Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Bolqarıstanın “Lüdoqorets” komandasına 1:2 hesabı ilə uduzan "Qarabağ" səfərdə bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxdı. Belə ki, Qurban Qurbanovun yetirmələri Bolqarıstanda 3:2 hesablı qələbə qazandılar, əlavə vaxtda isə daha 4 qol vurdular. "Qarabağ"ın "Lüdoqorets" üzərində 7:2 hesablı qələbəsi böyük ruh yüksəkliyi yaratmışdı. Azarkeşlər "Qarabağ"ın Xorvatiyada Zaqreb “Dinamo”su ilə oyunda da qələbə qazanacağı, ən azı heç-heçə oynayacağına ümid edirdilər. Lakin "Qarabağ" “Dinamo”ya böyük heabla (0:3) məğlub oldu.
Ağdam təmsilçisinin ciddi məyusluq yaradan bu məğlubiyyətinin səbəbi nə idi? Komanda harada səhvlər yol verdi? Bəs komanda niyə böyük hesabla uduzdu? Boşluqlar harda idi?
Bakupost.az -a açıqlamasında yazıçı Aqil Abbas “Qarabağ”ın yaxşı oynadığını, ancaq bəxti gətirmədiyini dedi:
""Qarabağ" gözəl oynadı, ancaq bəxti gətirmədi. Bu, futboldur. "Qarabağ"ın 10-a yaxın qol vurmaq şansı oldu, amma alınmadı. Eybi yoxdu, burda əvəzini çıxarıq”.
A.Abbas komandanın müdafiəsində boşluqlar olduğunu da bildirdi:
“Müdafiədə boşluqlar var idi, vəssalam. Hər halda Qurban müəllim yoluna qoyacaq. Narahat olmayın”.
Komanda.az saytının baş redaktoru Rəşad Ergün isə Bakupost.az -a açıqlamasında komandada müəyyən gərginlik olduğunu bildirdi:
""Ludoqorets"lə Bakıdakı oyunda "Qarabağ"da müəyyən problemlər olduğu ortaya çıxmışdı. Baxmayaraq ki, sonradan komanda səfərdə 7:2 hesablı qələbə qazandı. Dünənki məğlubiyyətə gəlincə, ötən mövsüm "Qarabağ"ın "Braqa" və "Bayer"lə uğurlu oyunlarından sonra komandadan gözləntilər həddən artıq çoxalıb. Amma "Qarabağ" həmin matçlara rahat çıxırdı, itiriləcək çox şeyi yox idi. İndi isə vəziyyət başqadır. İndi həmin rahatlıq yoxdur və bu da özünü göstərir. "Dinamo"ya məğlubiyyətin konkret səbəblərinə gəlincə, qol epizodları boşa verildi, komandada müəyyən gərginlik var, müdafiə və qapı xətti sanki əvvəlki etibarlılığını itirib”.
Vasif Əlihüseyn
BakuPost