İqtisadçı-ekspert həbs olunan məmurlardan taladıqlarını almağın yollarını göstərdi
Korrupsioner sabiq məmurların həbsi davam edir. Son olaraq, 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutmuş Səlim Müslümov qandallanıb. Səbayel Rayon Məhkəməsi sabiq nazirin barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Səlim Müslümovdan əvvəl isə Ramiz Mehdiyevə yaxınlığı ilə tanınan “Baku Stell Company” rəhbəri Rasim Məmmədov həbs alınıb. İlkin ittihama görə, Rasim Məmmədov vəzifədə olarkən 55 milyon manat vəsaiti ələ keçirib.
Hazırda istintaq gedir və korrupsiya ittihamı ilə tutulanların nə qədər dövlət vəsaitini ələ keçirdikləri üzə çıxacaq. Bu zaman əsas məqamlardan biri də büdcədən oğurlanmış vəsaitlərin geri qaytarılmasıdır. Korrupsionerləri həbs etməklə iş bitmir, əsas onların oğurladıqları pulları geri qaytarmaqdır. Korrupsioner məmurlar həbsə getsin, yoxsa oğurladıqları geri alınsın? İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a deyib ki, məmurların oğurladıqlarını geri almaq mexanizmi olmalıdır: “Bu mexanizm şəffaf və işlək olmalıdır. Bunun üçün məhkəmə qərarları əsaslandırılmış şəkildə olmalıdır. Ona görə də, adı korrupsiya ilə bağlı hansısa bir məsələdə keçən insanların əməlləri ilk növbədə çox ciddi araşdırılmalı və korrupsiya əməli sübut olunmalıdır. Belə şəxslərin əmlakı əsaslandırılmış məhkəmə qərarı ilə müsadirə olunmalıdır ki, sonradan hüquqi kazuslar yaranmasın. Bunun da mexanizmi işlənib, hazırlanmalıdır. Söhbət tək Cinayət Məcəlləsindən yox, ümumilikdə yeni bir qanunvericilik təşəbbüsləri lazımdır. Çünki görünən odur ki, bir müddətdən sonra korrupsiyaya görə tutulan bəziləri azadlığa çıxırlar. Sanki heç nə baş verməyib. Ona görə də yeni qanunvericilik təşəbbüsləri lazımdır ki, maliyə resurslarının əldəetmə mexanizimləri aradan qalxsın. Söhbət bir şəxsin, 10-15 şəxsin həbs olunmasından getmir. Ümumiyyətlə, korrupsiyaya yol açan mexanizmin aradan qaldırması üçün görülmüş işlərdən gedir. Büdcə vəsaitlərinin axını elə şəkildə aparılmalıdır ki, həm şəffaflıq təmin edilsin, həm də bir daha başqaları bu əməlləri törədə bilməsinlər. İkincisi də əldə etdikləri qeyri-qanuni vəsaitin dövlət büdcəsinə və yaxud dövlətin ehtiyaclarına keçməsi üçün qanunvericiliyə uyğun məhkəmə qərarları vacibdir. Ciddi istintaq işlərinin aparılması, bütün korrupsiya əlaqələrnin ortalığa çıxması üçün çox ciddi iş gərəkir.
“Beynəlxalq Bank işi”ndə bir çox məsələlərin üzərindən sükutla keçildi. Başqa nazirlərə, iri məmurlara toxunan hissələr cinayət işindən çıxarıldı. Bu məsələ elə bir sədd çəkilməlidir ki, o fürsətlər məmurlarda, nazirlərdə olmasın. Büdcəni talamaq, korrupsiya ilə məşğul olmaq fürsətləri varsa, bunlar cəzasızlıq mühitində fəaliyət göstərirlərsə, o zaman bu məsələlərin qarşısını almaq çətin olacaq”.
Natiq Cəfərli deyir ki, vəziyyətdən çıxış yolu kimi göstərilən maliyyə amnistiyası üçün cəlbedici addımlar olmalıdır: “Qonşu Gürcüstanda belə bir amnistiya hökümət tərəfindən verildi. Qərar verildi ki, yenidən bir ağ səhifə açsınlar. Korrupsiya yolu ilə əldə edilən vəsaitin, əmlakın böyük bir qismi dövlətə qaytarıldı, bir qismi də həmin o vəsaitləri qaytaranlarda saxlanıldı. Həmin şəxslərə siyasətlə məşğul olmaq yasaq olundu. Həmin şəxslərə bizneslə məşğul olmaq üçün imkanlar tanındı. Gedib restoran, zavod, fabrik aça bilərlər. Belə yanaşma Azərbaycan üçün də keçərlidir. Maliyyə amnistiyası baş verməyən ölkələrdə vətəndaş qarşıdurması təhlükəsi hər zaman var. Məmurların ayaqları tapdandıqca, onların maraqlarına toxunduqca, onların öz vəsaitləri hesab etdikləri on milyonları əllərindən aldıqca, onlarda aqressiya formalaşır. Bu aqresiya gələcəkdə dövlətə qarşı özünü biruzə verir. Ona görə də sistemli yanaşma olmalıdır. Məsələn, Rusiyada 2016-cı ildə maliyyə amnistiyası verildi. Amma heç bir effekti olmadı. Çünki qarantiya yox idi, kimsə maliyyə amnistiyasına inanmadı. Azərbaycanda bu amnistiyanın verilməsi zamanı çoxdan yetişib. Bunun üçün idarəetmə islahatları paralel aparılmalıdır ki, güvən olsun. Amnistiya veriləndən sonra məmur biznesinə, məmur oğurluğuna, məmur özbaşınalığına, korrupsiyaya yol açan sxemlər aradan qaldırılmalıdır”.
5 gün əvvəl “Baku Stell Company” rəhbəri Rasim Məmmədov, ötən gün keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qandallandı. Bu şəxslərin korrupsiya əməlləri barədə mətbuatda illərdir ki, yazılar, araşdırmalar dərc olunub. Ümumiyyətlə, həbs edilən hər bir məmurun cinayət əməlləri haqda onlar vəzifədə olanda KİV-də məlumatlar yayımlanır. Məsələn, xarici işlər naziri Elmar Məmmədyarovun qanunsuz əməlləri haqda belə xəbərlər işdən çıxarılana qədər vardı. Hətta onun 1 milyon rüşvət müqabilində səfir təqdimatı verməsi xəbəri də bu günə qədər təkzib edilməyib. Bu gün Ukraynada səfir olan Elmira Axundovanın barəsində mətbuatda xeyli səs yazıları, cinayətə bərabər əməlləri haqda yazılar yer alıb. Amma tədbir görülmür. Halbuki Axundovanın mənbəyi cinayət dosyelərinə uzanan 30 milyonluq varidatı haqda sənədlər də ortalıqdadır.
Korrupsiya əməlləri ilə bağlı vaxtında müvafiq tədbirlərin görülməməsinin səbəbi nədir?
Natiq Cəfərli deyir ki, qanunvericilikdə mətbuatda gedən yazıların araşdırılması, cinayət işinin başlanması ilə bağlı müddəalar var. Sadəcə, bu müdəalar işləmir: “Hansısa məmur işdən çıxarılır, qanunsuz işlərlə məşğul olan iş adamının arxasında dayanan məmur səlahiyyətlərini itirir və bundan sonra araşdırmalar başlanır. Təbii ki, mediada çıxan məsələlər ciddi araşdırma mövzusu olmalıdır. Medianın gücü artırılmalıdır. 4-cü hakimiyyətin rolu sivil dünyada olduğu səviyyəyə qalxmasına imkan verilməlidir. Azərbaycanda vəzifədən çıxarılan məmurlar, nazirlər haqda hətta hökumət mediası da yazır. Halbuki belə olmamalıdır. Bu problem aradan qalxmalı, vətəndaş nəzarəti təmin edilməlidir ki, korrupsiya ilə mübarizədə ciddi nailiyyətlər əldə olunsun”./Musavat.com