Azərbaycanda Nobel qardaşlarına film həsr olundu - Fotolar

1054
Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyətinə həsr olunmuş "Miras” adlı bədii-sənədli film hazırlayıb.

BakuPost xəbər verir ki, film layihəsi "Nobel oil” şirkətinin sponsorluğu ilə həyata keçirilib.

Filmin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.

Ekran əsərində Nobellərin böyük nailiyyətləri - dünyada ilk neftdoldurma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənlərin (rezervuarların) yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi və şirkətin neft sənayesində tətbiq etdiyi bu kimi bir sıra digər yeniliklərdən də bəhs olunur.

Eyni zamanda, filmdə neft sənayesinin inkişafı ilə "qara qızıl”ın geostrateji xammal kimi əhəmiyyətinin artması, eləcə də, Azərbaycanın regionda geosiyasi önəm qazanması və bir neçə qitənin nəhəng şirkətlərinin Bakı nefti uğrunda gərgin mübarizə aparmalarından da danışılır.

Bundan başqa, filmdə Nobel Mükafatı Fondunun 15-17 faizinin "Nobel qardaşları” neft hasilatı şirkətinin Bakı neftindən əldə edilmiş gəlirləri hesabına təşkil etməsi qabardılır və Bakı neftinin tarixi, bəşəri əhəmiyyətli Nobel Mükafatı Fondu ilə üzvü bağlılığı qeyd olunur.

Həmçinin "Miras” filmində Nobel qardaşları tərəfindən "qara qızıl”a dair yaradılan irsin bu gün Azərbaycanda inkişaf etməsi və ölkənin dünyanın etibarlı enerji təminatında  rolu nümayiş olunur.

"Miras” bədii-sənədli filminin ssenari müəllifi və quruluşçu rejissoru Zaur Qasımlı, quruluşçu operatoru Vladimir Artemyev, quruluşçu rəssamı isə Şahin Həsənlidir.  

Filmin tezliklə ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.
 
 
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər