Ru
22:00 / 31 Avqust 2022

Sən narın yağış kimi elə hopmusan qəlbimə... - VİDEO

Sən narın yağış kimi elə hopmusan qəlbimə... - VİDEO
Eye

Bakupost.az “Gecə pıçıltıları” rubrikasında Xalq şairi Balaş Azəroğlu ”Sən narın yağış kimi” şeirini və həmin şeirin Xalq artisti Məmməd Səfa tərəfindən səsləndirilmiş auido variantını təqdim edir:


Sən narın yağış kimi



Elə hopmusan qəlbimə
Sakit-sakit,aram-aram
Yağış yağar, yer doymaz
Mən də səndən doymaram
Gözüm gözündən doymaz
Qulağım səsindən…
Sinəm nəfəsindən…


Deyirlər bu dünyada ən ülvi sevgi,
Səssiz, sözsüz məhəbbətdir…
Axı dilə-ağıza salmaz sevən-sevəni.
Mənə də sənin eşqin kifayətdir.


Nəyə lazım hamı bilə, sevirəm səni.
İstəmirəm şıdırğı yağış kimi,
Selə suya dönəsən…
Ya da şimşək olub,
Tez çaxıb, tez də sönəsən…
Mən də nə yağışına islana bilim,
Nə oduna yana bilim…
Neynirik nağıl olub,
Dillərə düşən şöhrəti…
Neynirik dağ çayına,
Dönən məhəbbəti…
Yamacda hay qopara
Səhrada nə səsi, nə izi qala.
Ürəklərə hopmuya,
Hər yanda sözü qala.


Sən elə narın yağış ol, əzizim,
Yağ sakit-sakit, aram-aram.
Yağış yağar, yer doymaz,
Mən də səndən doymaram…




****




Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakıda anadan olub. İlk mətbu şei ri "Dnepr" 1937-ci ildə Bakıda çapdan çıxıb.
1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoşulur (1941). Bu da onun yaradıcılığında siyasi lirikanın ön plana keçməsində mühüm rol oynayıb. İran Xalq Partiyasına daxil olur (1942). "Azərbaycan zidd faşist cəmiyyəti"nin Ərdəbil vilayəti şöbəsinə sədr seçilir (1943). Bu cəmiyyətin orqanı "Yumruq" qəzetinin redaktoru olur. "Vətən yolunda" qəzeti redaksiyasının müsabiqəsində "Səttarxan" şei rinə görə mükafata layiq görülür. Azərbaycan Demokratik firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, "Cövdət" qəzetinin redaktoru, "Şairlər məclisi"nin Ərdəbil şöbəsinin rəhbəri olur (1943–1945). Təbrizdə Milli hökumət tərəfi ndən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunur. "Yazıçılar və şairlər cəmiyyəti"nin idarə heyətinin üzvü seçilir (1946).


Ərdəbildə və Təbrizdə ilk şeir kitabları (1943, 1945) dərc olunub. Bakıda ADU-nun fılologiya fakültəsində təhsil alır (1947–1952). Eyni zamanda, Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsində çalışır. ADF MK-nın orqanı "Azərbaycan" qəzeti redaksiyasında ədəbi-bədii şöbənin müdiri (1948–1953), sonra məsul redaktor (1953–1956), ADF MK-da təbliğat şöbəsinin müdiri (1956–1958), Azərbaycan Ali Partiya məktəbində xüsusi fakültənin dekanı (1958–1959) işləyir. ADF MK-nın sədr müavini (1959–1963) seçilir.


O, İran Xalq partiyasının və ADF MK-nın üzvü, SSRİ-də yaşayan iranlı siyasi mühacirlər cəmiyyəti Azərbaycan şöbəsi rəyasət heyətinin üzvü olur. Bununla yanaşı, Azərbaycan SSR Yazıçılar İttifaqının plenum üzvü və katibi seçilir (1981). Çoxcildlik "Azərbaycan ədəbiyyatı"nın müəlliflərindən biridir. Farscadan dilimizə çevirdiyi Nizaminin "Yeddi gözəl" poemasını (1992, "Yazıçı"), Füzulinin qəzəllərini çap etdirir. Şəhriyardan tərcümələri var.


17 mart 1997-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.


24 aprel 2011-ci ildə vəfat edib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar