Ağdərə-Kəlbəcər yolunun Qarabağ erməniləri tərəfindən bağlanması və Kəlbəcərə tikinti materialları aparan Azərbaycan TIR-larının buraxılmamasına görə hələ də rəsmi reaksiya və addımlar yoxdur.
Bu, eyni zamanda, Rusiya sülhməramlılarının Qarabağdakı missiyasının təftişini bir daha aktuallaşdırıb. Rus sülhməramlıları Qarabağda hansı işləri görür?
Fakt bundan ibarətdir ki, 10 noyabr 2020-ci il bəyanatından dərhal sonra, həmin gecə Qarabağa yeridilən rus sülhməramlıları bundan cəmi 3 gün sonra ermənilərin Qarabağa daşınması və yerləşdirilməsi prosesinə başladı. Artıq rus sülhməramlılarının canfəşanlığı nəticəsində 52 minə yaxın erməninin Xankəndinə qayıtması təmin edilib.
Rus sülhməramlıları əraziləri minalardan təmizləyir, evləri təmir edir, ermənilər üçün modul tipli evlər, xəstəxanalar tikir, məktəblər açır, pulsuz müayinə və müalicə şəraiti yaradır, qanunsuz qurumlara texnika bağışlayır və s. Ən əsası isə Qarabağa yerləşən ermənilərin bütün ərzaq təminatı rus sülhməramlılarının üzərindədir. Belə ki, Qarabağa qayıdan hər bir şəxsə həftədə 5 kiloqram ərzaq hədiyyə edilir.
Ermənistan isə Qarabağa qayıdan hər kəsə qaçqınlar üçün nəzərdə tutulan aylıq müavinətin ikiqatını ödəyir. Halbuki onların Qarabağa qaytarılması əslində qaçqın statusunun ləğv olunmasına səbəb olmalıdır.
Göründüyü kimi, sanki Ermənistan və Rusiya ermənilərin Qarabağda təkrar məskunlaşdırılması üçün bütün vasitələrdən istifadə edir və daha çox ermənini Qarabağa yerləşdirməyə çalışırlar. Bunun üçünsə ən böyük canfəşanlığı rus sülhməramlıları edir.
Rus sülhməramlıları, 10 noyabr bəyanatında əks olunmasına baxmayaraq, erməni silahlılarının Qarabağdan çıxmasını təmin etməyib. Əksinə, rus sülhməramlıları faktiki olaraq bu silahlılar və keçmiş qondarma qurum “rəsmiləri” üçün qalxan rolunu oynayır.
Qondarma qurumun nümayəndələri, Araik Arutyunyanın simasında, rus sülhməramlılarının arxasına sığınaraq, de-fakto fəaliyyətlərini davam etdirməyə çalışırlar. Rus sülhməramlılarının yetkililəri isə onlarla danışıqlar aparmaq, eyni zamanda, “rəsmi görüşlər” keçirməkdən də çəkinmir. Hər nə qədər bunların rəsmi görüş olmadığı bildirilsə də, rus sülhməramlıları sözügedən görüşlərdə keçmiş və qondarma “dqr”in bayraq adına əski parçasının Rusiya bayrağının yanında qoyulmasına etiraz etmir.
Həmçinin Azərbaycanın bir neçə dəfə kəskin etiraz bildirməsinə rəğmən, Azərbaycanın rus sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərinə Ermənistan rəsmiləri, hətta xarici ölkə nümayəndələrinin gəlişi müşahidə edilir. Onlara Laçın dəhlizindən keçməklə Azərbaycan ərazisinə daxil olmasına isə rus sülhməramlıları şərait yaradırlar. Halbuki Laçın dəhlizi Qarabağda yaşayan ermənilərin Ermənistan ilə təhlükəsiz əlaqəsinin təmini üçün müvəqqəti olaraq yaradılan və rus sülhməramlılarının nəzarətində olan koridordur.
Rus sülhməramlılarının missiyadan kənar fəaliyyəti həm də “missiyasını lazımınca yerinə yetirməməsi” ilə ölçülməlidir. Belə ki, 26 noyabr, 8 dekabr və 11 dekabr tarixlərində erməni silahlı birləşmələrinin Azərbaycan Ordusunun mövqelərinə hücumlarını və buna cavab olaraq DTX-nın antiterror əməliyyatı keçirdiyini xatırlamaq yerinə düşər. Təəssüf ki, yalnız Azərbaycan DTX-sı antiterror əməliyyatına başladıqdan sora rus sülhməramlıları təcili tədbirlərə başladılar. “Tədbirlər” isə Azərbaycan DTX-sının Köhnə Tağlarda qarşısını kəsməkdən ibarət oldu. Hətta Rusiya MN 13 noyabrda məsuliyyət zonasını da dəyişdirdi və bu əraziləri də “xəritəsinə” daxil etdi. Yalnız Azərbaycanın kəskin etirazından sonra növbəti dəfə “xəritə yenilənməsi” baş verdi və Rusiya MN 13 noyabr “xətası”nı aradan qaldırdı.
Nəhayət, Kəlbəcər-Vardanes yolunun açılmasını tələb edən ermənilərlə rus sülhməramlılarının görüşü, onlara münasibəti və bu tələblərini “yuxarılara” çatdıracağını bildirməsi barədə görüntülər etiraz doğurmaya bilməzdi. Təsadüfü deyil ki, rus sülhməramlılarının “loyallığı” nəticədə ermənilərin 26 yanvarda Azərbaycan TIR-larının Kəlbəcərə getməsinin qarşısını kəsməsinə səbəb oldu.
Ağdərədə məskunlaşan bir ovuc erməninin onlarla Azərbaycan TIR-nın qarşısına çıxması və onların yolunu bağlamasına qədər azğınlaşması yalnız və yalnız rus sülhməramlılarına arxayınlıqdan, bəlkə də rus sülhməramlıları ilə razılaşmadan qaynaqlanır. Olaya müdaxilə edən rus sülhməramlıları isə yolu 10-15 ermənidən təmizləmək və nəqliyyatın hərəkətini bərpa etmək əvəzinə “çıxış yolu kimi” Azərbaycan TIR-larındakı yükün rus sülhməramlılarına aid maşınlarla daşınmasını təklif edir və bunun da icrasına nail olur.
Bu, rus sülhməramlılarının missiyasını yerinə yetirmədiyi, daha doğrusu, başqa missiya ilə bölgəyə yerləşdirildiyi şübhəsinə ciddi şəkildə rəvac verir. Kəlbəcər-vardenes yolunun açılması müzakirə mövzusu ola bilməz, çünki bu, 10 noyabr bəyanatında əksini tapmayıb. Ermənilərin Azərbaycan maşınlarına “qadağa qoyması”na qarşı tədbir görülməməsi, 10 erməninin yoldan kənarlaşdırılması və bu azğınlıqlarının onlara baha başa gələcəyinin xatırladılması əvəzinə rus sülhməramlılarının öz maşınlarını təklif etməsi isə daha quduz fəaliyyət imkanı yaradır. Üstəlik, rus sülhməramlılarının hərbi poliqon kimi istifadə etdikləri məkanlarda erməni qanunsuz silahlılarının da təlimlərə cəlb edildiyi haqda erməni mediasında az öncə məlumatlara rast gəlinirdi.
Bütün bunlar Rusiyanın daxilində müəyyən qüvvələrin qeyri-konstruktiv mövqeyinin və erməniləri müdafiə etməsinin təzahürüdür. Rusiya lideri Vladimir Putinin iki dəfə “Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub” mövqeyinə baxmayaraq, Rusiya MN və rus sülhməramlıları fərqli yanaşma ilə faktiki olaraq ermənilərin hərbi müdafiəsi ilə məşğuldurlar.
Ona görə də sual yaranıb: Rus sülhməramlıları Qarabağa sülhü qorumaq, yoxsa erməniləri himayə edib, onların dirçəlməsinə və növbəti dəfə baş qaldırmasına şərait yaratmaq üçün gəlib?
Bu gün Rusiya TŞ sədrinin müavini Dmitri Medvedyevin açıqlaması da şübhəli olduğu qədər də, strateji baxımdan necə təhlükəli bir ssenari hazırlandığının göstəricisi sayıla bilər. Medvedyev hazırda Dağlıq Qarabağın statusunu müzakirə etməyin mümkün olmadığını, bunu gələcəyə saxlamağın vacibliyini bildirdi.
Beləliklə, Azərbaycanın “Dağlıq Qarabağa heç bir status olmayacaq” mövqeyinə qarşı rus elitasının ciddi müqavimət göstərdiyi, Dağlıq Qarabağda məskunlaşmanı gücləndirərək, buranı yenidən “dondurulmuş münaqişə” vəziyyətinə gətirməyi və problemi gələcəyə daşımaqla, ermənilərin ağır məğlubiyyətdən özünə gəlməsinə şərait yaratmaq istədikləri aydın görünür.
BakuPost Analitik Mərkəzi