Məlum olduğu kimi, Dubay dövlət qulluqçuları üçün dörd günlük iş həftəsi rejimini sınaqdan keçirəcək. Dubay Hökumətinin İnsan Resurslarının İdarə Edilməsi Departamenti avqustun 12-dən sentyabrın 30-dək davam edəcək dörd günlük iş rejimi sınağı üçün 15 dövlət qurumu seçib. Bu qurumların işçiləri həftədə dörd gün, gündə isə yeddi saat işləməklə tam maaş alacaqlar.
Bu qərar Azərbaycanda da testdən keçirilə və perspektivdə tətbiq oluna bilərmi?
Məsələ ilə bağlı Bakupost.az -a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, Azərbaycan və bir çox dünya ölkələri bu cür eksperimentlər apara bilər. Lakin total şəkildə buna hazırlıq kafi deyil:
“Dörd günlük iş həftəsi rejimini hər yerdə tətbiq etmək mümkün deyil. Dövlət sektorunda isə ümumiyyətlə, mümkünsüzdür. Azərbaycanda bunun tətbiqi ağlabatan görünmür. Amma kimsə istəsə, özəl sektorda belə bir rejimi tətbiq edə bilər. Bunun üçün qanunvericilik məhdudiyyəti yoxdur”.
S.Məmmədovun sözlərinə görə, bəzi Qərb ölkələrində dörd günlük iş rejimi eksperiment səviyyəsində həyata keçirilir:
"Eksperimentlər biznes maraqları və işçilərin istirahət vaxtının genişlənməsi ilə məhdudlaşmır. Burada şirkətin öz gəlirləri də var. Biznesmen işçini beş gün işlədib əldə etdiyi hasilat normasını indi artıqlaması ilə dörd gündə əldə edir. Əvəzində müəssisə tutaq ki, bir gün işləmirsə, enerjiyə və resurslara qənaət etmiş olur. Bu zaman hasilat normasında azalma baş vermir, məhsuldarlıq aşağı düşmür, işçinin əməkhaqqı da olduğu kimi qalır. Beləliklə, hər iki tərəf qazanır".
Sevinc,
BakuPost