Dünən Milli Məclisin plenar iclasında millət vəkili Fəzail Ağamalı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevin Bakıda tikintiyə qadağa qoyduğunu, 50 min insanın işsiz qaldığını bildirib. Spiker Oqtay Əsədov isə cavabında deputata 50 min insanın işsiz qalması barədə məlumatı haradan əldə etdiyi barədə sual ünvanlayıb. F. Ağamalı BakuPost-a müsahibəsində tikinti şirkətlərinin üzləşdiyi problem və parlamentdə çıxışının səbəblərindən danışır...
- Bakıda tikintiyə icazə verilməməsi nəticəsində 50 min insanın işsiz qalması barədə çıxışınız diqqət çəkdi. Tikinti şirkətləri nə üçün belə problemlə üzləşib?
- İnsanlar Bakıda tikintinin dayanması ilə əlaqədar işsiz qalıblar. Tikinti şirkətləri də bununla bağlı narahatlıq keçirilər. Deyilən budur ki, ən müxtəlif bəhanələrlə tikinti dayanıb. Tikintinin dayanması da yaxşı hal deyil. Ona görə də mən parlamentdə narahatlığımı ifadə etdim. Ümidvaram ki, artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yəqin ki, dayandırmış olduğu tikinti işlərinə qadağanı aradan götürəcək və tikinti işləri başlayacaq. Bu, məşğulluq, Bakının gözəlliyi, yararsız, qəzasız evlərin yerində gözəl binaların tikilməsi deməkdir. Ölkə Prezidentinin fəaliyyətinin başlıca məqsədlərindən biri də məşğulluğun təmin edilməsi, işsizliyin aradan qaldırılması, həm regionlarda və Bakı şəhərində tikinti işlərinin daha da sürətləndirilməsi, abadlığın yüksək səviyyədə aparılmasıdır. Ona görə də mən bu narahatlığı əsas götürərərk, dünən parlamentdə fikirlərimi önə çəkdim. Baxaq, görək cənab Samir Nuriyev hansı reaksiyanı verəcək. Əlbəttə, onun reaksiyasından çox şey asılıdır. Amma mən çox arzulayardım ki, o, tikinti işlərinə qoymuş olduğu qadağanı tezliklə aradan qaldırsın. Bunu hər kəs gözləyir.
- Həmin tikinti şirkətlərində 50 min insan çalışır?
- Ola bilər ki, bir qədər az, bir qədər çoxdur. Söhbət ondan getmir. Bakıda orta hesablama tikinti sahəsində çalışanların sayı kifayət qədər idi. Söhbət yetərincə ciddi rəqəmdən gedir. Müəyyən şərtlər vardı, ola bilsin ki, tikinti işlərinin aparılmasında nöqsanlar yol verilmişdi, standartlar pozulmuşdu. Mən bunu da istisna etmirəm. Lakin 1 ilə yaxındır ki, bu məsələ doğurdanmı konkretləşdirilmədi, şərtlər dəqiqləşdirilmədi? Kim bu şərtləri yerinə yetirmir, o tikinti şirkətinə qadağa qoymaq, sanksiyalar tətbiq etmək olardı. Yoxsa başdan başa tikintini dayandır, mən buna icazə vermirəm... Belə də olmaz. Bu sahədə problemlər, narazılıqlar var. Mən də millət vəkili kimi arzulayardım ki, bunlar olmasın. İnsanlar işləsin, evlərinə çörək aparsın, narazılıq olmasın. Buna yol vermək olmaz. Ona görə də mən istərdim ki, bu məsələyə məsuliyyətli yanaşsınlar. İnsanlara iş vermək lazımdır, işi almaq lazım deyil. Ölkə prezidentinin siyasətinin məğzində məşğulluq, insanların işləməsi, yüksək səviyyədə həyat şəraitinin qurulması dayanır. Hər kəs buna öz töhfəsini verməlidir.
- Belə anlaşılır ki Samir Nuriyev vəzifəyə təyin ediləndən – keçən ilin aprelindən Bakıda tikintilər dayandırılıb...
- Bəli. Samir Nuriyev vəzifəyə təyin ediləndən tikintilər dayanıb. Məndə məlumatlar var ki, Samir Nuriyev bu vəzifəyə təyin edilməzdən öncə razılıq alınmış tikinti şirkətləri də öz işlərini apara bilmirlər. Yəni Samir Nuriyev vəzifəyə təyin edilməzdən əvvəl bütün mərhələlərdən keçərək tikinti aparmaq üçün icazə alanlara da qadağa qoyulub. Sadəcə, "istəmirəm” deməklə olmaz axı?! Əsaslandırmaq lazımdır ki, niyə tikinti aparılmasını istəmirsən.
Hər halda Samir Nuriyev düşünməli, fikirləşməli, tezliklə bu problemi aradan qaldırmaq üçün konkret addımlar atmalıdır. İstəyimiz budur. Yoxsa mənim ona qarşı hər hansı subyektiv münasibətim yoxdur, ola da bilməz.
- Belə addımlar son zamanlar fəallaşan müxalifətə necə, əlavə arqumentlər vermir ki?
- Müxalifət nə edəcək? Müxalifət Azərbaycanda real gücə malik deyil. Azərbaycanda müəyyən anarxist qüvvələr var. Əli Kərimli hazırda anarxist proseslərin önündə gedir. İstənilən xırda bir vəziyyətdən məkrli məqsədlərini anti-Azərbaycan qüvvələri ilə reallaşdırmağa çalışır. Məqsəd odur ki, Azərbaycanda xaos, qarşıdurma yaransın, dövlətimiz zəifləsin, beynəlxalq nüfuzuna zərbələr endirilsin. Bu, anti-Azərbaycan qüvvələrin niyyətidir və Əli Kərimli də bu layihənin içərisində yer alır. Onlar təbii ki, bu və buna bənzər faktlardan istifadə etməyə çalışırlar. Məsələn, şəhid ailələrinə müraciət olundu, yaranmış situasiyadan istifadə etməyə çalışaraq onları öz tərəflərinə çəkməyə çalışdılar. 20 Yanvarda da yürüş, mitinq keçirmək istədilər. Onların fəaliyyətinin anatomiyasını təhlil edəndə görürsən ki, heç də xoş niyyətlər yoxdur.
İstisna olunmur ki, həmin qüvvələr bu məsələdən öz məkrli məqsədləri üçün istifadə edə bilər. O insanların içərisində məkrli məqsədləri başa düşən də, düşməyən də var. Ümumilikdə, söhbət Əli Kərimlinin müxalifətin bundan istifadə etməsindən getmir. Çünki xalqımızın mütləq əksəriyyəti Prezident İlham Əliyevlə bərabərdir, onun siyasətini müdafiə edir. Bu gün xalqla prezidentin möhkəm ittifaqı, birliyi var. Lakin biz cəmiyyətdə bu və buna bənzər halların baş verməsinə imkan verməli deyilik. Hər bir Azərbaycan vətəndaşı normal yaşamalıdır. Hər bir vətəndaşın evində qazanı qaynamalıdır. O qazanı qaynatmaq üçün əlində imkanı olan bütün məmurlar bu imkanı yaratmalıdırlar, qarşısını almalı deyillər. Hər bir insan, o cümlədən mən, ailəmə pul aparmasam, hansı vəziyyətə düşərəm? İstənilən məmur düşünməlidir ki, bu, vətəndaşdır, işləməli, ailəsini dolandırmalıdır.
Mən bu məntiqə söykənərək, ölkə Prezidentini məhz buna hədəflənən siyasətinə əsaslanaraq dünən parlamentdə bu məsələni qaldırdım.
Çingiz Əliyev
BakuPost