"Yanvar ayında Dövlət Dil Komissiyasının Monitorinq Qrupu yaradılıb. Bu, yaxşı haldır. İndiyədək belə bir qrup yox idi. Komissiya da, Dilçilik İnstitutumuz da iş görür, dilin qorunması ilə bağlı problemlər yaddan çıxmır. Amma hesab edirəm ki, bütün bunlar yetərli deyil".
Bakupost.az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Dil Qurumunun sədri Sabir Rüstəmxanlı "Qanunlarımızın və kargüzarlıq sənədlərinin dili" mövzusunda keçirilən elmi müzakirədə bildirib.
O qeyd edib ki, bu gün qanunlarımızın dili ilə bağlı ciddi problemlər mövcuddur:
"Əlbəttə, qanun yaradıcılığı çox çətin işdir. Azərbaycanda bunun elə də böyük ənənələri yoxdur. Hər şeyin birdən-birə düzələcyini gözləmək də çətindir. Bununla belə, biz niyə bu gün məhz qanunlarımızın dili, dəftərxana məsələsini gündəmə gətirmişik? Çünki qanunların dili dərhal cəmiyyətin bütün təbəqələrinə yayılır. Bizim ədəbi dildə problemimiz yoxdur. Nəsrimizin, şeirimizin dili təmiz və gözəldir. Amma dəftərxana və protokol dilinə gələndə, vəziyyət bir az fərqlidir. Bu məsələ üzərində bir az çalışmaq lazımdır".
S.Rüstəmxanlı bildirib ki, yaradıcı yanaşma olmadığına görə yabançı sözlər öncə qanunlarımıza, sonra da işlək dilə yol tapır:
"Təhsil qanunu dilimizə "adyunktura", "akkreditasiya", "distant təhsil", "informal təhsil", "innovasiya", "kampus", "rezidentura", "kurikulum", "təhsil françayzinqi" kimi anlayışlar gətirib. Bunlar təkcə bir qanundadır. Halbuki, Təhsil qanunumuz mükəmməl olmalıdır".
S.Rüstəmxanlı "Qiymətli kağızlar bazarı haqqında" qanunun da çətin tələffüz olunan, anlaşılmaz əcnəbi sözlərlə zəngin olduğunu bildirib. O, qeyd edib ki, son vaxtlar geniş yayılan bu sözlərin Azərbaycan dilində uğurlu qarşılığını tapmaq mümkündür:
"Mən ana dilimizə bu cür etinasiz münasibətdə hüquqşünasların dili ilə desək, cinayət tərkibi və qəsd görürəm. Bəzən hansısa əcnəbi söz işlədiləndən sonra onun öz dilimizdə izahı verilir. Halbuki, əksinə olmalıdır, öz sözümüz anlayış kimi qəbul edilə, yabançı termin də əlavə bilgi kimi verilə bilər ki, beynəlxalq ünsiyyətdə onlardan istifadə olunsun".
Ətraflı videoda...
Zaur, BakuPost