Ru
17:45 / 08 Oktyabr 2024

Nazir Azərbaycanın elm düşərgəsini ifşa etdi - İlk dəfə yüksək postdan deyilən acı reallıq

4200













Zahid Nurəliyev
Jurnalist

Elm və Təhsil naziri Emin Əmrullayev maraqlı adamdır. Açıqlamaları da maraqlı olur və uzun müddət müzakirə olunur. Məsələn, təzə təyin olunduğu vaxtlarda orta məktəblərdə "bayram pulu" yığılması haqda danışan nazirin "Valideynlərin verdiyi ödənişlər könüllü olmalı və şəffaf mexanizmlə tənzimlənməlidir” açıqlaması xeyli maraqla qarşılanmış və müzakirələrə səbəb olmuşdu. Kimi bunu nazirin guya rüşvəti leqallaşdırması kimi qiymətləndirmiş, onun ünvanına ittihamlar səsləndirmişdi, kimi isə əksinə, bununla onun məktəb direktorlarına xəbərdarlıq etdiyini bildirmişdi.

Başqa bir açıqlamasında isə Emin Əmrullayev "Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür" demişdi. Bu məsələ də xeyli müzakirə olundu. Hətta deputatlar arasında belə, nazirin "4 milyondan çox insanı təhqir etdiyi" iddiasına düşənlər oldu.

Digər bir bir misal. Ali məktəblərdə səmərəsiz, hətta lazımsız tədris məsələsinə toxunan nazir demişdi: "Universitetlərdə o qədər fənn var ki, onlar keçirilməməlidir". Doğrudan da bu gün təkcə universitetlər deyil, orta məktəblərdə də elə fənn və mövzular var ki, onların tədrisi sadəcə, vaxt itkisidir.

Orta məktəb demişkən, nazirin direktorlar haqqında dedikləri yadınızdadırmı? Gəlin, bir də xatırladaq: “Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim, nazirin qəbuluna düşməkdən daha çətindir. Belə hallar var. Mən istəyərdim ki, biz bu cür halları müzakirə edək. Necə edə bilərik ki, bu prosesi yaxşılaşdıraq”.


İndisə yenidən nazirin yaş məsələsi ilə bağlı dediklərinə qayıdaq. "25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür". Deyəsən, doğrudan belədir. Bizdə əksəriyyət məşhur atalar sözünü (Alim olmaq asandır, insan olmaq çətin) deyəsən, sözün birbaşa mənasında başa düşür. Bəlkə heç onları qınamaq da doğru deyil. Çünki Azərbacyanda alim olmaq həqiqətən də çox asandır. Elə ona görə də, misalı həqiqi alimlərdən uzaq, itə daş atırsan gedib "alim"ə dəyir. Alim olmaq asan olmasaydı, ölkədə bu qədər elmlər namizədi, elmlər doktoru olardımı? Əgər doğrudan da bu qədər adam alimliyi öz zəhməti, alın təri, araşdırma və kəşfləri ilə qazanıbsa, onda niyə elmimiz dünya elmindən bu qədər geri qalır? Niyə Nobel mükafatı alan demirəm, bu mükafata namizədliyi irəli sürülən bir fizik və ya kimyaçımız yoxdur? Hansı azərbacyanlı alimin yazdıqları ABŞ və ya Avropa ölkələrində tədris olunur?

Bu baxımdan nazirin bu gün dediyi "Elmi dərəcəsi olmaq və alim olmaq ayrı-ayrı şeylərdir. Alim o şəxsdir ki, onun həqiqətən də elmi məhsulu var. Elmi nəticəsi olmayan adamlara "siz alim deyilsiniz, sadəcə, elmi dərəcəniz var" - deməkdən qorxmasaq, çox irəli gedə bilərik. Elmi tədqiqatı olmayan adamlar özlərinə "alim" dedikcə, elm aşağı gedir" fikirlərində də haqlıdır...

Görün, vəziyyət nə qədər acınacaqlı, AMEA necə bərbad gündədirsə, artıq Elm və Təhsil naziri də bunu etiraf edir. Nazirin bu sözləri Azərbacyanda alim adının pulla alınıb-satıldığının rəsmi etirafıdır...

Amma etiraf azdır. Alim adının yalnız layiqli insanlara verilməsi üçün real addımlar atılmalıdır. O zaman təhsi sahəsində çox "pazl"lar yerinə oturacaq. İnanın ki, alim adının hər cür yaramaza verilməsi dayandırılsa, orta məktəblərdə də "fondpulu", müəllimlərin "bayrampulu" yığması "ənənəsi" aradan qalxacaq,..



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar