İran Azərbaycanla sərhəddə qoşun yerləşdirir. İran tərəfi bunu özünü hər hansı təhlükədən qorumaqla əlaqələndirir. Bu yaxınlarda İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Ərdəbil əyalətində vurulan dronun kəşfiyyat dronu olduğu müəyyənləşdirilib. Belə olan halda maraqlıdır ki, İran nəyə görə bütün sərhəd boyu təhlükəsizliyini təmin etmir? Ermənistanla sərhəddə qoşun yığmır. İranı Azərbaycanla bağlı narahat edən nədir?
Mövzu ilə bağlı
“BakuPost”a danışan politoloq Qabil Hüseynli qeyd etdi ki, İran Azərbaycan Ordusu əks hücum əməliyyatlarına başlayanda hadisələrə çox hiyləgər formada münasibət bildirirdi:
“Ordumuzun uğurları artanda, ermənilər üzərində qələbəsi şəksiz görünəndə İran verdiyi bəyanatların fonunu da, məzmununu da dəyişdi və Azərbaycanın ərazi bütövlüyündən danışdı. Həmçinin Dağlıq Qarabağın müqəddəs Azərbaycan torpağı olduğunu deməyə başladı”.
“İranın Azərbaycanla sərhəddə qoşun, ordu yığması onu göstərir ki, İran güclü Azərbaycanı istəmir və Azərbaycandan qorxur”, - deyən Q.Hüseynli əlavə etdi ki, Dağlıq Qarabağ problemini həll etdikdən sonra onsuz da bölgənin ən yaxşı dövləti olan Azərbaycan dünyanın inkişaf etmiş, sayılıb-seçilən, səsi beynəlxalq tribunalardan gələn daha güclü dövlətinə çevriləcək:
“Bu nöqteyi-nəzərdən İran tərəfi, xüsusilə onun fars millətçiliyinə söykənən siyasi elitası Azərbaycanın güclənməsindən çox narahatdır. Onsuz da Azərbaycanın müstəqilliyini heç vaxt qəbul etməyiblər. Çünki müstəqil Azərbaycan cənubdakı 35-40 milyonluq İranın əzici üstünlüyünə malik olan azərbaycanlılar üçün bir nümunədir. Bu nümunə fars şovinizmini çox naraht edir. Bu yaxınlarda bir videoya baxdım və həmin videoda Xudafərin boyunca Arazın bu tayında qalib Azərbaycan əsgərləri, o biri tayında isə cənubi azərbaycanlılar müzəffər Ordumuzun qələbəsini alqışlayır, “Qarabağ Azərbaycanındır” səsləri ucaldılır. Bütün bunları İran siyasi elitasının fars nümayəndələri yaxşı eşidir və görürlər. Qorxurlar ki, Azərbaycanın bu uğurları gələcəkdə İran üçün müəyyən sürprizlərə çevrilə bilər”.
Politoloq bildirdi ki, Azərbaycan dövləti ərazi bütövlüyünü təmin etdikdən sonra Türkiyə ilə əlaqələri daha da genişləndirəcək. Bu amili nəzərə alsaq, Mehri dəhlizi də Azərbaycanın ixtiyarına keçə bilər:
“Ən azından Laçın dəhlizi müqabilində Mehri dəhlizində İranı da əzə bilərik. Bu, Turan ordusu ideyasının gerçəkləşdirilməsi istiqamətində ciddi addımların atılmasına gətirib çıxara bilər. Təbii ki, İran bundan çox narahatdır. İndidən müəyyən tədbirlərlə cənubdakı soydaşlarımızın əzmini qırmaq istəyir, həm də Azərbaycan tərəfə sədd çəkərək Ermənistana da bəlli mesajlar verir. Ermənistanın qəyyumu olan Rusiyaya da məlum mesajları ötürür. Azərbaycanın işğala məruz qaldığı vaxtdan indiyədək İran Ermənistan üçün həmişə dayaq rolunu oynayıb, onlara silah göndərib. Demək olar ki, İran Ermənistanı tam blokadaya salmağa imkan vermir. Ermənistan üçün nəfəslik rolunu oynayır. Amma indi reallıqlar dəyişib və İran bunu qəbul etmək məcburiyyətindədir. Güclü Azərbaycan bölünmüş Azərbaycanın gələcəyi üçün ruhlandırıcı nümunə ola bilər”.
Ləman Hüseynzadə