Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:19 / 16 Sentyabr 2023

Paytaxtda nəqliyyat xaosu: taksilərlə bağlı yeni qaydalar nəyi dəyişəcək? - Araşdırma

24114
Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər qüvvəyə minəcək.


Dəyişikliklərə əsasən, taksi xidmətində bir sıra yeniliklər olacaq. Qanuna görə, sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunacaq, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılacaq və ya o, ləğv ediləcək.

Dəyişikliklərə görə, taksi sifarişi operatorunun fəaliyyətinə icazə verilməsi üçün 3 min manat rüsum ödənilməlidir. Bundan əlavə, taksi ilə sərnişindaşımaları üçün buraxılış vəsiqəsi (125 manat) və buraxılış kartı (25 manat) alınmalıdır. Taksilərə rəqəmsal taxoqraf və taksometr cihazları quraşdırılmalıdır. Sürücülər etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.




Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyir ki, taksi sahəsində islahatlara ciddi ehtiyac var idi:

"Çünki taksi sürücüləri də, müştərilər də narazılıqlar edirdilər.Taksi fəaliyyətində nizam-intizam yaratmaq, bu sahədə problemləri həll etmək üçün qanunvericiliyə dəyişikliklər edildi. Belə ki, "Avtomobil nəqliyyatı haqqında", "Yol hərəkəti haqqında" qanunlara, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər oldu. Əsas hədəf taksi fəaliyyəti sahəsində nizam yaratmaq, xidmətin keyfiyyətini yüksəltmək, bu sahədə dövlət tənzimləməsi və nəzarətini təmin etməkdir. Bu hədəflərə çatmaq üçün lazımi işlər görülərsə, taksi fəaliyyətindəki problemlər həll olunar. Dəyişikliyin əsas hədəflərindən biri taksi aqreqatorlarına, transmilli şirkətlərə hüquqi anlayış verilməsidir. İndiyədək qanunvericilikdə bu şirkətlərlə bağlı heç bir maddə yox idi. "Taksi sifarişi operatoru" termini tətbiq edilməklə həm yerli, həm də xarici şirkətlərə hüquqi status veriləcək. Onların taksi fəaliyyəti sahəsindəki öhdəlikləri, özlərinə dair tələblər, icazə sistemi, vəzifələrini icra etmədikləri təqdirdə barələrində sanksiyalar verilməsi nəzərdə tutulur. Bir sözlə, oktyabrın 1-dən yeni qaydalara riayət edə bilməyən, qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər bu sahədə çalışa bilməyəcəklər. Taksi sahəsi sahibkarlıq və biznes fəaliyyətidir və rüsumunu ödəyərək, taksi fəaliyyəti ilə məşğul olanlar qazanc əldə edəcəklər".

Ekspertin sözlərinə görə, dəyişikliklərdə taksi sürücüləri, avtomobillərə dair tələblər öz əksini tapıb:

"Taksi fəaliyyəti ilə məşğul olmaq üçün icazə sisteminin təkmilləşdirilməsi həyata keçirilir. Bundan sonra taksi fəaliyyəti üçün icazə vəsiqəsi və kartı veriləcək. Onların da dövlət rüsumları müəyyən olunub. Qanuna edilən dəyişikliklərin nə dərəcədə həyata keçiriləcəyindən asılı olaraq, taksi fəaliyyəti sahəsində keyfiyyət dəyişikliklərini görəcəyik. Qanun oktyabrın 1-dən qüvvəyə minəndən sonra mexanizmin işə düşməsi ilin sonuna kimi davam edəcək. Gələn il bu sahədə dəyişikliklərin nəticəsini müşahidə edəcəyik".


Ərşad Hüseynov bildirib ki, islahatlar nəticəsində təsadüfi şəxslərin gündə 1-2 saat taksi fəaliyyəti ilə məşğul olmasının qarşısı alınacaq. Buna görə də taksilərin sayı azalacaq. Say azalanda, xidmət şərtləri ciddiləşəndə qiymətlərin qalxması ehtimalı artır:

"Əslində, keyfiyyətə təsir göstərəcək amillər taksi sayının azalması və qiymətin artması ilə bağlı deyil. Əsas amillər arasında taksi sifarişi operatorlarına və sürücülərə, həm də avtomobillərə dair tələblərə ciddi riayət olunmasıdır. Bu tələblərə ciddi əməl olunsa, iş rejimi müəyyənləşsə, taksi sürücüləri xüsusi hazırlıq prosedurundan keçsə, onlara etik davranış və yol hərəkəti qaydaları ilə bağlı məsələlər öyrədilsə, xidmətin keyfiyyətinin yüksəlməsindən danışmaq olar. Keyfiyyət yüksələndə qiymətin də artması gözləniləndir. Ancaq mümkün qədər buna gedilməməlidir. Çünki qiymət münasib olduğu üçün bu növ taksilərdən istifadə edən insanların sayı çoxdur. Qiymət artımı onların büdcəsinə ziyan vura bilər”.


Ekspertin dediyinə görə, taksi fəaliyyəti sahəsində yeni tələblər prosesə müsbət və mənfi təsir göstərə bilər. Müsbət tərəfi indiyə qədər bu sahədə olan çatışmazlıqların, narazılıqların aradan qaldırılması olacaq. Mənfi tərəfi isə sərnişinləri narahat edəcək tarif məsələsidir. Yəni, qanuna dəyişikliklər qüvvəyə mindikdən sonra taksi şirkətləri də qiyməti qaldıracaqlar.



Ərşad Hüseynov qeyd edib ki, analoq taxoqrafların köməyi ilə yol təhlükəsizliyi ilə bağlı bəzi məsələlərə nəzarət etmək olar:

“Böyük ehtimalla taxoqraflar dövlət nəzarəti qurumunun sisteminə inteqrasiya ediləcək, bu da real vaxt rejimində nəzarəti təmin edəcək. Eyni zamanda mövcud qanunvericiliyə görə, ənənəvi taksilər (küçədə gözləyən) üçün taksometrlərin quraşdırılması məcburidir. Özəl taksi şirkətlərinin tabeliyində olan avtomobillər üçün isə bu məcburi deyil. Yeni qərarın hər taksi fəaliyyəti ilə məşğul olan avtomobilə aid olub-olmaması aydın deyil. Düşünürəm ki, buna ehtiyac yoxdur, xüsusi proqramla fəaliyyət göstərənlər üçün proqram taxoqraf funksiyasını yerinə yetirəcək. Ən maraqlısı, tələblərə uyğun olmayan sürücüləri sistemə qoşan aqreqatorlar və sürücülər üçün də sanskiyalar tətbiq olunacaq”.

Ə.Hüseynovun fikrincə, qanunun işə düşməsi üçün müəyyən zaman tələb olunur:


“Bu dəyişikliklər Milli Məclis tərəfindən qəbul edilsə, oktyabrın 1-dən qüvvəyə minəcək. Qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinin qərarları olmalıdır. Yeni qaydaların təcrübədə necə tətbiq olunacağı da maraqlıdır. Düşünürəm ki, ciddi problemlər yaşanacaq. Azərbaycanda taksi fəaliyyətini ictimai nəqliyyatdan kənar qaydaya salmaq mümkün deyil. İctimai nəqliyyatdakı problemləri həll etməmiş taksi fəaliyyətində nizam-intizam yaratmaq mümkün deyil. Bu gün ölkəmizdə fəaliyyət göstərən taksilərin mütləq əksəriyyəti ictimai nəqliyyat funksiyası daşıyır. Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, taksi fəaliyyəti mövcud olacaq. “Manatlıq” taksilər avtobusların işini görür. Avtobus çatışmır, insanlar rahat hərəkət edə bilmir, mobillik yoxdur. Bu məsələ həll olmamış, ədalətli nəzarət sistemi qurulmamış taksi fəaliyyətindəki islahatların uğurundan söhbət gedə bilməz”.





Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, hazırda əsas məqsəd keyfiyyətli və təhlükəsiz taksi xidmətinə nail olmaqdır:

"Dövlət bu istiqamətdə məsələləri həll etmək üçün yeni qaydalar tətbiq edir. Artıq qanunlara müvafiq dəyişikliklər edilib. Ümid edirik ki, taksi fəaliyyətində nizam-intizam yaranacaq. Qiymət məsələsinə gəlincə, taksi qiymətləri dəyişən tarifdir, bunu müxtəlif amillər formalaşdırır. Əsas məsələ burada tələb və təklif amilidir. Əgər taksiyə tələb artacaqsa, taksi sayı azalacaqsa, bu zaman qiymətlərin yüksələcəyini proqnozlaşdırmaq olar. Lakin indiki dövrdə taksi qiymətləri kəskin yüksəlməyəcək, ya da enməyəcək. Düşünürəm ki, taksi qiymətlərinin sabit qalmasını müşahidə edəcəyik. Cüzi bahalaşma olması mümkündür, amma bu da dediyim kimi, gələcəkdə taksilərə tələb artarsa, baş verəcək”.


Onun fikrincə, taksi qiyməti birbaşa ictimai nəqliyyatın qiyməti ilə mütənasib olur və ölkələrin, şəhərlərin iqtisadi vəziyyətinə uyğun şəkildə dəyişir. Bu, bütün dünyada belədir:


“Ölkədə ictimai nəqliyyatın bərbad olması səbəbindən insanların daşınması, mənzil başına vaxtında çatması taksi vasitəsilə mümkün olur. Ona görə də bu xidmət adi vətəndaşlar üçün əlçatan olmalıdır. Nəqliyyatda qayda-qanun yaradıldıqdan və sərnişindaşıma prosesi vaxtlı-vaxtında həyata keçirildikdən sonra taksi qiymətləri artırıla bilər”.

Eldəniz Cəfərov vurğulayıb ki, Azərbaycanda taksi fəaliyyəti artıq liberal sahəyə çevrilib:

“İstənilən şirkət, yerli və ya beynəlxalq olmasından asılı olmayaraq, taksi fəaliyyəti ilə məşğul ola bilər. Fiziki şəxslər belə mobil tətbiqlər, digər aqreqatorlar vasitəsilə rahatlıqla Azərbaycanda taksi sürə bilərlər. Ona görə də, taksi qıtlığı yaranması müzakirə mövzusu belə deyil”.




Millət vəkili Azər Badamovunun sözlərinə görə, yeni qaydaların tətbiqi sözügedən sahə üzrə mövcud olan çatışmazlıqların aradan qaldırılmasına və xidmət səviyyəsinin yüksəldilməsinə imkan yaradacaq:


“Məlumdur ki, taksilərin bir çoxunda natəmizlik hökm sürür. Elə hallar olur ki, taksi sürücüsü sərnişindən soruşmadan siqaret çəkməyə başlayır. Taksi şirkətlərinin tətbiqi ilə taksi sifariş edəndə çox vaxt taksi sürücüləri ödənişin nağdsız olduğunu biləndə gəlmirlər. Həm də yol kənarında əl qaldırıb taksi saxlayıb mənzil başına çatanda sürücünün dediyi məbləği ödəməli olursan. Bəzi taksi sürücülərinin sağlamlıq durumu da yerində olmur. Elə hallar da baş verir ki, taksini sifariş edib avtomobilə oturanda sifariş etdiyinə görə təəssüflənirsən. Ümumilikdə taksi xidməti sahəsində müəyyən çatışmazlıqlar var. Bunun qarşısını almaq üçün nəzarət mexanizmi tətbiq olunması, taksi fəaliyyəti ilə bağlı ciddi tələblərin müəyyənləşdirilməsi vacib idi. Fikrimcə, bütün taksilərdə taksometrlər quraşdırılmalıdır. Sərnişin taksometrin göstəricisinə görə ödəniş etməlidir. Həm də taksilərdə POS-terminallar quraşdırılmalı və sərnişinin istəyinə uyğun nağd və ya nağdsız ödəniş edilməsinə şərait yaradılmalıdır. Həmçinin hər gün taksi xidmətə başlayanda müəyyən məntəqədə həm sürücü, həm də avtomobil baxışdan keçirilməlidir. Düzdür, taksilərin şəhərdə çox olması rəqabəti gücləndirir və qiymətlərin aşağı səviyyədə qalmasına imkan yaradır. Ancaq xidmət səviyyəsinin aşağı düşməsinə də şərait yaradır. Hesab edirəm ki, yeni qaydalar bu sahədə mövcud olan xoşagəlməz halların qarşısını alacaq”.




Millət vəkili Rüfət Quliyev hesab edir ki, dəyişikliklər qiymətlərə təsir göstərəcək:


“Qiymət və keyfiyyət bir-birinə bağlı məsələlərdir. Qiymət artımını istisna etmirəm. Qiymət artımı çox güman ki, olacaq. Amma bu keyfiyyətin də artımına gətirib çıxaracaq. Sərnişinlərin daha rahat hərəkət eləməyinə səbəb olacaq. Bu prosesin təsiri özünü ən azı 1-2 ay keçəndən sonra göstərəcək”.




Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, taksi kimi istifadə olunan bütün avtomobillərdə taksometr quraşdırılması qanunvericilikdə də əksini tapıb:


"Sadəcə, bu, çox bahalı sistem olduğuna görə, onların alınması, taksilərdə quraşdırılması xeyli vaxt aparacaq. Sürücülərin buna real olaraq nə qədər hazır olduğu, imkanının buna çatacağı məsələsi hələ də açıq qalır. Hesab edirəm ki, bu sistem ən azından sürücülərin rəqabət üçün həddən artıq aşağı qiymətlə işləməsinin qarşısını almış olacaq. Ancaq taksi qiymətlərinin qalxmasına səbəb olacaq ya yox bu, sual altındadır”.


E.Muradlı bildirib ki, qanunvericilikdəki dəyişiklik kağız üzərində qalacaqsa, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində heç bir nəticə əldə olunmayacaq:


“Yeni qaydaların tətbiqindən sonra yoldan keçən, maşını ən ibtidai formada idarə edənlər taksi sürücüsü kimi fəaliyyət göstərə bilməyəcək”.

Məlum olduğu kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minəcək qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlərə başlanılıb.


Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyan təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.

İştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır. Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, sərnişindaşımada hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib. Proqramın yekununda imtahan təşkil edilir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə şəhadətnamə təqdim olunur.




Təlimdə iştirak edən taksi sürücüləri bildirir ki, sözügedənTəlim-Tədris Mərkəzlərinin sayı azdır. Belə olan halda Bakıda olan təxminən 70 mində yaxıntaksi sürücüsünə qısa bir müddətdə təlim keçmək mümkün deyil.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, təlimlərdə iştirak etmək üçün 2000-dən çox taksi sürücüsü müraciət edib. Təlimlərdə iştirak edib imtahandan müvəffəqiyyətlə keçən sürücülərə artıq şəhadətnamələr təqdim olunub.

Sürücü sayını nəzərə alaraq və tədris prosesini sürətləndirmək məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərində də təlimlərə başlanılıb.

Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda hazırlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar