Ru
11:40 / 21 Oktyabr 2019

Azadlığı "qıram-qıram" istəməyən şair - Xəlil Rza Ulutürk

Azadlığı "qıram-qıram"  istəməyən şair -   Xəlil Rza Ulutürk
Eye


“Yüzilliyimizin böyük vətəndaşlarından biri olan xalq şairi Xəlil Rza Ulutürk təkcə böyük şair, görkəmli alim, əvəzsiz tərcüməçi deyildi. O həm də azadlığı “qram-qram” istəməyən, milli mənliyimiz yolunda qələmini qılınca çevirən Babəkimiz idi".


Bu sözləri Xəlil Rza Ulutürk haqqında unudulmaz şair Şahmar Əkbərzadə söyləmişdi. Azərbaycanın ən çətin günlərində meydanlarda bütün varlığı ilə haray qoparan şairin bu gün doğum günüdür.
Xəlil Rza Ulutürkün doğum günüdür. O, 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində anadan olub.



İki saylı Salyan şəhər orta məktəbində təhsil aldığı ilk illərdən o, öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərin rəğbətini qazanıb. 1939-1949-cu illərin məktəb həyatı Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcıhq meydanına çıxması üçün hazırlıq dövrü olub. Onun ilk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunub.

1949-cu ildə Xəlil Rza Azərbaycan Dövlət Uiversitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub.

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayıb. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilib. Sonra onun ilk şerlər toplusu - "Bahar gəlir" (1957) kitabı da nəşr olunub. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. O, 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiy-yatında poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edərək fılologiya elmləri namizədi elmi dərəcəsi alıb.



1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilir. Şeirlərini müxtəlif təxəllüslərlə çap etdirən şair sonralar ömrünün sonunadək bütün şerlərini "Xəlil Rza Ulutürk" təxəllüsü ilə çap etdirib. O, milli-azadlıq hərəkatının öncüllərindən olub.



Şairin qələmə aldığı “Azadlıq” şeiri Azərbaycan xalqının şüarına çevirilib. Bu şeirin hər misrasında Xəlil Rza Ulutürkün çırpınışı sezilir.





Azadlıq
Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.


BAKUPOST



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar