Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:02 / 26 Aprel 2021

"Azərbaycanla İsrail bir-birini əla başa düşür" - Hikmət Hacıyevlə MÜSAHİBƏ

8490
ISRAEL HAYOM, İsrail
26.04.2021

Müəllif: Din Şmuel Elmas

Son illər İsraillə Azərbaycan arasında ikitrəfli əlaqələr kifayət qədər inkişaf edib. Azərbaycanın 1991-ci ildə müstəqillik qazanmasından bu yana iki ölkə arasında təhlükəsizlik, iqtisadiyyat və sosial sahələrdə münasibətlər davamlı inkişaf yolu keçib. Bu münasibətlər 2020-ci ildə baş vermiş Dağlıq Qarabağ müharibəsi zamanı özünün ən yüksək nöqtəsinı çatıb. Yeri gəlmişkən, müharibə Azərbaycanın qələbəsi ilə bitib.

Ötən il baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir anda məşhurlaşıb. Onun vəzifəsini İsraildəki məsləhətçi vəzifəsi ilə bərabər tutmaq olmaz. Hacıyev Azərbaycanın xarici siyasətini diktə edənaz saylı rəsmilərdəndir.

Hikmət Hacıyev Azərbaycanın ikinci böyük şəhəri olan, müharibə zamanı düşmənin bombardman etdiyi Gəncə şəhərində doğulub. Müharibə başlar-başlamaz, o, təhlükəsiz ofisini tərk edərək, ölkə boyu gəzməyə, vətəndaşları ziyarət etməyə başlayıb. Məqsəd insanlarda ruh yüksəkliyini artırmaq idi.

Hikmət Hacıyev “Israel Hayom” nəşrinə eksklüziv müsahibəsində həm özünün, həm də ümumilikdə azərbaycanlıların İsrailə hədsiz heyranlığından danışıb. Onun sözlərinə görə, Bakı üçün İsraillə Türkiyə arasında yaxınlaşma mühüm əhəmiyyət kəsb edir.

Müsahibədə Hacıyev Vaşinqtonu tənqid edib, ölkəsinin qonşu İranın nüvə proqramı ilə bağlı mövqeyini izah edib. Hikmət Hacıyev Bakının Tel-Əvivdə niyə səfirlik açmadığına da aydınlıq gətirib...

- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə ilə İsrail arasında fikir ayrılığını aradan qaldırmaq üçün baş nazir Benyamin Netanyahu ilə prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə üçtərəfli sammit təşkil edə bilərmi?

- Türkiyə ilə Azərbaycan qardaş ölkələr, İsrail isə bizim strateji tərəfdaşımızdır. Biz dostlarımızın öz aralarında da dostluq etməsini istəyirik. Əgər tərəflər istəyərsə, Azərbaycan onları qarşılamağa hər zaman hazırdır.

- Son dövrdə İsrail-Türkiyə münasibətlərinin inkişafda olduğu müşahidə edilir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin vasitəçilik səylərinin nəticəsidir?

- Hesab edirik ki, Türkiyə ilə İsrail eyni maraqları bölüşür. Odur ki, onlar arasında əməkdaşlığın bu maraqlara xidmət etdiyinə əminik. Azərbaycan bu əlaqələrin yaxşılaşması üçün hər şey edir.

- İsrail-Azərbaycan əlaqələrini unikal edən nədir?

- Bizim əlaqələrimiz sözlərə deyil, faktlara əsaslanır. İki ölkə arasında münasibətlər strateji xarakter daşıyır. Biz bir-birimizi başa düşürük. Düşünürəm ki, Azərbaycan-İsrail münasibətləri iki xalq arasında əlaqələrə də bağlıdır. Münasibətlərimiz səmimidir və tarixi qarşılıqlı inama əsaslanır. Halbuki, bu münasibətlərə ziyan vurmaq üçün çox cəhdlər olub. Azərbaycanla yaxşı münasibətlər əslində, bütün dünya yəhudilərinin maraqlarına xidmət edir.

***

Bu arada, Azərbaycan da İsrail kimi, Bayden administrasiyasının İranla bağlı “qırmızı cizgisi”nin harada olduğunu bilmir. “Biz ABŞ administrasiyasından xəbər gözləyirik”, - deyə Hikmət Hacıyev bildirir: “ABŞ-ın son iki administrasiyası Qafqazda işlərini sona qədər yerinə yetirməyib. Əskinə, Obama administrasiyası İsrail daxil olmaqla, dostlarına qarşı münasibətlərdə səhvlərə yol verib. Bu, Azərbaycanla münasibətlərə də aiddir”.

Azərbaycanlılar üçün əsas məsələ Bayden administrasiyasının “erməni soyqırımı”nı (dırnaq işarəsi bizə aiddir - WM) tanıması ilə bağlı qərarıdır. Hikmət Hacıyevin bu məsələ ilə bağlı mövqeyi birmənalıdır: “Heç nə Holokostla müqayisə oluna bilməz. Bu, tarixi səhvdir”.

***

- Bəs Vaşinqtondakkı yəhudi lobbisi ilə əlaqələriniz varmı?

- İsraillə münasibətlərimiz bütün sahələrdə əladır. Azərbaycan-İsrail əlaqələri həm də azərbaycanlılarla yəhudilər arasındakı dostluğa əsaslanır. Bizim üçün “lobbi” anlayışı yoxdur. ABŞ-da yaşayan yəhudilər Azərbaycanın dostudur. Odur ki, onlarla dostluğumuz dünyanın istənilən ölkəsindəki yəhudilərlə dostluq əlaqələrimiz kimidir. ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatları Azərbaycanın icmarıcının dünyaya çatdırılmasına kömək edir. Biz regionda yeni əməkdaşlıq sahələri qurmağa, Cənubi Qafqazda sülh və sabitliyi bərqərar etməyə çalışırıq. Ölkəmizdə uzun illərdir ki, müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri birgə yaşayır. Biz Azərbaycanda yaşayan yəhudilərdən, həmçinin digər ölkələrdəki yəhudilərdən dəstək göstərməyimizlə qürur duyuruq.

- Azərbaycanın İranın nüvə proqramına dair məlum sazişlə bağlı mövqeyi necədir?

- Biz hər zaman danışıqları dəstəkləyirik. Danışıqlar yararlı ola və xalqlar arasında qarşılıqlı anlaşmaya töhfə verə bilər.

- Yaxşı, bəs niyə İsraildə Azərbaycan səfirliyi yoxdur?

- İsraillilər ölkəmizə səfər edən zaman burada sülh mesajı verildiyini və bütün Azərbaycan boyu İsrail bayrağının qaldırıldığını görürlər. Azərbaycan xalqı bunu səmimi qəlbdən edir. Üstəlik, xalqımız bununla iki ölkə arasındakı əlaqələrə yüksək qiymət verdiyini göstərir. Azərbaycanla İsrail bir-birini əla başa düşür. Bizim çox yaxşı diplomatik əlaqələrimiz var. Müstəqilliyimizi elan edən zaman İsrail bizi tanıyan ilk ölkələrdən olub. Bəzən ölkələr arasında diplomatik əlaqələr olsa, o, Azərbaycan-İsrail münasibətləri qədər yüksək səviyyədə olmur.

***

Azərbaycan xalqı və hökumətində dərin təəssürat yaratmış hadisələrdən biri israilli göz həkimlərindən ibarət qrupun İkinci Qarabağ müharibəsi zamanı yaralanmış şəxsləri müalicə etmək məqsədilə Azərbaycana yollanmasıdır. “Mən onlara minnətdaram”, - deyə Hikmət Hacıyev bildirir: “Onlar işlərinin çox olmasına baxmayaraq, Azərbaycana gəlib, burada gündə 10-15 əməliyyat aparıblar. Bu, yəhudi xalqının insan həyatına ehtiramını göstərir. Onların insan həyatı ilə bağlı narahatlıqları əslində, yəhudi xalqının DNT-sinin bir hissəsidir. Bu, yəhudilərdəki yardım etmək istəyi ilə bağlıdır. Biz buna oxşar digər təşəbbüslər də həyata keçirmək niyyətindəyik. Azərbaycan yaralılara yardım göstərmək üçün İsrailin təcrübəsindən istifadə edir”.

***

Qarabağdakı yenidənqurma işlərinə İsrail şirkətlərini də cəlb edəcəksiniz?

- İsrail şirkətləri ilə əlaqədəyik. Bu məqsədlə hökumətlərarası əlaqələrdən geniş istifadə edirik. İsrail şirkətlərinin bizə yardım göstərməsi üçün böyük potensialı var. Odur ki, Azərbaycan “ağıllı şəhərlər”in yaradılmasında, su sahəsində İsrail şirkətlərinin yardımda maraqlıdır.

- Sonda İsrailə hansı icmarıcları vermək istərdiniz?

- Mən İsrailə sülh diləyirəm. Azərbaycan xalqı ilə israillilər tarixi dostlardır. İsrail xalqı hər zaman sülhün olmamasından əziyyət çəkib. Odur ki, biz onlara sülh, İsrail dövlətinə uğurlar arzulayırıq. “Startaplar ölkəsi” bizim dostumuzdur.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: ISRAEL HAYOM

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar