Soçi görüşü əslində niyə təxirə salınıb? - ŞƏRH

915
"Azərbaycan və İran prezidentlərinin son telefon danışığı ondan xəbər verir ki, Moskvada üçlü – Rusiya, Azərbaycan və İran zirvə görüşünün təxirə salınmasının səbəbkarı nə Bakıdır, nə də Tehran”.

Bakupost xəbər verir ki, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O xatırladıb ki, Moskvada Azərbaycan və İran prezidentləri ayrıca görüşməli idilər və bunun anonsu günlər öncədən verilmişdi:

"Onlar bu görüşdə maraqlı idilər, ancaq onlardan asılı olmayan səbəbdən (Kremlin elan etdiyi "texniki səbəb”) görüş baş tutmadı. Ona görə də İran və Azərbaycan prezidentləri heç olmazsa telefonla fikir mübadiləsi aparmağa ehtiyac duydular.

Amerikanın ağır sanksiyalarının təsiri altında olan İranın qonşu ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığa daha artıq əhəmiyyət verməyə başlayıb. Bunu İran prezidenti Həsən Ruhaninin azərbaycanlı həmkarı İlham Əliyevə telefonla söhbətdə işlətdiyi ifadələr də göstərir. İlham Əliyev də əməkdaşlığın inkişafının əleyhinə deyil, tam əksinə, İranı Ermənistanla birgə layihələrdən uzaqlaşdırmaq rəsmi Bakının əsas vəzifələrindən biridir. Sadəcə, Həsən Ruhanin telefonda söylədiyi bir cümlə diqqəti cəlb edir. İkitərəfli təmaslardan məmnuniyyətini dilə gətirən Həsən Ruhani deyib: "İki ölkə arasındakı razılaşmaların yerinə yetirilməsinin sürətləndiriləcəyinə ümid edirəm”.

Elxan Şahinoğlu prezidentlərin danışğındakı pərdəarxası məqamlara da toxunub:

"Hansı razılaşma ləng həyata keçirilir ki, Həsən Ruhani sürətin artırılmasını arzu edir? Bəlkə söhbət Azərbaycanın Rəşt-Astara dəmiryolunun tikintisinə ayırmalı olduğu 500 milyon dollar razılaşmasından gedir?

Amerika İranla bank köçürmələrinə qarşı sanksiyalar tətbiq edir. Ona görə də krediti ayırmaq asan məsələ deyil. Azərbaycanla İran arasında kredit razılaşması ABŞ prezidenti Barak Obamanın dövründə əldə olunub. Həmin dövrdə isə ABŞ-ın İrana qarşı indiki sanksiyaları qüvvədə deyil, əksinə, nüvə razılaşması əldə olunmuş və İran iqtisadi inkişafa ümid edirdi. Donald Trampın prezident seçilməsi ilə bütün razılaşmalar pozuldu. Əlbəttə, Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin işə düşməsində maraqlı olan ölkədir, ancaq bizdən asılı olmayan reallıqlar da yaranıb ki, Tehran bunu nəzərə almalıdır. Bu reallıqlarla hətta bəzən Rusiya hesablaşır. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin İranın xarici işlər naziri Məhəmməd Zərif ilə görüşdən bir neçə gün sonra belə ifadə işlətmişdi: "Biz yanğınsöndürən maşın deyilik ki, hər yerə özümüzü çatdıraq”. Yəni Putin demək istəyirdi ki, əlbəttə, Rusiya İranla tərəfdaşlığına və əməkdaşlığına davam edəcək, ancaq İranı Amerikanın sanksiyalarından qurtara bilməyəcək. Putinin təbirincə desək, Azərbaycan da yanğınsöndürən maşın deyil”.

Qeyd edək ki, Rusiya, Azərbaycan və İran prezidentleri arasında keçiriləcək Soçi görüşü təxirə salınıb.

Xatırladaq ki, görüşün texniki səbəblərə görə təxirə salındığını Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər