Ru
13:52 / 23 Avqust 2021

Rusiya ədalətli vasitəçi ola bilməz - Politoloq şərhi

Rusiya ədalətli vasitəçi ola bilməz -  Politoloq şərhi
10956

"Rusiya Ermənistanla müttəfiqdir, buna görə də o, ədalətli vasitəçi ola bilməz. Əksinə, mövqeyindən yararlanaraq açıq və gizli yollarla Ermənistana yardım edir".

Bunu Bakupost.az -a AMEA Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, politoloq, siyasi elmlər doktoru Ramilə Dadaşova deyib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Silah vermək suveren hüqüqumuzdur” deməsi isə çox məsuliyyətsizcəsinə söylənən fikirdir:



“Rusiya həm sülhməramlıdır, həm də qarşı tərəfi silahlandırır. Rusiyanın öz sülhməramlılarını yerləşdirdiyi Azərbaycana qarşı silah tətbiq etməsi üçün qarşı dövlətə silah verməsi beynəlxalq hüquq normalarına ziddir. Zaxarova, eyni zamanda “erməni silahlı qüvvələri” əvəzinə “Dağlıq Qarabağ hərbi birləşmələri” ifadəsini işlədir. Halbuki Bəyanatın 4-cü bəndində yazılır ki, Rusiya sülh məramlılarının gəlməsi ilə paralel olaraq erməni silahlı qüvvələri çıxmalıdır. 10 noyabr Bəyanatından irəli gələn müddəaları Azərbaycan yerinə yetirmiş, Rusiya və Ermənistan isə yerinə yetirmirlər. Məqsəd nədir? Rusiyanın bölgədə özünə yer tutması, Ermənistanın yenidən silahlandırılması üçün vaxt qazanmaqdır”.

Politoloq qeyd edib ki, Ermənistan silahlı qüvvələri Naxçıvan, Tovuz, Kəlbəcər, Şuşa istiqamətlərinə atəş açaraq Azərbaycan ərazilərində yenidən gərginlik yaradırlar. Rusiya sülhməramlıları bölgədə yerləşdirilməsinə baxmayaraq, bu dövlət Ermənistana silah verməkdə davam edir:


“Münaqişənin ilkin mərhələlərindən aydındır ki, Rusiya bölgəni nəzarət altında saxlamaq üçün Ermənistandan bir vasitə kimi istifadə edir. Cənubi Qafqaz dövlətlərindən yalnız Ermənistanda Rusiyanın hərbi bazaları var. Rusiya Müdafiə Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri 1993-1995-ci illər ərzində Ermənistana qanunsuz olaraq ümumi dəyəri 1 milyard dollar olan silah və döyüş sursatı göndərdi. 2020-ci il iyulun 12-16-da Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatdan sonra iyulun 17-dən Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatdıqdan sonra müharibə qurtarana qədər, noyabrın 10-dək Rusiyadan Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcmi 400 tondan artıq olmuşdur”.

R.Dadaşova əlavə edib ki, Rusiya Cənubi Qafqazda öz forpostunu itirmək istəmirdi. Buna görə Azərbaycan Ordusunun qələbələrini görən Rusiya Ermənistanı xilas etmək üçün onu bəyanatın imzalanmasına məcbur etdi. Eyni zamanda, Rusiya Qarabağda münaqişə nöqtəsini saxlamaqda maraqlı idi:

“Birinci Qarabağ müharibəsnin sonlarında da vəziyyət belə oldu. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun rəhbərliyi ilə əks hücuma keçən Azərbaycan Ordusu torpaqlarımızın bir hissəsini azad etdikdə Rusiya bundan çox narahat oldu. Belə ki, Azərbaycan Ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Çiçəkli dağı və b. strateji yüksəkliklər ələ keçirildi, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı. Döyüşlərdə düşmən 4 min əsgər və zabit, 50 zirehli texnika, 15 artilleriya qurğusu və s. itirdi. Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təşvişə saldı. Rusiyanın hərbi yardımı ilə Ermənistanın işğallarının miqyasının genişlənməsi, təzyiqlər nəticəsində Azərbaycan 1994-cü il 12 may tarixli Atəşkəs haqqında sazişi imzalamağa məcbur oldu.

2016-cı il Aprel döyüşləri zamanı da belə oldu. Rəşadətli Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri və Seysulan kəndini, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyini və Cocuq Mərcanlını, Goranboy rayonunun Gülüstan kəndini, Tərtər rayonunun Qazaxlar kəndini və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yolları düşməndən azad etdi. Azərbaycan Ordusunun qələbələrini görən Rusiya müharibənin dayandırılması üçün təzyiq göstərdi”.

R. Dadaşova bildirib ki, Üçtərəfli Bəyanatın 3-cü bəndinə əsasən Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilməli idi:


"Bu bəndə də əməl olundu. 4-cü bənddə isə göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir. Bu bəndin şərtlərinə hələ də əməl edilməyib. Erməni silahlı qüvvələri sülhməramlı kontingentin yerləşdiyi ərazidən hələ də çıxmayıb. Halbuki Rusiyanın sülhməramlı kontingentinin yerləşdirilməsi erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel həyata keçirilməli idi. Eyni zamanda Rusiya Ermənistanı silahlandırmada davam edir, Ermənistanın həmin bölgəyə hərbi texnika gətirməsinə göz yumur. Azərbaycan ərazisinə erməni terrorçuları buraxılır. Ermənistanın rəsmi nümayəndələri bölgəyə gəlirlər. Yəni Rusiya Bəyanatdan irəli gələn müddəaya əməl etmir”.

Uğur Qismətli
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar