Həyatyanı torpaq sahəsi qonşusu tərəfindən zəbt olunan Şabran rayon sakini əmlak hüququnu bərpa edə bilmir. BakuPost-a müraciət edən Şabran rayonu Babək küçəsi, 26-cı məhəllədə yaşayan Qasımov Elmar Qurbanəli oğlu bildirir ki, ona məxsus 1 sot torpaq sahəsi qonşusu Məmmədağa Hacıyev tərəfindən zəbt olunub. Qasımov Elmar ona məxsus ərazinin Məmmədağa Hacıyevdən boşaldılmasını dəfələrlə xahiş etsə də, qarşı tərəf buna məhəl qoymayıb, onun haqlı tələbini kobudluqla qarşılayıb.
Buna görə də Elmar Qasımov məhkəməyə müraciət edib. Vətəndaşın torpaq sahəsinin zəbt olunması açıq-aşkar görünsə və bununla bağlı rəsmi sübut olsa da, Şabran Rayon Məhkəməsinin sədri, hakim Çingiz İsgəndərov, qanunu pozanın xeyrinə qətnamə çıxarıb. Bu səbəbdən Elmar Qasımov həm də hakim Çingiz İsgəndərovdan şikayətçidir.
Şabran bələdiyyəsinin sədri Qəhrəman Quliyev tərəfindən məhkəməyə təqdim olunması üçün Elmar Qasımova arayış da verilib ki, 2013–cü il tarixli, 02 saylı iclas protokoluna əsasən ona 5 sot həyətyanı torpaq sahəsi satılıb, lakin həmin sahənin 100 m² -i - 1 sotu qonşusu Məmmədağa Hacıyev tərəfindən zəbt olunub. Yəni, Elmar Qasımovun sahəsinin qonşusu tərəfindən zəbt olunması rəsmən təsdiq olunub, amma görünür, bu rəsmi sənəd hakim üçün əsas deyil:
"2013-ci ildə qanuni şəkildə 500 manat rüsum köçürüb 5 sot Şabran bələdiyyəsindən torpaq sahəsi aldım. Əvvəllər bu ərazi boş sahə olub. Hamıya bu ərazidə 5 (20×25 metr) sot sahə verilib. Maddi imkanım olmadığından sahəmdə evi yavaş-yavaş, imkan düşdükcə tikirdim, amma orada yaşamırdım, bir müddət atam da əməliyyat olduğundan başım onun müalicəsinə qarşımışdı. 1 otaq yaşayış üçün tam hazır olandan sonra- 2019-cu ildə tikdiyim evə köçdüm.
Bu yaxınlarda hasar çəkməyə başlayanda məlum oldu ki qonşum mənim sahəmə girib. Bu da usta tikinti üçün ölçü işləri aparanda məlum oldu.
Mən bələdiyyədən nümayəndə çağırdım, onlar da xəritə ilə ölçdülər və dedilər ki, qonşun həqiqətən sənin sahənə girib, tikdiyi tövləsinin bir hissəsi sənin sahəndədir. Bunu bələdiyyə sədri, onun müavini İmran da dəfələrlə təsdiq edib. Torpaq sahəsinin planı, miqyası dəqiq göstərilib və asanca bilinir ki kimin sahəsi haracandır.
Torpaq sahəsinin mənə məxsus olması ,alqı-satqı ilə Şabran rayon bələdiyyəsindən alınmasına dair, İcra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin icazəsi və sairə bütün müvafiq sənədlərim var. Ödədiyim qəbzlərəcən var.
Amma bunlar sən demə, bəzən heç kimə lazım olmur”.
Şabran rayon məhkəməsində may ayında başlayan məhkəmə prosesində 4 məhkəmə iclası keçirilib. Məhkəmə iclaslarının hamısında hakim, Şabran Rayon Məhkəməsinin sədri Çingiz İsgəndərov olub:
"Birincisi məhkəmə iclası tanışlıq xarakerli olub, ikincidə hakim dedi ki sənədlərdən heç nə başa düşməyib.3-cü də məsələ arşdırıldı, bələdiyyə sədri xəritədə hər şeyi aydın göstərdi.
4-cü məhkəmə iclası heç 5 dəqiqə çəkmədi və hakim qarşı tərəfin xeyrinə qərar çıxardı. Hakim son məhkəmədə dedi ki, "sənin "kupçan” yoxdur deyə, iddian təmin olunmur və Məmmədağa Hacıyevin tikdirdiyi tövlənin ərazisi qanunidir. Mənim qaldırdığım iddia ilə bağlı hakimə etiraz ərizəsi yazan Məmmədağa Hacıyev sübut etməyə çalışıb ki, həmin sahə ona məxsusdur. Amma buna heç bir sübut gətirə bilməyib, lakin bu, hakimin onun xeyrinə qərar çıxarmasına mane olmayıb.
Qeyd edim ki, 2012-ci ildən bu ərazidə verilən torpaq sahələrinə görə heç kimə "Çıxarış” verilməyib. Bunun da səbəbi bələdiyyənin deyinə görə onların kadastra düşməməyilə bağlıdır. Amma bununla belə verilən sənədlər tam qanunidir. Heç kim gəlib deyə bilməz bu evlər qanunsuz tiklib, hər şey qanuni əsasladır, sadəcə olaraq bu evlər hələ ki, satıla bilməz. Hakim dövlət strukturunun rəsmi sübutunu görməzdən gəlir. Onsuz da sabahları "kupça” verilsə belə, o sənəd bələdiyyədən verilən sənədə əsasən veriləcək. Həmin sənəddə dəqiq göstərilib ki, o yer mənə aiddir.
Təbii ki, qərar qanunsuz və ədalətsiz olduğuna görə mən çıxarılan qərarla razılaşmadığımdan ona qol çəkmədim. Apellyasiya şikayəti verəcəm.
Mən məhkəmədə sual verdim hakimə ki, bəs tutaq ki, mənim sənədim qanunsuzdur, "kupçam” yoxdur, axı onun da sənədi eynilə mənim sənədim kimidir. Onun xeyrinə niyə qərar çıxarırsız bəs onda? Hakim cavab verdi ki, ”o sənlik deyil, onu biz burda həll etmişik”.






