Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:15 / 02 Avqust 2024

İstehsal azalır, işsizlik artır, kəndlər boşalır: nə etməli? - Araşdırma

7083
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı illərdir ki, bir neçə dövlət proqramı icra olunub. Bu günə qədər regionların əsas inkişaf strategiyasında paytaxtla region arasında qeyri-bərabər inkişafın minimuma endirilməsi, əhalinin rayonlardan iri şəhərlərə köçünün - daxili miqrasiyanın azaldılması, regioanlarda yeni iş yerlərinin açılması, peşəkar xidmət sferasının formalaşdırlması istiqamətində işlər görülüb. Torpaq sahiblərinə güzəştli supsidiyalar da verilib.

Ancaq buna baxmayaraq, ildən-ilə kənd təsərürfatında geriləmə müşahidə olunur. İnsanlar torpaqdan uzaqlaşıb yalnız bir istiqamətə - Bakıya axışır. Bölgələrdə iş, biznes qurub az-çox uğur qazanan, dolanışığı yaxşı olan insanlar da Bakıya üz tuturlar. Paytaxtdan mənzil alır, işlərini, biznesini şəhərdə davam etdirməyə maraq göstərir. Nəticədə də bölgələrimiz boşalır.




Göyçay sakini Rəsul Həsənov deyir ki, iki ilə yaxındır paytaxta yaşayır. Göyçaydan Bakıya gəlməsinin səbəbi işsizlikdir:

“Göyçayda şəxsi evim, həyət-bacam var. Amma iş, qazanc olmadığı üçün dolana bilmədim və Bakıya gəldim. Burada taksi fəaliyyəti ilə məşğul oluram. Qardaşım da mənimlə bərabər gəliba. O da işsiz idi. İndi kuryer işləyir. Rayon yerində 400-500 manat qazancla normal dolanmaq olar. Çünki, ev var, kirayə pulu ödəmirsən. Amma bu, yetərli deyil. Digər ehtiyaclarını ödəmək üçün qazanc, pul lazımdır. Əgər rayonda işim, qazancım olsa, burda nə işim var? Xeyli müddət rayonda əkin, bağ-bostan işi ilə məşğul olmuşam. Təsərrüfatımda yetişdirdiyim məhsulları satmaq üçün Bakıya gətirə bilmirdim, yerində də o qədər ucuz qiymətə götürürdülər ki, heç əziyyətinə dəymirdi. Ziyana düşdüm və o işi dayandırdım” .




İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu gün ölkə əhalisinin çox hissəsi Bakıda çəmləşib. Çünki iqtisadi fürsətlər, pul qazanmaq imkanları Bakıdadır. Paytaxtda karyera qurmaq imkanları bölgələrə nisbətən daha rahatdır. Ona görə də hamı Bakıya üz tutur:

“Regionların sosial-iqtisadi inkişafı ölkənin mono-iqtisadi sabitliyinin təmin edilməsində, işsizlik probleminin aradan qaldırılmasında, ticarət dövriyyəsinin artmasında mühüm amil hesab olunur. Ona görə də regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün əsas məsələ idarəetmə forması ilə bağlı problemlərin aradan qaldırılmasıdır".

Onun sözlərinə görə, yeni idarəetmə formalarının tətbiq edilməsinə ehtiyac var:

"Həm də regionlarda inzibati ərazi vahidləri də dəyişdirilməlidir. Bundan əlavə, sahibkarlar üçün ən effektiv güzəşt mexanizmləri olan kredit siyasəti yumşaldılmalıdır. Sahibkarların bazarda mövqelərinin güclənməsini əngəlləyən əsas nüans kredit faizlərinin yüksək olmasıdır. Bu sahədə müəyyən güzəştlər edilməlidir. Əhalinin rayonlardan iri şəhərlərə köçünün qarşısının alınması üçün regionlarda yeni iş yerlərinin açılması istiqamətində daha mühüm addımlar atılmalıdır. Şəhərləşmə prosesinin davamlı və daha effektli olması üçün başqa regional mərkəzlərin yaradılmasına və inkişaf etdirilməsinə, Gəncə, Şəki, Lənkəran kimi şəhərlərin regional cazibə mərkəzlərinə çevrilməsinə ehtiyac var. Bu baş verərsə, kənd təsərrüfatında olan problemlərin həlli də mümkün olar. Kənd təsərrüfatı ilə məşğul olan əhalinin ən azı yaxın 120 kilometrdə bazarı olmalıdır. Yəni, bu qədər məsafədə bazarı varsa, kənd təsərrüfatı ilə məşğul olmaq ona daha rahatdır və daha ucuz başa gəlir. Azərbaycanda isə vəziyyət elədir ki, hətta Qazaxda yaşayan və kənd təsərrüfatı ilə məşğul olan şəxs də məhsulunu məhz Bakıya gətirməyi düşünür. Bu isə təqribən 500 kilometrdir. Bu problem həllini tapmalıdır, regional cazibə mərkəzləri yaradılsa, yəqin ki, kənd təsərrüfatı ilə məşğul olanların sayı daha çox olar”.

Ekspertin fikrincə, xırda pay torpaqlarını paylamaqdansa, iri fermer təsərrüfatlarının yaranmasına dəstək vermək daha əlverişli olardı:

“Digər bir məsələ ondan ibarətdir ki, bizdə torpaqların özəlləşdirilməsi zamanı çox səhv bir yanaşma tətbiq edilərək, insanlara kiçik pay torpaqları verildi. Əslində kiçik pay torpaqları kənd təsərrüfatından qazanc məqsədilə istifadə üçün yararlı bir model deyil. Çünki, torpaq nə qədər kiçik olarsa, fermerin qazancı bir o qədər az olur və kənd təsərrüfatı ilə məşğul olmaq üçün stimul qalmır. Daha iri fermer təsərrüfatları yaradılmalı idi ki, bu digər sahələrin inkişafına da dəstək olsun. Aqrar-sənaye komplekslərinin yaradılması da gündəmə gələrdi. Təəssüf ki, bu, baş vermədi və kiçik pay torpaqlarına sahib olan fermerlər çox zaman orada çəkdikləri əziyyətin və xərcin qarşılığını görmədikləri üçün həmin torpaqlardan istifadə etmirlər. Ona görə də, torpaqlar və həyətyanı sahələr boş qalır”.

Natiq Cəfərli qeyd edib ki, fermerlərin məhsullarını bazara çıxarmaq üçün də imkanlar yoxdur. Onlara uzaq məsafə qət edərək məhsullarını bazara çıxarmaq sərf eləmir:

"Yol xərcləri artır. Yolda onlar nəqliyyat işçilərinin, icra hakimiyyətinin maneəsi ilə qarşılaşırlar. Kiçik bir fermer təsərrüfatına nəzarət edəcək onlarla dövlət qurumu var. Bu da fermerin işini çətinləşdirir. Gömrükdə yaşanan problemlər fermerlərin məhsullarını xarici bazarlara çıxarmasına da əngəl törədir. Bu problemin bir neçə səbəbi var və kompleks şəkildə həll olunmalıdır. Regionlarda fermerlərin bazara rahat çıxışının təmin edilməsinə dəstək göstərilməsinə böyük ehtiyac var”.




Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov deyir ki, regionların sosial-iqtisadi inkişafını bir neçə istiqamətə bölmək olar. Burada başlıca məsələ paytaxt və regionlar arasında qeyri-bərabər inkişafı aşağı salmaqdır. İkinci məsələ regionlarda yeni iş yerlərinin açılmasını təşkil etmək və buna nail olmaq, digər məsələ isə region əhalisinin paytaxta kütləvi köçünün qarşısını almaq və onların regionlarda işləyib qalmasına marağı artırmaqdır:

“Regionlarda mövcud olan təbii, insan və iqtisadi resuslardan səmərəli istifadə etməklə daxili məhsulu artırmaq lazımdır. Sahibkarlar üçün bu gün müasir iqtisadiyyatda ən effektiv güzəşt mexanizmləri kredit siyasətinin yumşaldılması və şaxələndirilməsidir. Bu gün sahibkarın bazarda mövqeyinin güclənməsini əngəlləyən əsas amil kredit faizlərinin yüksək olmasıdır. Bununla yanaşı, sahibkarlardan böyük girov bazası tələb olunur. Onların da əksəriyyəti girov bazasına malik deyil. Kredit və maliyyə resurslarına çıxışın asanlaşdırılması regional inkişafı təmin edir ki, bu da bütövlükdə ölkənin iqtisadi inkişafına zəmin yaradır. Vergi güzəştləri var, müəyyən ixracyönümlü rüsumlarla da bağlı güzəştlər mövcuddur. Dövlət qurumlarının da sayı kifayət qədər çoxdur. Amma kredit resurslarına çıxış olduqca məhduddır. Bu sahədə islahatlara ehtiyac var”.




İqtisadçı ekspert Rəşad Həsənovun dediyinə görə, iqtisadiyyatın regionlara doğru şaxələndirilməməsi insanların Bakıya üz tutmasına gətirib çıxarır:

“Ölkədə qeyri-neft iqtisadiyyatının zəif inkişafı, zəif şaxələndirilməsi təbii ki, özünü regionlarda daha kəskin şəkildə göstərir. Bu gün kənd təsərrüfatı, xüsusilə də regionun iqtisadiyyatının modelləşdirilməsinə ehtiyac var. Həmçinin hər bir region üçün prioritet, iqtisadi üstünlüyü olan fəaliyyət sahələri üzrə çıxarılmalıdır”.

Sevinc,
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar