Gəncə şəhərinin Kəpəz rayonunda 4 mərtəbəli yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gediblər.
Bu haqda BakuPost-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub. O, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.
Xatırladaq ki, hadisə nəticəsində dağıntılar altında qalmış 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər isə yaralı vəziyyətdə tapılaraq, xəstəxanaya yerləşdirilib.
* * *
Gəncə Şəhər İcra Hakimiyyəti partlayışla bağlı açıqlama verib.
BakuPost xəbər berir ki, qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Həsən Məmmədov "Qafqazinfo”ya bildirib ki, binanın 3-cü və 4-cü mərtəbəsində yaşayış yoxdur: "Yaşayış 1-ci və 2-ci mərtəbədədir. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində xilasetmə işləri aparır. Deyilənlərə görə, bir ailə dağıntılarda qalıb. Amma hələ ki, dəqiq deyil. Axtarışlar davam edir”.
Məlumata görə, hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıdan Gəncəyə gedir.