Ru
17:21 / 28 Oktyabr 2016

Fuad Poladov və “Azdrama”nın siçovulları

Fuad Poladov və “Azdrama”nın siçovulları
Eye


Nigar Etibar

Teatr sahəsindən başı
çıxanlar qala-qala bu mövzuda yazmaq mənə düşməz, amma Fuad Poladovun
"Azdrama”dan gedişi haqda (hadisənin həddən çox təsir etdiyindədir yəqin)
fikrimi bildirmək istəyirəm.


"Azdrama”dakı pərdəarxası
olaylarla heç vaxt maraqlanmamışam. Düzü, maraq dairəmdə də olmayıb.
Aktyorların bəzilərini də heç tanımamışam. Daha doğrusu, adlarını bilməmişəm,
teatra necə gəlib düşdüklərini, ümumiyyətlə, orada niyə olduqlarını
anlamamışam. Hər halda hər yerdə olduğu kimi kimlərinsə göydən düşürdüyü, yerdən
çıxardığı, həmin yerə dəxili olmayan adamların mövcudluğunu nəzərə alıb, bu məsələdə
baş sındırmağa da lüzum görməmişəm.


Amma işimizlə bağlı
olduğundan, 2 ildir ki, teatrda baş verənlərlə maraqlanıram. İsrafil
İsrafilovun teatrdan getməsinin, daha doğrusu göndərilməsinin az qala özü qədər
yaxından şahidi olmuşam. Elə bilirdik ki, orada baş verənlərin bütün günahkarı
İsrafilovdur və o getsə, "Azdrama” güllük-gülüstanlıq olacaq...


Direktor göndərildi. Bəs teatrdakı söz-söhbət
bitdimi? Aktyorların getməsiyçün canfəşanlıq göstərdikləri, redaksiyalarda
boğaz pərlərini yırta-yırta qarasınca söydükləri adam getdi, özü də əlli-ayaqlı,
arxasınca da "vedrələr”. Bəs nə qaldı,
yaradıcılıqmı? Hanı? İsrafilovun "zindana saldığı”, "boğub basdırdığı”, işləməyə
qoymadığı istedadlar niyə pərvazlanmadı? Niyə qalmaqal bitmədi? Niyə qeybət məclisləri
"zindandan” azad olunmuşkən yaradıcı mühitə transfer etmədi?


Amma bütün bu suallar,
"Azdrama”, hətta bütün Azərbaycan teatrı bir yanadır, Fuad Poladov bir yana.


Fuad Poladov Azərbaycan
teatrının özüdür bəlkə. 2 ilə yaxındır, izlədiyim qalmaqallarda bircə dəfə belə
olsun bu şəxsin adının hallandığını görməmişəm. Bircə dəfə də olsa, kimisə şərlədiyini,
kiminsə işdən çıxmasına səbəb olduğunu görməmişəm. Hətta adam teatrla yollarını
ayırmasıyla bağlı belə bircə kəlmə artıq-əskik söz demədi. Sadəcə etirazını
bildirdi və getdi.


Teatrda yalnız yaradıcılıqla
məşğul olan, eşitdiyim, bildiyim qədəriylə əməkdaşlıq etdiyi hər iki teatrla (Rus
Dram Teatrı və Akademik Milli Dram Teatrı) bağlı etirazını mətbuata deyil, rəhbərliyə
şəxsən bildirən tək-tük aktyorlardandır Fuad Poladov. Yəni özü boyda şəxsiyyətdir,
adamdır.


Və bu adam əlbəttə ki,
teatrda siçovulluq edənlərlə mübarizə aparmağı özünə qıymaz. Teatra bir balaca
nəzər salsaq bu siçovulları, bütün çırkli işləri görənləri, kimlərisə
qaralayanları, kampaniyalar quranları, ev yıxanları aydın görərik. Hələ onların
rəhbərlərindən danışmıram...


...Fuad Poladovun
teatrdan getməsinə səbəb olan olay - Hikmət Rəhimovun "Azdrama”dan göndərilmə
planlarının da onlar tərəfindən qurulduğu məlumdur. Fuad Poladov kimi heç nəyə
qarışmayan şəxs dillənib etiraz edirsə, demək Rəhimov hansısa oyuna qurban
verilib. İllərdir "Azdrama”da istədiyi kimi at oynadan, xaincəsinə hamını zərərsizləşdirməyi,
işdən çıxartdırmağı bacaran o adamlar isə hər daim obrazdadır. Lakin oynadığı
rollar səhnədə qalmır, kiminsə karyerası, işi, nüfuzu hesabına başa gəlir.

 

Amma vacib olan bircə məqam
var: biri var illərlə siçovulluğunun hesabına teatrda qalıb, hansısa baş rolu
qapasan, biri də var ədalətsizliyə etiraz edib, bircə dəfə kişi kimi gedəsən. Yəni
Fuad Poladov olasan!


Fuad Poladov və “Azdrama”nın siçovulları
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar