Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:45 / 19 Avqust 2024

Bakıda analoqu olmayan məktəb - Bir ailənin dərs dediyi məkanla bağlı ilginc faktlar - VİDEO

26202
Neçə vaxtdır Badamdar qəsəbəsindəki bir məhəllənin problemi bütün ölkənin gündəmini zəbt edib. Əslində bura heç məhəllə də demək olmaz. Söhbət bir neçə qonşunun yaşadığı kiçik bir dalandan gedir. Dəfələrlə saytlar yazsalar, TV-lər çəkib göstərsələr də, xırda bir problem həllini tapmır. Bu dar dalanın məsələsi lap dalana dirənib. Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, yerli icra orqanları, polis və daha hansı qurumlara şikayət olunsa da, bu günə qədər nəticə yoxdur. Bu qədər qurumlar balaca bir dalanda sülh yarada bilmirlər. Ona görə "sülh yarada bilmirlər" deyirik ki, burada tez-tez qarşıdurma yaranır. Və nə qədər ki, məsələ yoluna qoyulmayıb, Allah eləməmiş, bu dava-dalaş kimlərinsə ciddi şəkildə zərər çəkməsi, xəsarət alması ilə də nəticələnə bilər.





Hər yerdən əli üzülən Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, Topçubaşov küçəsi, ev 246-nın daimi sakinləri - Şərifli Bəhruz Elxan oğlu, Zahirov Nadir Şərif oğlu, Zahirova Təranə Zöhrab qızı və Zahirova Zəminə Ağadadaş qızı yenidən Bakupost.az -a müraciət ediblər. Müraciət barədə bir qədər sonra...

Hələliksə mövzudan xəbəri olmayanlara xeyli vaxtdır həmin ərazidə nələrin yaşandığı haqda qısaca məlumat verək.

Topçubaşov küçəsi, ev 246 sakinlərinin dediyinə görə, vaxtı ilə Laçın qaçqın məktəbinin direktoru Piyalə Xudayarova onlardan evlərinin arxasında yerləşən məktəbə gedib gəlmək üçün yol istəyib. Bax, söhbət bir maşının zorla sığışdığı həmin dar dalandan gedir. Onu da qeyd edək ki, əvvəllər məktəbin yolu başqa istiqamətdən olub. Lakin orada bina tikildiyindən yol bağlanıb. Məktəbin arxa tərəfi isə sal qayalıqdır. Beləliklə, məktəbə gediş-gəliş üçün yeganə yol sakinlərin həyətindən keçə bilərmiş. İnsafən, sakinlər direktorun xahişinə "yox" deməyiblər. Onun, müəllim və şagirdlərin məktəbə gedib-gəlmək üçün həmin dar dalandan istifadəsinə razı olublar.

Sakinlərin dediyinə görə, bu humanizm sonradan qarşı tərəfin "qoy özümə yer eləyim, gör sənə nə edirəm" misalına uyğun davranması ilə nəticələnib. Topçubaşov küçəsi, ev 246-da yaşayan Zəminə Zahirova Bakupost.az -a bildirib ki, direktor və müəllimlər məktəbə həmin dar dalandan keçməklə maşınla gəlib-getməyə başlayıblar:

"Gediş-gəlişə icazə verəndən sonra direktor və müəllim kollektivi gecə ilə bu ərazidə məktəb üçün otaqlar tikməyə başladılar. Bizim qonşu isə küçəmizə gələn yolu təmir etdirdi. Bundan sonra direktor öz bahalı avtomobili ilə mənim həyətimdən məktəbə gəlib-getməyə başladı. Bu səbəbdən aramızda mübahisə yarandı. Hətta o, məktəbin girişinə darvaza da qoydurdu. Darvazanı da mənim evimə bənd ediblər. Buna görə ona iradımı bildirdikdə dedi ki, mənim arxamda duranlar var, elə etmə ki, evini də sökdürüm. Hətta direktor avtomobili ilə həyətimə dönə bilmədiyi üçün səkimi belə sökdürdü. Bununla bağlı müvafiq qurumlara şikayət də etmişəm”.





Z.Zahirovanın sözlərinə görə, onların qapıları həmin dalana açılır. Maşınların hərəkəti isə uşaqların həyatına təhlükə yaradır:

“Uşaqlarımız həyətə düşə bilmirlər. Maşınlar evimizin giriş qapısının önündən keçib gedir. Direktor bizə həyətimizdə paltar asmağa da icazə vermir. Özünü bizim həyətin sahibi kimi aparır".

Beləliklə, neçə ildir məktəb rəhbərliyi və müəllimlər sakinlərin qapısının açıldığı dar dalandan maşın yolu kimi istifadə edirlər. Bu isə onların rahatlığını pozmaqla yanaşı, uşaqların həyatına da təhlükə yaradır. Bu səbəbdən uzun müddətdir ki, sakinlərlə məktəb rəhbərliyi arasında əsl savaş gedir. Birincilər müxtəlif orqanlara müraciət etdikdən sonra Laçın qaçqın məktəbinə digər məktəb binalarında yer verilməsi təklif olunub. Həmçinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçirib və məktəbin həqiqətən də təhlükəli ərazidə tikildiyi təsdiq edilib. Amma direktor digər məktəbə köçmək təklifi ilə razılaşmayıb. Sakinlər bu təklifin geri çevrilməsinin arxasında hansısa şübhəli məqamların olduğunu bildirirlər.

Laçın qaçqın məktəbinin direktoru Piyalə Xudayarova isə Bakupost.az -a açıqlamasında ünvanına səslənən ittihamlarla razılaşmayıb. Direktor iddia edib ki, mübahisəsi gedən yol Zəminə Zakirovanın, deyil, məktəbin mülkiyyətinə məxsusdur. Onun sözlərinə görə, Laçın qaçqın məktəbi 1996-cı ildən həmin ərazidə fəaliyyət göstərib. Guya Zəminə Zahirovanın qayınanasının xahişi ilə onlara məktəbin yoluna qapı açmağa icazə veriblər:

“Bura köçkün məktəbidir. Müvəqqəti məskunlaşmışıq, Laçına qayıdacağıq. Zəminə xanım əsassız narahatlıq yaradır. Məndən əvvəlki direktorun vaxtında onlar məktəbin təxliyə yolunu tutublar. Amma heç kim deyə bilməz ki, məktəb kollektivi kimisə narahat edib. Burda 5-6 müəllimin avtomobili var və çoxu yaxında yaşadığı üçün məktəbə piyada gəlirlər. Biz insanıq, kiminsə yolunu kəsmək bizə xas olan xüsusiyyət deyil”.


İndisə sakinlərin yeni müraciəti haqda...





Onların bildirdiyinə görə, Laçın qaçqın məktəbində yalnız Piyalə Xudayarovanın yaxın çevrəsi çalışır. Bir çox müəllim və xadimələrin adları məktəbdə getsə də, özləri işə gəlmir:

"Hər dəfə biz bu məsələni qaldırandan sonra onlar məcbur qalıb işə gəlirlər. Direktorun özbaşınalığı ilə bağlı müvafiq qurumlara şikayətlər etmişik. Bütün qurumlar müraciətimizə müsbət cavab verib, lakin Elm və Təhsil Nazirliyi indiyə kimi heç bir məktuba cavab verməyib".

Sakinlərin sözlərinə görə, məktəbdə çalışanların böyük əksəriyyətinin eyni soyadları daşıması da, Laçın qaçqın məktəbinin ailə şirkətinə çevrildiyindən xəbər verir. Belə ki, məktəbin müəllimlərindən Məhəmməd Xudayarov direktor Piyalə Xudayarovanın həyat yoldaşıdır. Digər müəllim Habil Xudayarovun da onların qohumu olduğu deyilir.

Laçın qaçqın məktəbində çalışanlardan 5 nəfər isə Mayılov soyadını daşıyır. Müəllimlərdən Bəhlul Mayılov məktəbdə kitabxanaçı işləyən Xanə Mayılovanın həyat yoldaşıdır. Mayılov soydalı digər iki müəllim - Rafael Mayılov və Qətibə Mayılova da ər-arvaddırlar. Məktəbdə Qoşqar Mayılov adlı daha bir müəllim dərs deyir.

Lakin bu məktəbdə çalışan qohumların tam siyahısı deyil. Belə ki, Laçın qaçqın məktəbində 3 nəfər də Güləliyev soyadını daşıyır: Azər Güləliyev (müəllim), Rafael Güləliyev (müəllim) və Şəfəq Güləliyeva. Qeyd edək ki, R.Güləliyev də Ş.Güləliyevanın həyat yoldaşıdır.




Sakinlərin iddiasına görə, direktor Piyalə Xudayarova yaxın qohumlarını məktəbə cəlb edərək, müxtəlif maliyyə maxinasıyaları həyata keçirirlər:

"Onların digər məktəbə köçmək istəməməsinin arxasında da bu amil dayanır. Çünki qohumluq əlaqələri və maxinasiyalar faş ola bilər".

Piyalə Xudayarova isə Bakupost.az -a açıqlamasında məktəbdə yeyinti hallarının olması ilə bağlı ittihamları rədd edib:

“Doqquzillik məktəbdir, 60 şagirdimiz, 20 müəllimimiz var. Elə sinif var ki, orda 3 nəfər uşaq var. Burda hansı yeyintidən söhbət gedə bilər? Biz müəllimik, cəmiyyətə kadr hazırlayırıq, şəxsiyyət yetişdiririk”.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də sorğu ünvanladıq. Nazirlikdən isə sorğunu Şərqi Zəngəzur Təhsil İdarəsinə yönləndirdilər. İdarədən verilən açıqlamada deyilir:

"Vətəndaşların müraciəti üzrə araşdırma aparılıb. Bildiririk ki, Badamdar ümumi orta məktəbin birtipli binası yoxdur, təhsil müəssisəsi 1996-cı ildən həmin ərazidə uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Yaxınlıqda Laçın rayonundan olan bir neçə keçmiş məcburi köçkün ailəsi yaşayır. Həmin ailələrin uşaqları məhz adı çəkilən məktəbdə təhsilə cəlb olunublar. Vətəndaşların müraciətləri əsasında regional təhsil idarəsinin əməkdaşları əraziyə yerində baxış keçirib və digər aidiyyəti dövlət qurumları ilə birlikdə məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq".

Biz də çox ümid edirik ki, bu addımlar atılacaq və nəhayət ki, sakinlələrlə məktəb rəhdərliyi arasında qarşıdurmaya son qoyulacaq. Məktəbdə ciddi maliyyə maxinasiyalarının olması barədə iddialara gəlincə, gümani edirik ki, müvafiq qurumlar bu barədə araşdırma aparacaqlar.







Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar