- Dörd yeni sərhəd döyüş məntəqəsi yaradıldı - HƏRBİ EKSPERTDSX Qazaxda irəlilədi

  • 14 Avq 2019 17:59
  • 1469 Baxış
 - Dörd yeni sərhəd döyüş məntəqəsi yaradıldı - HƏRBİ EKSPERT DSX Qazaxda irəlilədi
2018-ci ildə Azərbaycan-Ermənistan dövlət sərhədinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi barədə qəbul edilən qərar ümumilikdə Azərbaycan Sərhəd Mühafizəsi üçün tarixi əhəmiyyətə malik hadisələrdən hesab edilir. Qonşu dövlətlərin, xüsusən də işğalçı Ermənistanın demək olar ki, bütün hərbi və siyasi dairələrində ciddi müzakirələrə səbəb olan bu qərar, birmənalı olaraq Azərbaycanın Qarabağ istiqamətində əsas qüvvələrin cəmləşdirilməsi istiqamətindəki qruplaşmanın say tərkibinin artırılmasına xidmət edən addım kimi dəyərləndirildi.




Doğrudan da bu addımın ordumuzun hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəldiyini və opponentlərin də səsləndirdiyi qiymətləndirmənin doğru olduğunu nəzərə alsaq, bunun üzərində dayanmağa və müzakirə aparmağa ciddi ehtiyac qalmır.




 

Dekabr ayında, yerdəyişmə başa çatandan az sonra işğalçı ölkənin silahlı qüvvələrinin bu istiqamətdə olan bölmələri atəşkəs rejimini intensiv surətdə pozmağa cəhd edərək sərhədçilərimizin bu əraziyə yerləşdirilməsi qərarına kölgə salmağa cəhd etdilər. Yanvar ayı ərzində Qazax rayonunun ərazisindəki sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan mühəndis texnikaları iri çaplı pulemyotlardan bir neçə dəfə atəşə tutuldu.




 

Düşmən tərəfin təxribatları bir neçə istiqamətdən paralel olaraq döyüş mövqelərimizin və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimizin, hətta üzərində "Hərbi tibbi yardım” sözləri yazılan və qızıl aypara nişanının təsviri olan UAZ markalı avtomobilin də düşmən snayperləri tərəfindən dəfələrlə atəşə tutulması ilə davam etdirildi. Sərhədçilərimiz hər dəfə düşmənə layiq olduqları cavabı verməkdə heç tərəddüd də etmədi. Hazırda Dövlət Sərhəd Xidməti bütün təxribatlara operativ reaksiya vermək, ən ucqar ərazilərdə belə daha geniş imkanlara malik ehtiyatlara malik olmaq, gələcəkdə baş verə biləcək insidentlərin qarşısını qətiyyətlə almaq və düşmənə sarsıdıcı zərbə endirmək məqsədilə "Qazax” sərhəd dəstəsinin bazasında əlahiddə sərhəd diviziyası yaradıldı.


 

Hazırda diviziyanın ştat strukturunun formalaşdırılması üçün təşkilati-səfərbərlik prosedurları sürətlə davam etdirilir. Diviziyanın formalaşdırılması bu istiqamətdə daha ciddi atəş gücünə malik ehtiyatların, o cümlədən diviziyanın özünün birbaşa tabeliyində daha geniş tərkibli xüsusi təyinatlı, artilleriya, kəşfiyyat, mühəndis, rabitə, zirehli hissələri ilə bərabər əlahiddə təchizat bölməsinin yaradılmasına da səbəb olacağı gözlənilir. 




Standart vəziyyətdə təxminən son 10 il ərzində bu ərazidə ən çox eşitdiyimiz Bala Cəfərli, Məzəm, Quşçu Ayrım kəndləri istiqamətində atəşkəsin pozulması ilə bağlı xəbərlər olurdu. Təbii ki, son zamanlar Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax rayonu ərazisində bir-birinin ardınca baş verən bu hadisələr, o cümlədən yeni sərhəd diviziyasının yaradılması, bütün vətəndaşlarımız kimi bizim də diqqətimizi cəlb etməyə bilməzdi. Bu məqsədlə Ordu.az kollektivi sərhədçilərimizin xidmət və məişət şəraiti, son görülən mühəndis işləri və baş verən hadisələrlə yerində tanış olmaq üçün artıq yeni formalaşdırılan diviziyanı yenidən ziyarət etdi.

 

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əlahiddə sərhəd diviziyasının yeni hərbi hissəsi bu ilin mart ayının 18-də xidməti istifadəyə verildi. Hərbi hissə müasir tələblərə uyğun olaraq bütün yaşayış və qeyri-yaşayış otaqları, zəruri obyekt və elementlərlə təchiz edilib. Hərbi hissədə müasir mərkəzləşdirilmiş müşahidə, istilik və işıqlandırma sistemləri quraşdırılıb. 




Yeni inşa olunan binanın ilk mərtəbəsində qərargah, digər 4 mərtəbəsində isə şəxsi heyəti üçün yaşayış mənzilləri yerləşir. Bütün mənzillər mebel, məişət və texniki avadanlıqlarla təmin olunub. 




Hərbi hissə mərkəzləşdirilmiş istilik sistemi, fasiləsiz su, elektrik və qaz ilə təmin olunub. Paralel olaraq, 50-dən çox sərhəd döyüş məntəqəsi də yüksək səviyyədə inşa edilib, bu isə əsgərlərimizin mənzil məişət şəraitinin ən yüksək səviyyəyə çatdırılmasına imkan verib. Artıq hər bir sərhəd döyüş məntəqəsində ayrıca yataq otağı, zabit otağı, silah otağı, yeməxana, hamam, sanitar qovşağı, anbarlar, dərs otağı, silah doldurma yeri, şəxsi heyətin asudə zaman keçirməsi üçün xüsusi yerlər və s. hazırlanıb. Şəxsi heyətin qidalanması üçün yeməklərin, o cümlədən çörəyin hazırlanması məntəqə daxilindəki qida bloklarında həyata keçirilir. Hər bir məntəqə avtonom isitmə və qaynar su təchizatına malikdir. 




Ərazi şərtlərinə görə, sənaye elektrik şəbəkəsinə qoşula bilməyən məntəqələrin generatorlarla təmin edilməsi ümumilikdə dəstənin 24 saat elektrik enerjisi ilə təchizatına imkan verib. Əslində mən təminat məslələrinə ixtisasım baxımından çox da diqqət yetirməyə bilərdim. Lakin hər bir əsgərimizin valideyni üçün maraqlı olan bu elementləri sadalamaqda məqsədim onları övladlarının bütün məişət problemlərinin mümkün ola biləcək ən yüksək səviyyədə təmin edildiyi barədə əmin etməkdən ibarətdir. Yəqin ki, həmin yerləri ziyarət etdikdə yazdıqlarımı valideynlərin özləri də təsdiq edəcəklər. Digər diqqət yetilməsi vacib olan element sərhəd müdafiə və mühafizəsinin təşkilindən ibarətdir. Sərhəd qoşunlarının dövlət sərhədinin mühafizəyə götürülməsi əmrindən sonra keçən qısa müddət ərzində döyüş mövqelərinin mühəndis təminatında kifayət qədər genişmiqyaslı tədbirlər həyata keçirilib, buna görə də məhz bu məsələnin üzərində bir qədər dayanmaq istəyirəm. 




Aparılan mühəndis işləri ilk baxışdan sadəcə döyüş mövqelərinin və əlaqə yollarının təkmilləşdirilməsi təəssüratı bağışlasa da, əslində bu tədbirlərin aparılması bir neçə daha vacib məqsəd daşıyır. Mühəndis işləri nəticəsində həyata keçirilən tədbirlər ilk növbədə şəxsi heyətin təmas xətti boyunca təyin olunan ərazilərə vaxtında və gizli şəkildə irəliləməsi üçün əlverişli şərait yaratmaqla bərabər bölmələrin çevik manevr etməsinə də imkan yaradıb. Bu tədbirlər nəticəsində arsenalda olan texnika və silahların manevr qabiliyyətini və istifadə effektivliyini artırmaq, düşmənin şəxsi heyətini, texnikalarını, avadanlıqlarını və maddi vəsaitlərini müxtəlif və daha əlverişli mövqelərdən zəmanətlə məhv etmək üçün real şərait yaranıb. Hazırda düşmənin müdafiə zolağında və onun ətrafındakı ərazilərdə yerləşən hərbi bölmə və obyektlərin kəşfiyyatı, onların aşkarlanması və izlənilməsi, düşmənin mümkün hərəkətləri və manevrlərinin nəzarətdə saxlanılması ilə bərabər öz qüvvələrimizin və obyektlərimizin, o cümlədən davam edən mühəndis təminatı fəaliyyətlərinin gizlədilməsi (maskalanması) məqsədilə tədbirlərin həyata keçirilməsinə ciddi diqqət yetirilir. 




Müdafiənin sabitliyini təmin etmək üçün artilleriya və zirehli vasitələrin atəş mövqelərinin yaradılması və "ölü zonalar"ın istisna edilməsi də prioritetlər arasındadır. İndiyə qədər heç bir KİV-in bu istiqamətdə aparılan mühəndis işlərinin real miqyası barədə məlumat verməməsi də çox təəccüblüdür. İşlərin miqyası kifayət qədər genişdir, məsələn Babakər dağ silsiləsinin Gürcüstan və Ermənistanla sərhədlərin kəsişməsində olan hissəsində kilometrlərlə yeni əlaqə yolları (Nəzərə alsaq ki, texnikaların təhlükəsiz çalışması üçün əvvəlcə şəxsi heyət buna uyğun şərait yaradır, sonra isə texnikalar işə başlayır, o zaman görülən işlərin miqyası daha qabarıq təsəvvür edilə bilər) yaradılıb. 

 




Ərazidə mühəndis təminatının vəzifələri bir neçə üsulla və texniki vasitələrin köməyi ilə həyata keçirilir. Bu məqsədlə hərbi hissənin sərəncamında olan qüvvə, avadanlıq və texniki vasitələr də cəlb edilib. Babakər dağının zirvəsi əvvəldən də bizim nəzarətimizdə olub, lakin Ermənistan tərəfinin təxribat xarakterli fəaliyyətləri DSX-ni bu istiqamətdə həm sərhəd diviziyası yaratmağa, həm də sərhəd döyüş məntəqələrinin müdafiə və mühafizə imkanlarını artırmaq üçün müəyyən addımlar atmağa vadar edib. Hazırda 700 metr yüksəkliyindəki strateji Babakər dağ silsiləsinin zirvəsindən çox uzaqlıqda yerləşən, lakin yenə də Ermənistan silahlı qüvvələrinin mövqelərinə görə hakim yüksəklik statusunu qoruyan bütün hündürlüklərdə sərhədçilərimiz tərəfindən yeni mövqelər yaradılıb. Bəzi istiqamətlərdə mövqelərimiz daha da irəli çəkilib. Tutulmuş yeni mövqelərdə 4 sərhəd döyüş məntəqəsi yaradılıb. 




Yeni mövqelərdə davamlı və sabit müdafiənin yaradılmasında ehtiyat bölmələrin gizli və təhlükəsiz şəkildə təmas xəttindəki mövqelərə vaxtında yerləşdirilməsi üçün zəruri şəraitin yaradılmasına, düşmən hücum və təxribatlarının qarşısının alınması üçün əlverişli əsas və ehtiyat mövqelərin hazırlanmasına, müxtəlif çaplı və fərqli təyinatlı silahların düşmənlə real atəş məsafəsinə uyğun mövqelərdə yerləşdirilməsinə, arsenalda olan silah sistemlərinin maksimum səmərəli tətbiqinə, döyüş növbətçiliyi aparan və döyüşə daxil ediləcək ehtiyat bölmələrin manevr imkanlarının genişləndirilməsinə, bölmələrin düşmən atəşindən qorunmasına, düşmənin manevrini məhdudlaşdırmaqla ona maksimum itki verilməsinə xüsusi diqqət yetirilir. Əksər müdafiə sərhəd zolağında olduğu kimi, tutulan yeni mövqelərdə sərhədlərin müdafiə və mühafizəsi gücləndirilmiş rejimdə, əlavə silah, avadanlıq və texnikaların cəlb edilməsi və ciddi nəzarət altında həyata keçirilir. Şəxsi heyətin silahlanmasında yerli istehsal olunan silahlarla yanaşı ağlınıza gələ biləcək ən müasir snayper silahlarından istifadə edilir. Şəxsi heyətlə təmasdan məlum oldu ki, düşmən təxribatları bu günə qədər hələ də davam edir, lakin sərhədçilərimiz düşmənin istənilən addımlarının qarşısını qətiyətlə almaqda bir an da olsun tərəddüd etmirlər. Düşmənin özünün də etiraf etdiyi itkilər isə yazdıqlarımızı bir daha təsdiqləyir. Silahların markası barədə daha detallı məlumat almaq istəyən opponentlər isə bu yaxınlarda məhv edilən erməni əsgərinin başından güllə çıxaran erməni ballistik kriminalistlərinə müraciət edə bilər. Hazırda mövqelərin mühəndis təminatı işləri fasiləsiz olaraq davam etdirilir. 

 




Ümumiyyətlə, DSX yaranan gündən bəri döyüş hazırlığı və nizam-intizam qaydalarını birinci sırada tutmaqla zabit, gizir, çavuş və əsgər heyətinin məişət şəraitinin yaxşılaşdırılmasında, tabelikdə olan müxtəlif qurumların maddi texniki təminatında, silah və texnika parkının yenilənməsində, əsgəri yataqxana fondunun standartlara uyğun tam yenidən qurulmasında, avtomobil parklarının, o cümlədən texniki xidmət və təmir üçün nəzərdə tutulan qeyri-yaşayış obyektlərinin yenilənməsində operativliyi ilə daim fərqlənib. Bütün bunlara müasir tipli texniki vasitələri, o cümlədən ağır və yüngül zirehli vasitələri, tırtıllı zirehli odsaçanları, bir neçə tipdə geniş fəaliyyət radiusuna maliik kilidlənən zərbə PUA-ları, dünyanın ən müasir snayper tüfənglərini, iriçaplı antimaterial silahları və s. əlavə etsək, o zaman DSX hissə və bölmələrinin funksional vəzifələrinin yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərin əsl səbəbi məlum olar. Təbii ki, Ermənistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətinin həyata keçirilməsi digər həmsərhəd dövlətlərlə sərhədlərin mühafizəsi ilə müqayisədə bir çox fərqli cəhətləri və çətinlikləri ilə seçilir. Çünki bu istiqamət yalnız sərhəd deyil, həm də təmas xəttininin keçdiyi ön xəttdir. Lakin DSX-nin Sərhəd Qoşunlarının şəxsi heyəti qısa bir müddət ərzində qarşılarına qoyulan kifayət qədər ciddi tapşırıqların öhdəsindən məharətlə gəldi. Burada DSX-nin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinə və döyüş ruhunun yüksək səviyyədə saxlanılmasına, şəxsi heyətin hər bir uğurunun qiymətləndirilməsinə, valideynlərlə əlaqələrin aktiv saxlanılmasına ciddi diqqət yetirilməsi də az rol oynamadı. Bütün bu sadalananlar qəhrəman sərhədçilərimizin üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə icra etməsi üçün münbit şərait yaradır. Bizim təmas xəttinə səfərimizin "Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyi” ərəfəsinə təsadüf etməsini nəzərə alaraq, kollektivimiz adından DSX-nin bütün şəxsi heyətini təbrik edir, onlara çətin və məsuliyyətli, lakin şərəfli xidmətlərində müvəffəqiyyətlər arzu edirik. Bayramınız mübarək! 





Hərbi ekspert Ədalət Verdiyev

(ordu.az)



 



 - Dörd yeni sərhəd döyüş məntəqəsi yaradıldı - HƏRBİ EKSPERT DSX Qazaxda irəlilədi
 - Dörd yeni sərhəd döyüş məntəqəsi yaradıldı - HƏRBİ EKSPERT DSX Qazaxda irəlilədi
 - Dörd yeni sərhəd döyüş məntəqəsi yaradıldı - HƏRBİ EKSPERT DSX Qazaxda irəlilədi
 - Dörd yeni sərhəd döyüş məntəqəsi yaradıldı - HƏRBİ EKSPERT DSX Qazaxda irəlilədi
 - Dörd yeni sərhəd döyüş məntəqəsi yaradıldı - HƏRBİ EKSPERT DSX Qazaxda irəlilədi
 - Dörd yeni sərhəd döyüş məntəqəsi yaradıldı - HƏRBİ EKSPERT DSX Qazaxda irəlilədi