Ru
11:11 / 03 İyun 2019

“Rafiqi öldürmək xalqın üzünə tüpürmək idi” – Mərhum yazıçısının qardaşı/MÜSAHİBƏ

3331

 

Rafiq Tağının qardaşı İlqar Tağıyevin "BakuPost”a müsahibəsi. 

 

- Rafiq Tağının hekayələri ilə bağlı üzərində layihəyə başlamısınız. Bu layihənin əhəmiyyətindən danışaq. 

- Rafiqin ədəbi yaradıcılığını başqa formatda əbədiləşdirmək üçün bu layihəyə başladıq. Hekayələrini audioversiyada oxuculara (dinləyicilərə) çatdıracağıq. Mən hələ bir müddət öncə bu barədə düşünürdüm. Nəhayət, kollektiv toplaya bildim. Bir neçə qiraətçi ilə işbirliyi qurmuşuq, studiya da var. Artıq ilk bəhrələr də var, bir neçə səsli hekayə "youtube” versiyasında hazırdır. Bu işi hardasa səsli teatr da adlandırmaq olar. Hərçənd, mətni bir nəfər oxuyur, amma maşın formatında səsləndirilmir, səslənmə bədii formatdadır. Başqa audiokitab layihələrindən fərqli, bu işlərimiz dinləyici üçün əlçatandır, ödəniş-filan tələb olunmur, sadəcə axtar, tap və dinlə.

 

- Layihənin xərcləri kim tərəfindən ödənilir?

- Bütün xərclər ailəmiz tərəfindən qarşılanır. Bu işin arxasında  puldan çox istək durur.  İmkanımız daxilində bu layihə davamlı olacaq. Bu iş mənim təşəbbüsümlə olsa da, bunu Rafiqsevən, sözə, əsl ədəbiyyata qiymət verən hər kəsin adından edirəm. Həm də Rafiqin və onların şərəfinə edirəm. Rafiqin yaradıcılığının mənbəyi Azərbaycan insanının özüdür - onun adi insanları. Bu işlər onların özünə də təqdim olunmalıdır. Bu təqdimat kitab formatında da edilə bilər, səsli hekayə formatında da, film formatında da və s.

 

Rafiqin 400-dən çox hekayəsi, saysız-hesabsız esseləri var və biz bu işi zaman-zaman davam etdirməyi düşünürük. Sağlıq olsun. 


- Onsuz da kitab oxumayan oxumayacaq, bir şeiri, hekayəni audiolaşdırmaq mətnin ayağına təkər bağlayıb oxucuya tərəf göndərmək kimidir. Mənə elə gəlir ki, Rafiq Tağının hekayələrinin ayaqları var, onsuz da oxucularını qapı-qapı gəzir. Bunları audiolaşdırmaq bizə nə verəcək? Siz buna niyə ehtiyac duydunuz?

- Biz texnologiyalar dövründə yaşayırıq. Kitab oxuyanlarımız da var, səsli informasiya alanlarımız da, vizual da... Məhsulu da buna adekvat şəkildə təqdim etmək ancaq təqdir oluna bilər. Mən əminəm ki, Rafiqi "youtube” üzərindən də tanıyıb, sevənlər olacaq. O halda adam gedib müəllifin kitabını da axtaracaq. 


- Olmazdımı ki, bu xərci çəkib hekayələri xarici dillərə tərcümə edib, xarici ölkələrdə satışını təşkil edəydiniz?

- İstərdim, çoxşaxəli aparılsın işlər. Siz dediyiniz istiqamətdə də planlar var, gücümüz müqabilində edəcəyik. Bir neçə il əvvəl Rafiqin Londonda kitabı buraxıldı. Rusiyada, Gürcüstanda, Türkiyədə də kitablarının çap olunmağını istərdim, görək nə edirik. Bu, təkcə ailə üzvlərinin işi olmamalıdır. Belə layihələrə hansısa ədəbi qurum qoşulsa, daha yaxşı olardı. Bu yaxınlarda Tərcümə Mərkəzi Parisdə çıxardığı Azərbaycan Ədəbiyyatı Ontologiyasına Rafiqin də hekayələrini fransızcaya tərcümə edərək salıb. Sağ olsunlar. Eləcə də audiokitab layihəsində Rafiqin də hekayə kitabları səsləndirilib. Hesab edirəm, yenə azdır bu işlər. Rafiq Tağı adıyla, imzasıyla Azərbaycan ədəbiyyatı tarixində əbədiyaşar imza kimi qalmalıdır və o buna layiqdir. Rafiqin hekayələri dərsliklərə salınmalıdır. Hər hansı deputat-yazarın hekayələri salınırsa, Rafiqinkilər niyə salınmasın? Halbuki, külliyatı Rafiqin bir hekayəsinə dəyməz. Meyarları kim və necə müəyyənləşdirir bu ölkədə, bilinmir...


- Rafiq Tağıya xidmət etmək həm də ədəbiyyata xidmətdir. Siz bunu qardaş kimi edirsiniz, yoxsa...

- Mən Rafiqin böyük nasir olduğunun fərqindəyəm. İmkanım olsaydı, başqa ədəbiyyatçılara da kömək edərdim. Bu işi qardaş kimi, amma Rafiqsevərlərin adından və onların xatirinə edirəm. Həm də bu işlərçün böyük məbləğlər tələb olunmur, ən əsası istəkdir.   


- Siz də yazırsınız? 

- Hərdən olur ki, şeir, hekayə yazılır özü-özünə. Bu daxili təbin yazıya köçürülməsidir, adına ədəbiyyat demək olmaz. Mən ruhən musiqiyə daha yaxınam. Bunu isə ətrafımdakılar hərdən yox, periodik gitara dınqıldatmaqlarımda müşahidə edirlər. 


- İlk eşidəndə ki, Rafiq dünyasını dəyişdi, nə hisslər keçirdiniz?

- Rafiq vəfat edəndə ruh dünyam alt-üst oldu. Amma sınmadım, əksinə daha da mətinləşdim. Rafiq təkcə bizim ailənin sevimlisi deyildi, onu bütün işıqlı insanlar sevirdi. Rafiq bütün insanlığın itgisi idi. Onun içində sonsuz dünya var idi. Özündə çox böyük dəyərlər daşıyırdı. Rafiqi öldürmək insanlığın, xalqın, onun ziyalılarının  üzünə tüpürməkdir, təhqirdir. Rafiq Vətəninin mariflənməsi, aydınlanması yolunda yazıb-yaratmış və onun qorunması üçün canını sipər etmiş əsl mütəfəkkir idi. Rafiq insanların xoşbətliyi, aydınlığı, düşüncə azadlığı üçün qurban getdi. Rafiq müqəddəs insan idi. Biz çox vaxt yanılırıq - müqəddəs deyəndə İsalar-Musalar yada düşür. Xeyr, adi insan da müqəddəs ola bilər, təki o, əsl insan olsun. Rafiq həkim kimi də, yazıçı kimi də müqəddəs idi. Təmənnasız idi, maddiyyatın minimumu onu qane edirdi, ürəyində insana sevgi yanğısı gəzdirirdi. O, həm keçmişin, həm də gələcəyin adamı idi. Amma bugünün adamı olmadı – çoxları kimi yaltaqların, məddahların, siyasət oyunbazlarının, ədəbiyyat alverçilərinin sırasına soxulmadı. O, Rafiq Tağı kimi yaşadı, hansı ki, indi bu ad simvola çevrilib.


- Rafiq Tağı həkim idi, qapı-qapı gəzib şəfa paylayırdı. Bir tərəfdən özünə şəfa verə bilmədi, digər tərəfdən kütlənin təfəkkürünü istədiyi səviyyəyə gətirə bilmədi. 

- Fizikada "kəpənək effekti” adlanan anlayış var, kəpənək qanad çalır, bu haçansa, hardasa, hansısa hadisəyləsə nəticələnir. Rafiq gəldi, yazıları "kəpənək effekti” yaratdı, indi təsirlərini  aydınlanmış gənclikdə görürük. Rafiq yazılarıyla ölkədə, ölkə xaricində rezonans doğurdu. Rafiqi həbs etdilər, sonra həyatına sui-qəsd etdilər. Bu effekt Azərbaycan xalqının indi və gələcək taleyinə təsirsiz ötüşməyəcək, əminəm.  Rafiq bir dəfə demişdi - "Avropa və biz” yazısı Azərbaycanı İran olmaqdan qorudu. Bütün bunlar yaxın keçmişdə baş verib. Rafiqin Azərbaycanın taleyində Axundovlar, Mirzə Cəlillər qədər rolu var. 

 

- İnanırsınız ki, bu gənclik arasından Rafiq Tağı təfəkkürlü insanlar yetişəcək?

- İnanıram və bilirəm var, həm də yetişir. Özümün ünsiyyət etdiyim bir sıra rafiqsevər gənclər var. Amma müasir gənclik kütləvi şəkildə Rafiqi hardan tanısın, onu sevsin? Rafiqin adını tv-lərdə çəkmirlər. Onun adını  çəkməyə qorxmaq Rafiqin qatili ilə əlbir olmaq kimi bir şeydir. Rafiqin məqsədi insanları aydınlatmaq olub. Məsələn, niyə TV-lərimizdə bir veriliş hazırlanmır Rafiq barədə? Məddahlar, saray şairləri işıqlandırılır, Rafiq yox. 

 

- Gənc yazarlar arasında elə bir yazar varmı ki, ondan Rafiq Tağı nəfəsi, ətri gəlir.

- Rafiq özünəməxsus yazırdı, fərdi idi, o ədəbi çərçivələri aşırdı, qeyri-ordinar idi. Gənclərdən ona oxşayanını görmədim, çünki Rafiq qədər oxumayıblar, Rafiq kimi  keşməkeşli həyat keçməyiblər, Rafiq qədər erudisiyalı və onun qədər təbii istedadı olanını da hələ görmürəm. Kəramətdə bir qədər azadlıq məqamları var, amma yenə o deyil. Rafiqin azadlıqları nəinki cismilə məhdudlaşmırdı, o təxəyyül sərhədlərini də aşırdı sanki... Özü təxminən belə deyirdi – "Azadlığı Tanrı düşündü, insan onu məhdudlaşdırdı”.  Rafiq hadisələrin fövqündə ola bilirdi. Mən istəyərdim ki, gənclər Rafiq kimi təxəyyüldə sərhədləri aşsınlar, eləcə də yazıçı kimi millətimizin mental qatlarına enə bilsinlər. 


- Bilsəniz ki, Rafiqi filankəs öldürüb və heç kim ona cəza vermir. Nə edərsiniz?

-İnsan affekt vəziyyətdə olanda nə edəcəyini bilmir. İndi desəm ki, onu vurub öldürəcəm, yalan olar, soyuq başla düşünərəm – bununçün qanunlar var. Amma affekt halda bəlkə də onu parçalayaram. Digər tərəfdən, bunu edən  icraçı idi. Sifariş alıb, işini görmüşdü. Çünki parasını alıb gedib arvadına, uşağına çörək aparıb. Sifariş verən kimdi, o tapılmalıdır.  

 

Rafiq mənim xəyalımda həmişə sağdır. Mən hekayələrini səsləndirəndə bir daha yaşayırmış kimi onu hiss etdim. Yenə sizə Rafiqdən deyəcəm – "Ölüm yoxluq üçün arqument deyil”. Bu həqiqətən belədir. İnsan unudulanda ölmüş sayıla bilər. Həyatımızda o qədər insan var ki, baxırsan, yeyir-içir, yatır-durur, nəsil artırır, ancaq yox kimidir.

 

- Bu gün daha çox nədən narahatsınız?

- Rafiqin qatilinin tapılmasında ilkin müstəqil istintaq qrupu tərəfindən müəyyən işlər görülmüşdü, yaxınlaşma var idi. Sonra yayındırıldı bu iş, üstündən keçildi. Rafiq xəstəxanada olduğu  müddətdə şübhəli məqamlar oldu, bununla bağlı  istintaqdan vəsatətlərimizə cavab ala bilmədik. Ola bilsin, bunlar qəsdən gizlədilir. Hər halda, bu müəmmalı durum bizi narahat edir.  

 

Elşad Barat

BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər