsə də, ölkədə fəaliyyət göstərən bütün müəsissələri nəzarətdə saxlamaq mümkün deyil.


Agentlik bu işlərin təşkili üçün hər bir rayon üzrə nümayəndə heyəti formalaşdırmalıdır. Bu zaman görülən iş öz səmərəsini verəcək.




“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynovun dediyinə görə, 1995-ci ildə "İstehlakçıların hüquqlarının qorunması haqqında" qanun qəbul edilib. Sonradan üst-üstə qanuna bir neçə dəfə dəyişikliklər olunub:


“Qida Təhlükəsizliyi Agentliyi qarşısına vəzifə qoyulub ki, qidaya tarladan və ya fermadan istehlakçılarının süfrəsinə qədər nəzarət sistemi yaradılsın. Bu, çox mükəmməl sistemdir və öhdəsindən gəlmək də asan deyil. Dövlətin biznes qurumları üçün yaratdığı şəraitdən sui-istifadə var - dövlət biznes qurumlarına toxunulmaması siyasəti həyata keçirir. Hökumətin istehsalçılarla bağlı siyasəti ilə AQTA-nın əsasnaməsi məntiqi olaraq bir-birini tamamlamır. AQTA-nın qüsurlar olan qurumlara müdaxilə etmək ixtiyarı yoxdur. Bu qurumun səlahiyyəti yoxdur ki, istəlinən yerə operativ müdaxilə edə bilsin. Bu gün əsas strateji istiqamət biznesin inkişafı ilə bağlıdır. İstehlakçı hüquqları isə ikinci plandadır. Biznes qurumları üçün elə rahat şərait yaradılıb ki, onlara toxunmaq, yoxlamaq olmaz. Onlar da bundan istifadə edərək insanları zəhərləyirlər. İnsanların sağlamlığının qorunması üçün bu sahədə ciddi işlər görülməli, müvafiq addımlar atılmalıdır”.


E.Hüseynov vurğulayıb ki, dönərxanalarda insanlara ən təhlükəli qidalar verilir:


“Hətta 44 dərəcəyədək dondurulan mal və quş ətindən dönərlər hazırlanır. Bu kimi hallara AQTA ciddi nəzarət etməlidir. Mən dönər məhsulları ilə bağlı yaranmış vəziyyəti dəfələrlə həll etməyi təklif etmişəm. Təkliflərimdən biri də nümunəvi donərxanalar yaradılması idi. Biz istehlakçının mümkün olan ən aşağı qiymətə məhsul almasının tərəfdarıyıq, amma eyni zamanda bu məhsul təhlükəsiz olmalıdır. Normal dönər çox ucuz başa gələ bilməz, təbii ki, bir manata ola bilməz”.


AİB sədrinin sözlərinə əsasən, bir neçə il əvvəl ölkədə dönərxanalar üçün standart qəbul edilib:


“Lakin onun icrasına heç kim nəzarət etmir. Bu obyektlərin sanitar-gigiyenik vəziyyətini, işçilərin qaydalara riayət edib-etməməsini heç kim yoxlamır. Ona görə də oradan alınan dönərlərin zəhərlənməyə səbəb olması təəccüblü deyil. Bu gün gənclər risk altındadır, çünki bu cür fast foodları ən çox onlar alırlar. Keyfiyyət və təhlükəsizlik üçün müvafiq strukturlar cavabdeh olmalıdır. Beləliklə, Qida Təhlükəsizliyi Agentliyi bu məsələdə media ilə fəal əməkdaşlıq etməli, ictimai nəzarət olmalıdır”.

Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar