Səbail rayon Məhkəməsinin sabiq hakimi, bir neçə səs-küylü məhkəmə çəkişmələrini idarə etməsi ilə tanınan Alim Namazovun oğlu Anar Namazov dələduzluqda ittiham edilir.
Bu barədə
Bakupost.az -a şikayət edən Samirə Quliyeva bildirib ki,
Anar Namazov bir neçə gəncin adına VÖEN açdıraraq onların etibarından sui-istifadə edib:
“Oğlum Vəli Quliyev 2019-cu ildə feysbukda Ömər Əzimov adlı biri ilə tanış olub dostluq əlaqələri yaradıblar. Bir müddətdən sonra Ömər oğluma qazanclı iş təklif edib. Oğlum da ona aldanıb. Ömər Elnur Əkbər oğlu adlı şəxslə birlikdə oğlumun adına VÖEN açıblar. Deyiblər ki, hər gəlirdən sənə pul verəcəyik. Malların vergisini özümüz ödəyəcəyik. Elnurla tanışlıqdan sonra Nəsimi Hüseynovun adına da VÖEN açaraq, etibarnamə veriblər. Nəsimi isə Baş Gömrük İdarəsində çalışır. Bir müddət sonra oğluma deyiblər ki, biz onu istifadə etmirik, lazım olmadı, bağladıq. Daha sonra Ömər onu Tərxan adlı biri ilə tanış edib, o da öz növbəsində Elmar Fəttullayev adına etibarnamə alıb. Bunlar da şirkət qurublar. Bundan xəbər tutduqda, oğluma VÖEN-i bağlatdırmasını dedim. Gedib bağlatdıranda öyrəndik ki, adına neçə yüz minlik mal gəlib, vergisi isə ödənməyib. Adına 3 dəfə başqa ölkədən mal gəlib. Dəfələrlə həmin uşaqlarla danışdım, dedilər, bu malı gətirən Anar Namazovdur”.
Şikayətçi A. Namazovla da əlaqə saxlayıb. O, hər dəfə problemi həll edəcəyini desə də, daha sonra bəhanələrlə ortalıqdan itib:
“Bu işin başında duran Anardır. Anar nə boynuna götürür, nə də ödəmirəm demir. Həll edəcəyəm deyib, Elnurun boynuna atır. Hətta Anar belə bir söz deyir ki, Elnur həmişə özü kimi narkomanları gətirirdi. Bu dəfə isə ev, ailə uşağı gətirib, başımı bəlaya salıb. Mənim oğlumdan başqa 4 nəfəri aldatdıqlarını bilirəm. Hər biri Nəsiminin adına etibarnamə verib. Anarı 1 gün tapırıq, söz verir ki, həll edəcəyik, amma hər dəfə də ortadan itir. Bu uşaqların hamısı tələbə idi, kasıb ailələrin uşaqlarını seçiblər. Mənim oğlumda 5 min 100 manata qədər, digərilərində isə 3-6-12-14 min borc yığılanlar var. Vergi də günü-gündən artır.
Hər yerə müraciət etmişəm, məktublar yazmışam, amma hələ də həll olunmayıb. Polisə də müraciət etmişik, mülki iş olduğunu deyib, məhkəməyə yönləndirir. Bu işdə dələduzluq, etibardan sui-istifadə var, polis araşdırması mütləq olmalıdır”.
Qeyd edək ki, Anar Namazov bu şikayətlərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bondatdel”) dindirilib.