Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:52 / 11 Sentyabr 2024

Nazir qəzalı məktəblərlə bağlı tədbir görür? - Bəs, Bakıdakı gecəqondu məktəb niyə yada düşmür?

5342
Badamdar qəsəbəsində yerləşən və yolu olmadığı üçün neçə vaxtdır sakinlərin narahatlığına səbəb olan qalmaqallı Laçın qaçqın məktəbi bağlana, şagird və müəllimlər isə başqa məktəbə köçürülə bilər.

Hər halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakupost.az -ın sorğusuna cavabından belə aydın olur.

Sorğunun cavabına keçməzdən öncə qeyd edək ki, sakinlərin iddiasına görə, sözügedən məktəb gecə ikən tikilib və Badamdarda düz qayanın üstündə yerləşir. Arxa tərəfdən oraya yol yoxdur. Uçurumun üstündə yerləşən məktəbin ön tərəfdən olan yeganə yolu isə Badamdar qəsəbəsi 1-ci massiv, Topçubaşov küçəsi, 246 ünvanında yaşayan sakinlərin həyətindən keçir. Bu isə sakinlərlə məktəbin direktoru Piyalə Xudayarova arasında tez-tez qarşıdurma yaranmasına səbəb olur. Belə ki, vaxtilə məktəbin yolu digər istiqamətdən olub. Lakin orada yeni bina tikildiyindən məktəb yolsuz qalıb. Sakinlər humanizm naminə piyada getmək şərtilə müəllim və şagirdlərə öz həyətlərindən yol veriblər. Lakin bir neçə il sonra direktor və müəllimlər məktəbə onsuz da dar olan həmin yoldan maşınla gedib-gəlməyə başlayıblar. Sakinlərin qapısı birbaşa küçəyə açıldığı üçün dalandan avtomobil yolu kimi istifadə olunması azyaşlı uşaqların həyatına təhlükə yaradır. Bu səbəbdən neçə vaxtıdr ki, Topçubaşov küçəsi, 246 ünvanında yaşayan sakinlərlə məktəbin direktoru arasında qarşıdurma yaşanır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən həmin ərazidə məktəb binasının fəaliyyətinin qanuni olub-olmamasına dair sorğumuza cavab olaraq məsələnin araşdırıldığı bildirilib:

"Əməkdaşlarımız tərəfindən yerində baxış zamanı Səbail rayonu, 1-ci massiv, Topçubaşov küçəsi, ev 246 ünvanında müvafiq icazə və razılaşdırma sənədləri olmadan uzun müddət öncə 250 kvadrat metr sahədə inşa edilmiş 1 mərtəbəli 2 ədəd tikili müşahidə olunmuşdur".


Sorğuya cavabdan o da aydın olur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"na və Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"na uyğun olaraq, müvafiq tədbirlərin görülməsini xahiş edib.





Lakin təəssüf ki, üstündən bir aydan çox vaxt keçməsinə baxmayaraq, adı çəkilən dövlət qurumları məsələ ilə bağlı tədbirlər görməyiblər. Halbuki sakinlərin Bakupost.az -a bildirdiyinə görə, vaxtilə Fövqəladə Hallar Nazirliyi özü də onların müraciəti əsasında əraziyə baxış keçirib və məktəbin təhlükəli ərazidə tikildiyini təsdiq edib. Bundan sonra hətta digər məktəb binalarında Laçın qaçqın məktəbinə yer verilməsi təklif olunsa da, direktor Piyalə Xudayarova bununla razılaşmayıb. Sakinlərin dediyinə görə, direktorun məhz həmin ərazidə fəaliyyət göstərmək istəməsində hansısa maddi maraqları var. Bu barədə bir qədər sonra...





Hələliksə onu qeyd edək ki, dünən Elm və Təhsil naziri Emin Əmrullayev də qəzalı, eləcə də böyük kollektivi olmayan məktəblərin köçürülməsi ilə bağlı məsələyə toxunub. Nazir bildirib ki, hər il qəzalı məktəblərin sayı azalır:

"Birinci problem ondan ibarətdir ki, şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda, biz məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq".


Nazir qeyd edib ki, 4 il bundan öncə 900-dən artıq qəzalı məktəb var idisə, bu il məktəblər təmir edilib və sözügedən rəqəm yarıya enib:

“Bununla belə, yenə də 400-dən artıq məktəb qəzalıdır və düşünürəm ki, gələcək illərdə bu sürətlə getsək, problemi aradan qaldıra bilərik. İkinci məqam ondan ibarətdir ki, 3-5 şagirdi olan məktəblərin iqtisadi yöndən saxlanılması doğru deyil. Bu halda da həmin məktəblər mütəmadi olaraq, digər məktəblərlə birləşir. Biz burada müəllimlərin iş yerlərini, sosial faktorları nəzərə alırıq”.

Qeyd edək ki, Laçin qaçqın məktəbinin direktoru Piyalə Xudaverdiyevanın dediyinə görə, rəhbərlik etdiyi doqquzillik təhsil müəssisəsinin cəmi 60 şagirdi və 20 müəllimi var. Hətta məktəbdə elə siniflər var ki, orda 3 nəfər uşaq var.

Göründüyü kimi, həm təhlükəli ərazidə yerləşməsi, həm də saxlanılması iqtisadi baxımdan əlverişli olmadığı üçün Laçin qaçqın məktəbi ərazidəki digər məktəblərə köçürülə bilər. Məsələ burasındadır ki, məktəbin təxliyyə yolu da yoxdur. Bir tərəfi uçurum, digər tərəfləri isə müxtəlif tikililər olan məktəbin yeganə dar yolu sakinlərin həyətindən keçir. Yanğın, sürüşmə və ya hər hansı digər fövqəladə hadisə baş verərsə, təxliyyə yolu olmadığından məktəbdə faciə yaşana bilər. Yəqin ki, Elm və Təhsil Nazirliyi həm sakinlərin, həm də məktəb kollektivinin təhlükəsizliyini nəzərə alaraq, bu məsələyə əncam çəkəcək.

Direktorun israrla başqa məktəbə köçmək istəməməsinin səbəblərinə gəlincə, sakinlər iddia edir ki, məktəbdə yalnız Piyalə Xudayarovanın yaxın çevrəsi çalışır. Bir çox müəllim və xadimələrin adları məktəbdə getsə də, özləri işə gəlmir.




Sakinlərin sözlərinə görə, məktəbdə çalışanların böyük əksəriyyətinin eyni soyadları daşıması da, Laçın qaçqın məktəbinin ailə şirkətinə çevrildiyindən xəbər verir. Belə ki, məktəbin müəllimlərindən Məhəmməd Xudayarov direktor Piyalə Xudayarovanın həyat yoldaşıdır. Digər müəllim Habil Xudayarovun da onların qohumu olduğu deyilir.


Laçın qaçqın məktəbində çalışanlardan 5 nəfər isə Mayılov soyadını daşıyır. Müəllimlərdən Bəhlul Mayılov məktəbdə kitabxanaçı işləyən Xanə Mayılovanın həyat yoldaşıdır. Mayılov soydalı digər iki müəllim - Rafael Mayılov və Qətibə Mayılova da ər-arvaddırlar. Məktəbdə Qoşqar Mayılov adlı daha bir müəllim dərs deyir.


Lakin bu məktəbdə çalışan qohumların tam siyahısı deyil. Belə ki, Laçın qaçqın məktəbində 3 nəfər də Güləliyev soyadını daşıyır: Azər Güləliyev (müəllim), Rafael Güləliyev (müəllim) və Şəfəq Güləliyeva. Qeyd edək ki, R.Güləliyev də Ş.Güləliyevanın həyat yoldaşıdır.


Sakinlərin iddiasına görə, direktor Piyalə Xudayarova yaxın qohumlarını məktəbə cəlb edərək, müxtəlif maliyyə maxinasıyaları həyata keçirirlər:

"Onların digər məktəbə köçmək istəməməsinin arxasında da bu amil dayanır. Çünki qohumluq əlaqələri və maxinasiyalar faş ola bilər".




Piyalə Xudayarova isə Bakupost.az -a açıqlamasında məktəbdə yeyinti hallarının olması ilə bağlı ittihamları rədd edib:


“Balaca kollektivimiz var. Burda hansı yeyintidən söhbət gedə bilər? Biz müəllimik, cəmiyyətə kadr hazırlayırıq, şəxsiyyət yetişdiririk”.


Qeyd edək ki, Şərqi Zəngəzur Təhsil İdarəsindən də Bakupost.az -a bildiriblər ki, vətəndaşların müraciətləri əsasında regional təhsil idarəsinin əməkdaşları əraziyə yerində baxış keçirib və digər aidiyyəti dövlət qurumları ilə birlikdə məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq. Doğrudanmı, dövlət qurumları nəhayət ki, vəd etdikləri addımları atacaq və neçə vaxtdır sakinlərlə məktəb rəhbərliyi arasında yaranan qarşıdurmaya son qoyulacaq? Hər halda tədris ilinin başlanmasına sayılı günlər qalıb və tezliklə bu sualın cavabı aydın olacaq...



Zaur
BakuPost








Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar