Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində regionda yeni müharibə riskinin olduğunu təsdiqləyib.
Bakupost.az Virtualaz.org-a istinadən xəbər verir ki, Qriqoryan regionda yeni müharibə təhlükəsinin heç vaxt aradan qalxmadığını bildirib. O, Ermənistanda ehtiyatda olan hərbçilərin üç aylıq toplanışa çağırılması ilə bağlı danışarkən bunları deyib.
Aparıcı Qrayr Tamrazyan Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi və Ermənistanın yenidən silahlanmasına cavab olaraq Bakının atacağı qabaqlayıcı addımlar barədə son bəyanatlarını da xatırladaraq soruşub:
- Cənab Qriqoryan, gəlin ehtiyatda olan hərbçilərin üç aylıq toplantısı haqda danışaq. Nə baş verir? Siz müharibəyə hazırlaşırsınız? Yeni qəfil hücum təhlükəsi varmı?
- Azərbaycanla bizim aramızda hansısa müqavilə yoxdur ki, indi biz onun qəfil pozulması haqda danışaq. Aydındır ki, 10 noyabr üçtərəfli bəyanatı regionda müəyyən stabilizasiyaya gətirib çıxardı, amma məsələni tam həll edə bilmədi.
Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, dəhlizin məcburən açılmasına gəldikdə isə Ermənistan ordusu və ölkənin müdafiə sistemi Ermənistanın suveren ərazilərini müdafiə etməyə hazırdır. O, Ermənistanın regionda bütün kommunikasiyaların eyni vaxtda açılmasının tərəfdarı olduğunu bildirib.
"Üç aylıq toplantıya gəldikdə bu, ordu islahatlarının məntiqinin bir hissəsidir. 44 günlük müharibə zamanı bizim ehtiyatdan çağırılan qüvvələrin hazırlığı ən ciddi məsələlərdən biri idi. Biz bu məqamı nəzərə alaraq üç aylıq toplantılar təşkil edirik. Müdafiə qabiliyyətimizi artırmaq, səfərbərlik resursundan effektiv istifadə etmək istəyirik.
Regionda destablizasiyaya gəldikdə isə müharibə təhdidi heç vaxt aradan qalxmayıb. Heç kim deyə bilməz ki, regionda müharibə təhdidi yoxa çıxıb", - Qriqoryan deyib.