"XALQ ŞAİRİ ADINI VERSƏLƏR DƏ, QƏBUL ETMƏRƏM"
Son vaxtlar ağır xəstəlikdən əziyyət çəkən, tanınmış Azərbaycan şairi, sabiq deputat Musa Yaqub səhhəti, AYB ilə münasibətləri barədə BakuPost.az-a qısa müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Musa müəllim, bir il xəstə yatağında yatdınız. Belə bir hiss yaşadınızmı ki, bu da son, ömür bitdi?
- Yox, imkanım olmadı onu düşünməyə. Ömürün bitməsindən qorxmamışam heç vaxt. Amma çox əziyyət çəkirəm. Səsim çıxmır, ayağım qalxmır ki, yeriyəm.
- Axırıncı dəfə nə vaxt şeir yazmısız?
- 3-4 gün bundan qabaq.
- Mövzu nə idi?
- Evin içində oturub evə tələsirdim. Bütün otaqları axtardım, yoldaşımı tapmadım. Yəni məhəbbət mövzusu.
- Ustad, Zəlimxan Yaqub və Qəmbər Şəmşiroğlu ilə dost idiniz. Get-gəliniz var idi. Zəlimxan Yaqub Allahın rəhmətinə qovuşub. Qəmbər Şəmşiroğlu isə ahıl yaşındadır. Onların övladları yanınıza gəlirmi, kefinizi soruşurmu?
- Yox, nə Bəhlul, nə də Cavid Qurbanov ("Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili – red.) yanıma gəlməyib. Cavidlə ruh yaxınlığımız var, onun da həyat yoldaşı rəhmətə gedib. Ancaq gərək, onlar mənimlə əlaqə saxlayaydılar.
- Xəstə yatağında yatdığınız zaman müalicənizə Azərbaycan Yazıçılar Birliyi, birliyin sədri, xalq yazıçısı Anar dəstək oldumu?
- Yox, mən özüm də müraciət etdim, amma etmədilər. Dedim, məni Türkiyəyə göndərin, göndərmədilər. Dedilər, gərək, icra başçısı desin, sonra kömək edək. Qorxdular. Anar bütün tədbirlərimdə iştirak edib, bircə bu işdə yox, qorxub. Dövlət də kömək etmədi.Bütün xərclərimi özüm çəkmişəm. Mənə prezident təqaüdü də verməyiblər.
- Sabah durub eşitsəniz ki, sizə "Xalq şairi” adı verilib, nə edərsiz?
- Mən daha Xalq şairi adını istəmirəm. Sabah-bürügün ölürəm, indi neynirəm o adı?
Şair kövrəlir və bu şeirini deyir:
Ürək telim buz bağladı,
Dondurdu sırsıra məni,
Mən hara, bu məclis hara,
Kim gətirdi bura məni?
O zorbala, bu ərköyün,
Üz qırmızı alın düyün,
Açması yox bu örtüyün,
Salacaqlar tora məni.
Bir az susdum, bir az dedim,
Bu oyundan xilas dedim,
Ha üç badam bir qoz dedim,
Qoşdular bu xora məni.
- Bir də görürsən ki, hansısa ortabab şairə fəxri ad da verirlər, hətta maşın da hədiyyə edirlər... Sizə necə?
- Onlara maşın verirlərsə, mənə də təyyarə düşür. (gülür)
Elşad
BakuPost.az