"307 saylı orta məktəbin 6E sinfində oxuyan oğlum fizika müəllimi tərəfindən zorakılığa məruz qalıb. Sinif rəhbəri isə onu məktəbdən qovacağı ilə hədələyir".
Bunu
Bakupost.az -a şagirdin anası, 346 saylı məktəbdə müəllim işləyən Məlahət Nağıyeva bildirib.
Onun sözlərinə görə, fizika müəllimi Günay Şamilova təbiət fənni dərsi zaman şagirdə fiziki şiddət göstərib:
"Günay Şamilova uşaq dərslə bağlı sual verəndə onun başına bərkdən vurub və "Yekəbaş, sən niyə bunu bilmirsən?" deyib. Uşaq deyir ki, əli ilə elə bərk vurdu ki, şappıltısına bütün uşaqlar güldü".
Valideynin sözlərinə görə, oktyabrın 30-da isə sinif yoldaşı oğlunun boğazından yapışaraq başını lövhəyə çırpıb, daha sonra isə yerə yıxıb və təpikləyib:
"Uşaq dedi, az qala nəfəsim kəsilmişdi. Sıxmaqdan boğazında cırmaq izləri qalmışdı. Səhəri gün direktorun yanına apardım. Sinif rəhbərinə dedim. Direktor dedi ki, başqa sinifə keçirək, ya da alınmırsa, uşağı məktəbdən çıxarın. Uşağın döyülməsi ilə bağlı heç bir tədbir görmədi.
Sinif rəhbəri Vüsalə Əliyevanın oğlu başda olmaqla 7 nəfər idman zalının geyim otağında uşağı döyüblər. Arxadan uşağın alt geyimini çəkiblər. O da onlardan birini itələyib ki, sən neynirsən. Sonra 7 nəfər birləşib onu döyüblər.
Sinif rəhbəri isə valideynlərə şikayət yazdırmaq istəyib ki, uşağı məktəbdən çıxartdırsın. Bəzi valideynlər razılaşmayıb. Deyiblər ki, biz onları tanımırıq, niyə yazaq? Hətta bir valideyn mənə yazdı ki, bizə ərizəni məcbur yazdırdılar. Vüsalə müəllimə uşağa deyib ki, ya səni sinifdən çıxaracam, ya da özüm çıxacam".
Məlahət Nağıyeva oğlunun artıq 10 gündür dərsə getmədiyini deyib. Onun sözlərinə görə, tez-tez məktəbdə uşağı aşağılayır, fiziki təzyiq göstərirlər:
"Uşaq psixloji sarsıntı, stress keçirir. Hər dəfə məktəbə gedəndə eyni şeyləri yaşamaqdan yorulub".
Məsələ ilə bağlı 307 saylı məktəbdən Bakupost.az -a bildirilib ki, döyüldüyü iddia olunan VI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv davranışlar göstərir, eyni zamanda digər şagirdlərə təzyiq edir:
"Şagirdlə məktəb rəhbərliyi, məktəbin psixoloqu tərəfindən profilaktik söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək, övladının uyğunsuz davranışı ilə bağlı ona məlumat verilməsinə və xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib.
Müəllim və sinif rəhbərinin də yazılı şəkildə mövqeyi alınıb, onlara məsələyə daha həssas yanaşmaları tövsiyə olunub.
Müəllimin VI sinif şagirdinə fiziki təzyiq göstərməsi ilə bağlı valideynin iddiaları əsassızdır. Müəllimə qarşı əsassız ittiham KSQ-də obyektiv qiymətləndirmə nəticələrinin valideyni qane etməməsindən qaynaqlanır".
DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, paytaxtın Sabunçu rayonunda yerləşən orta məktəblərin birində oxuyan şagirdin həmyaşıdları və müəllimi tərəfindən döyülməsi ilə bağlı ərazi üzrə polis orqanına daxil olmuş məlumatla bağlı araşdırma aparılır:
"İnsidentdə adı hallanan müəllim, həmçinin şagirdlərin valideynlərinin iştirakı ilə izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyənləşdirmək məqsədi ilə ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir".
Lalə, Bakupost