SİZDƏ BELƏ ŞƏKİLLƏR VARMI? – Şahbaz Xuduoğlunun yazısı

1383

Xoca döngə

Foto albomumun arasından əlimə köhnə bir şəkil keçir.
Əvvəlcə bu fotonun harada çəkildiyini müəyyən etməyə çalışıram. Dərhal tanıdım - Xoca döngə. 
Köhnə bir fotodur, qıraqları tam bozarıb, ölçüsü də kiçikdir, əli içi boyda: "Polaroid”dan çıxmış şəkillər kimi. 
Gözə ilk dəyən şəkilin fonudur: arxada Xoca döngənin kol-koslu, daşlı-qayalı, aşağı hissəsi mayilii və qabarıq, yuxarı hissəsi isə pilləli olan yamacları və keçəl təpəsi görünür, üstündə parça-parça dolmuş buludlar. Foto ağ-qara, təbiət rəngsizdir. Ot hələ biçilməyib, otarılmayıb, milyon rəngə çalan dağ çiçəklər nöqtə-nöqtə ləkələr kimi görünür. Sarıçiçək, çobanyastığı, dəvədabanı, eşşəkqanqalı, kəklikotu, pişik alması, zirinc və başqa adını bilmədiyim saysız-hesabsız yaşıllıqların bol olduğu yerlərdir. 

Adamların əyni qalın, topa halında durublar - hamı aydın düşüb. Fotoqraf özünə elə bir mövqe seçib ki, kameranın tutmadığı kimsə qalmayıb: uşaqlar, böyüklər, cavanlar. İlk sırada – öndə olanlar yerə çöküb, arxadakılar isə ayaq üstədilər. Çömbələnlər yaşlılardı, cavanlar arasında əsgər geyiminə bənzər qiyafədə olanlar çox fərqli görünürlər. Hətta boz şəkildə belə, rəng fərqi, boy-biçim fərqi aydın seçilir.

Atam çənəsini ağaca dirəyib, duruşunda bir arxayınlıq var, həm də özünə əminlik. Qabağında çömbələn babamdı, əyində sırıqlı, başında qulaqlı papaq, bir əli dizinə pərçimlənib, digərilə ağac tutub, ayağa qalxmağa hazırlaşan kimi görünür. Foto ağ-qara olsa da, saqqalının çallığı aydın görünür.

Çoxunun ayağında boğazlı çəkmə var, babamda və dəstənin digər başında babam kimi çökərək oturmuş qocanın ayağında isə çarıqdı. Babamın dizinə dirsəklənən aşırma şalvar geyinən uşaq, ya mənim böyük qardaşım Sabirdir, ya da Mədət. 

Fotonun üstündə heç bir tarix yazılmayıb. 1950-ci illərin sonu, 60-ların əvvəli olar, yəqin. 

Şəkilin sol başında babam kimi çömbəli oturmuş ahıl adam, güman ki, babamın qardaşlarından birirdi – ya Əvəz, ya Şaban baba. Onun yanındakı uşaqlar isə nəvələri Misirxan və Səxavətdi. 

Ortada adlarını bilmədiyim, üzlərini heç zaman görmədiyim, yaxud artıq aramızda olmayan xeyli sayda adamlar var. 

Əslində, babamı da heç zaman görməmişəm. Mən doğulandan 6 ay öncə ölüb. İçimdə belə bir hiss yaranır ki, əgər başı üstünə ağacına dirsəklənib dayanan şəxs atam olmasaydı belə, yəqin o ayağa qalxmağa hazır kimi görünən çal saqqal kişinin babam olmasına heç bir şübhə etməzdim. 
Babamın gözləri tez tutulub. Əminəm ki, bu şəklidə onun gözləri görmür. Diqqətlə baxanda onu sezmək olur - hamı fərəqət durumundadır, o isə süst. Hamı kameranın gözünə baxır, o isə yerə. Həm də oturması elədir ki, sanki oturmayıb, sadəcə quş kimi yerə qonub və bu dəqiqə uçub gedəcək... 
Gözləri görməyənlər hətta oturanda da onu gizlədə bilmirlər.

Ortadakı şən və şux görünənlər, yəqin ruslardı. Narahat yolları olan bu yerlərə piyada, yaxud at belində gəlib belə gümrah görünmək mümkün deyil. Demək, ən yaxındakı sərhəd qoşunlarına aid olan hərbi hissədən gəliblər - Alar kəndinin üstündə bütün bu bölgənin yüksəkliklərinin, o cümlədən Xəzər sularından başlayaraq Biləsuvar və Aran torpaqlarının da göründüyü və İran tərəfini də müşahidə etməyə imkan verən hərbi hissədən. Şəkildə helikopter də gözə dəymir. Xoca döngənin yamacındakı kiçik bir yastanda qaraltılar görünür, yəqin camaatın yaşadığı komalardı... 

Ruslardan biri əlində fotoaparatın futlayarını, ayaqlarının arasında isə çiyin çantası saxlayıb, digərinin əlində silahdan başqa heç nə yoxdur. Başqa birisinin əynindəki enli yapıncısı üstündə olanları gizlədir, silahının qundağı isə bayırdadır, ayaqların arasında tutduğu da aydın deyil.

...Sovet İttifaqında 60-ci illər yumşaq aclıq dövrü olub. Şəhərlərdə, rayon mərkəzlərində ərzaq qıtlığı yaşanırdı. Bir pay çörək üçün səhərə qədər növbəyə dururdular. Dağ camaatı isə fərqli idi, onlar Sovetin yox, təbiətin qanunları ilə yaşayırdılar. Buğda ununa görə əziyyət çəkirdilər, amma kartofdan, arpadan, çovdardan qarışdırıb qarınlarını doydura bilirdilər. Qışda yaz-yay ehtiyatını yeyərdilər. Pendiri, şoru quzu və keçi dərilərinə yığıb tavanın altında asardılar. Kartofu isə quyu qazıb, orda basdırardılar. 

Dağlarda hər bir evin öz ehtiyatı olur. Təbiət insana yalnız bir müddət yardım edə bilir - otları, meyvələrilə. Ondan sonrakı vaxtlarda insanı ayaqda saxlayan yalnız süddür. Bəzən qış boyu bir keçinin südünə bir ailə yaşayırdı.

Deyilənə görə, dağ camaatı dağların hesabına aclığın müdhiş mənzərəsinin şahidi olmayıblar. Təbiət oyananda mətbəx də dada gəlirdi: horra, göy qovurması, səbzi... Hər gün ailədən kimsə yalnız göyərti yığmağa gedərmiş. Meşokla yığarmışlar. Sonra təmizləyib yemək hazırlayıblar. Otu bilmədən yeyənlər zəhərlənərmişlər. Bundan hətta ölənlər də olub, 

Mən aclıq illərini yaşamamışam, amma atamın "bu quru çörəyi batırmağa bir ağartı da olsaydı, lap yerinə düşərdi; süd, ayran, ya qatıq - fərq etməz” deməsi aclıq illərinin səsi kimi mənə çatır və hələ də qulağımda cingildəməkdədir...


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər