Ru
17:59 / 25 İyun 2019

"Dedi, sənin üçün illər var, mənim üçünsə yalnız saatlar" Şahbaz Xuduoğlu Şirməmməd Hüseynovdan yazdı:

3504
 

"Qanun" Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Azərbaycanın ötən gün rəhmətə gedən görkəmli jurnalisti Şirməmməd Hüseynovla bağlı xatirələrini yazdığı gündəliyini paylaşıb. 


Bakupost.az-ın xəbərinə görə, Xuduoğlu Ş.Hüseynovla hər görüşündə gündəliyinə yazdığı qeydləri, onunla söhbətlərini və xatirələrini özünün feysbuk səhifəsində yayıb.

 

"Böyük ustadımıza Allah rəhmət eləsin!


Gündəliyimi vərəqlədim. Şirməmməd müəllimlə bağlı bəzi qeydləri paylaşmaq istədim.


14 mart 2014


BDU-nun professorları Qanuna dəstək üçün redaksiyamıza gəldilər.


Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin professoru, əməkdar-jurnalist, Prezident təqaüdçüsü, 90 yaşlı Şirməmməd Hüseynov:

"Respublikada 500-ə yaxın nəşriyyat var. Mən bunların çoxu ilə bilavasitə əlaqədaram. Amma "Qanun" Nəşriyyatını seçmişəm. Nə üçün? Mən təmənnasız olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövlətini yaradan M.Ə.Rəsulzadənin əsərlərini 50 ildir ki, toplayıram və nəşr edirəm. Xüsusilə müstəqillik dövründə, indiki zamanda kitab nəşr etmək məlumdur ki, problemdir. Mənə bu işdə ən çox yardım edən "Qanun" Nəşriyyatıdır. Bu nəşriyyata mən M.Ə.Rəsulzadə əsərlərinin dördüncü cildini verdim, pulsuz-parasız nəşr etdirirəm, 2013-cü ildə. Yenə həmin il M.Ə.Rəsulzadənin «Bakı və Azərbaycan tarixinə dair» (1918-19) əsərini verdim və nəşr etdilər, pulsuz və parasız. Yenə həmin il Ömər Faiq Nemanzadənin «Nəşri Asarə dəvət» (1905) əsərini verdim, pulsuz və parasız nəşr etdilər. Belə bir nəşriyyata respublikada kim rast gəlib? Bunu bilmək və qiymətləndirmək lazımdır, cəzalandırmaq yox. 90 yaşında kişi yalan danışmaz”.


17 aprel 2014 cü il


Şirməmməd Hüseynov gəlmişdi. Məmməd Əmin Rəsulzadənin əsərlərinin növbəti cildini nəşrə gətirmişdi. Yanında gənc tələbəsi ilə. Deyir ki, bu gəncə deyirəm, gedək nəşriyyata, deyir, bəlkə sabah gedək, bu gün başqa işlərim var. Deyirəm, gənc sənin üçün sabah, gələn ay, gələn illər var. Mənim üçün isə yalnız saatlar. Sabaha qalmaq olmaz.

 

***

 

Mən indi ictimai nəqliyyatdan istifadə edə bilmirəm. Mənim yaşım üçün onlar çox ləngdirlər. İndi yalnız sürətli taksilərlə hərəkət edirəm. Qalan vaxt evdə işləyirəm. 

 

***


O vaxt mən elmlər doktorluğu müdafiə etmədim, çünki humanitar sahədə doktor olanların hamısı öz xalqı və öz tarixinin əleyhinə yazmalı idi. 

Doğrudur, mən doktor olmadım, amma Məmməd Əmin Rəsulzadənin, Üzeyir bəyin əsərlərini topladım. Mən olmasam da, o əsərlər olacaq. Amma o doktorların indi nə özləri, nə də əsərləri var.


23 dekabr 2015

 

Dünən Şirməmməd Hüseynovun İmza Günü idi. Formatı elə düşünmüşük ki, İmza verənlər danışmır, sadəcə kitablarına imza atır və şəkil çəkdirirlər. Gənclərdən biri Cümhuriyyət tarixi ilə bağlı Şirməmməd müəllimə sual verdi, o da Cümhuriyyət tarixini başdan ayağa böyük bir şövqlə o gəncə danışdı. Kənardan keçənlər belə ayaq saxlayıb onu maraqla dinləyirdilər.


30 iyun 2016

 

Şirməmməd müəllim nəşriyyata gəlmişdi


"Bəxtiyar 23 idi, 25 oldu. Müharibəyə görə”.

"Uşaq andan olanda qeydiyyat olmayıb Quranın üstünə yazılırdı. Sovet hökuməti gəldi mollaları tutmağa başladı. Camaat evdə olan ərəb əlifbası ilə kitabları atdılar”.


"Bəxtiyar kitabının üstünü mənə yazmışdı ki, deyəsən çox yaşadıq.

Mən də ona yazdım ki, havayı yaşamadın, yaşamayacağıq da. Daha millət üçün işləyən vaxtdır. Cənnətdə yer yox, Cəhənnəmdə də. Deyəsən, Şəkiyə qayıdası olacayıq”.

Bir lətifə danışdı 

"Şəkililər öküz arabasında gedirlər Yevlaxa. Gecə Cəfərabadda dayanırlar. Arabanın səmti Yevlax tərəf imiş. Gecə lotular kəllərin səmtini Şəkiyə tərəf döndərirlər. Yolçular səhərə yaxın doluşurlar arabaya, mürgüləyirlər. Xeyli gedəndən sonra biri deyir ayə durun, durun deyəsən bu Yevlax Şəkiyə oxşayır e”.


Şirməmməd müəllimdən soruşuram:

-Qulu müəllimdən nə xəbər var?

-Heç nə, Qullu müəllim yavaş-yavaş olur ULU müəllim".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər